cerez

Çərəzlərin bilinməyən FAYDALARI

Baxış sayı: 858

Çərəzlər zəngin tərkibi baxımından orqanizmin gündəlik vitamin və mineral tələbatını, eyni zamanda beyinin təbii yağlara olan ehtiyacını ödəyir. Tərkibindəki lif, vitamin, mineral və antioksidantlar bir çox xəstəliyə qarşı qalxan rolunu oynayır.

“Gencaile.az” saytı  Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə istinadən məlumatına görə, çərəzlər qovrulan zaman qidalılıq dəyəri azalır.

Buna görə də onların qovrulmamış və ya çox az qovrulmuş halda istehlakı tövsiyə olunur.

Qoz – orqanizmin ehtiyacı olan bitki tərkibli Omega – 3 yağ turşusunu təmin edən tək çərəz olmaqla, yağ, zülal, karbohidratlar, C vitamini, B qrup vitaminləri, maqnezium, manqan, sink, fosfor, E vitamini və alfa-linolenik turşusu kimi komponentlərlə zəngindir.

Qoz sinir sisteminə müsbət təsir göstərir, damarların kirəcləşməsinin qarşısının alır, xolesterol səviyyəsi və qan şəkərinin stabilləşməsinə kömək edir. Eyni zamanda lif, protein sayəsində Alzheimer xəstəliyi və şəkərli diabetin yaranmasını ləngidir, sümüklərin güclənməsi və dəri hüceyrələrinin cavan qalmasını təmin edir.

Fındığın tərkibində olan yağların 96 %-i orqanizm üçün faydalı olan doymamış turşular – olein və linolindən ibarətdir. Həmçinin zülal, karbohidrat, doymamış yağlar, E və B qrupu vitaminləri, yüksək miqdarda kalium, kalsium və natriumla zəngindir. Fındıq immun sistemini gücləndirir, sinir sistemi, bağırsaq üşün faydalıdır, diabet riskini azaldır, xərçəngə qarşı orqanizmi qoruyur, beyin fəaliyyətini və zehni qabiliyyəti yaxşılaşdırır, əzələləri gücləndirir, hüceyrələri yaşlanmaqdan qoruyur, toxluq hissini artırır.

Badam lif, doymamış yağ turşuları ilə yanaşı, E və B qrupu vitaminləri, maqnezium, kalsium, fosfor, dəmir və mis kimi minerallarla zəngindir. Dadına görə badam acı və şirin olmaqla 2 növə bölünür. Ürək-damar xəstəliklərinə qarşı faydalıdır, qan təzyiqini tənzimləyir, beyinin fəaliyyətini yaxşılaşdırır, qanda şəkərin səviyyəsini tənzimləyir, sümük əriməsini əngəlləyir. Maddələr mübadiləsini sürətləndirmək üçün badamın ac qarınına istehlakı tövsiyə olunur.

Qablaşdırılan çərəzlər alınarkən buraxılış və son istifadə tarixinə mütləq nəzər yetirilməlidir. Düzgün şəraitdə saxlanmayan çərəzlərdə zəhərli toksin – aflatoksin yaranır. Aflatoksin – kiflər məhsulun üzərində pambıq kimi, bəzən də rəngli şəkildə özünü büruzə verir, məhsulun gözlə görünməyən dərin qatlarına qədər nüfuz edə bilir. Kiflərin səbəb olduğu zəhərlənmələr özünü qısa müddətdə göstərmir. Lakin uzun müddət kifli məhsulların istehlakı orqanizmdə sonralar ciddi fəsadlara yol açır. İstehlak olunmazdan əvvəl çərəzlərin mütləq yuyulması tövsiyə olunur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir