-3953630d169028779787573935010171671

Çaşıb dadına baxmayın: Ölümçül zəhərlidir

Baxış sayı: 468

Bitkilərdən daha gözəl, daha təhlükəsiz və daha təbii nə ola bilər? Ancaq ehtiyatlı olun, bəzən hətta öldürücü ola bilər.

 

Akonit

Rəvayətə görə, akonit, canavar qatili və ya lumbaqo otu kimi tanınan bitki pəhləvan Cerberusun zəhərli tüpürcəyinin düşdüyü yerdə böyüyüb. O, yeraltı dünyadan Herakl tərəfindən çıxarıldı və bu, Akoni şəhəri yaxınlığında baş verdi.

Akonit Avropanın ən zəhərli bitkilərindən biridir. Onun əsas zəhərli komponenti akonitin dəriyə nüfuz edən güclü neyrotoksinidir və bu, bitkinin bütün hissələrində olur.

 

Manşinel ağacı

Təbiət tez-tez rənglərin köməyi ilə insanlara “dəymə- səni öldürəcək” xəbərdarlığını edir. Lakin manşinel ağacının meyvələri (aka manzinilla və ya manchinell) adi yaşıl alma kimi zərərsiz görünür. Əslində isə onların tərkibində şiddətli ağrılara, qızdırmaya səbəb olan və hətta insanı öldürə bilən forbol toksini var. Yeri gəlmişkən, “Kapitan Bladın Salnamələri”ni oxumusunuzsa, o zaman Tortuqada dəniz quldurlarının içdiyi şərabın manzinilla şirəsi ilə zəhərlənməsi epizodunu xatırlaya bilərsiniz.

Manşinelin təkcə meyvələri ölümcül deyil, ağacın şirəsi də dərini yandırır, ona görə də leysan zamanı onun altında dayanmaq məsləhət görülmür.

 

Belladonna

Yabanı giləmeyvə olan belladonna planetin ən məşhur zəhərli bitkilərindən biridir. Bu bitkinin bütün hissələri zəhərlidir, çünki onların tərkibində ağır zəhərlənməyə səbəb olan atropin qrupunun alkaloidləri var. Qəribədir ki, ölüm saçan bu bitkinin ənənəvi adı “gözəl qadın” mənasını verən italyan sözündən gəlir. Qədimdə İtaliyada qadınlar bəbəklərini genişləndirmək üçün gözlərinə belladonna şirəsi qoyurdular. Beləliklə, onların gözləri daha böyük və daha cazibədar görünürdü.

Belladonna uşaqlar üçün xüsusilə təhlükəlidir, çünki onun parlaq qara giləmeyvəsinin dadı şirin olsa da ölümcüldür. Qədim dövrlərdən bəri yabanı giləmeyvə çox vaxt zəhər kimi və ya dərman kimi istifadə olunur.

 

Gənəgərçək kolu

Dünyanın ən zəhərli bitkisi adına iddiaçılardan biri də Afrikada bitən və Yer kürəsinin isti tropik və subtropik bölgələrində geniş yayılmış gənəgərçək kol bitkisidir.

Təhlükə bitkinin toxumlarında cəmlənmişdir: cəmi  dörd toxum bir yetkini öldürə bilər. Onların tərkibində olan toksalbumin toksininin sianiddən 6000 dəfə zəhərli olduğu düşünülür. Maraqlıdır ki, məşhur dərman və kosmetik məhsul olan gənəgərçək yağı da gənəgərçək paxlasının toxumlarından alınır. Zəhərini yox etmək üçün yağ isti buxarla işlənilir.

 

Serberus

İntihar ağacı “Cerbera odollam”ın təkcə Hindistanın Kerala əyalətində ildə təxminən əlli qurbanının olduğu iddia edilir.

Həmişəyaşıl ağac və kolların bu cinsi cəhənnəm iti Serberusun adını daşıyır və onun toxumlarında ürək ritmini pozan serberin adlı son dərəcə zəhərli qlikozid var.

 

Sancan ağac

Dünyanın ən təhlükəli bitkilərindən biridir. Gicitkən kimi dərini dalayır, lakin ağrısı kiçik bir narahatlıqla keçmir, insanı öldürə də bilər. Bu bitki şiddətli ağrıya səbəb olan iriyarpaqlı koldur. Ağrı aylarla, hətta illərlə davam edə bilər. Bunun səbəbi bitkinin tərkibində yer üzündəki ən ölümcül canlılardan biri olan konus ilbizinin bədənində istehsal olunan bir toksinə bənzər neyrotoksinin olmasıdır.

Tədqiqatçılardan biri kolun “sancmasının” təsirini turşu yanığı və elektrik şokunun birləşməsi kimi təsvir etdi. Bu ağacın sancmasından itlərin və atların öldüyü məlumdur.

 

Abrus

Bu zəhərli bitkinin gözəl, parlaq qırmızı toxumları əvvəllər təsbeh hazırlamaq üçün istifadə olunurdu. Hindistanda satılan bilərziklərdə və ya boyunbağılarda muncuq kimi istifadə olunur.

Abrusun toxumları bitki toksini abrin ehtiva edir. Bu bitkinin toxumlarını təsbeh düzəltmək üçün ipə keçirərkən qəfildən barmaqlarına iynəsi batan an dünyasını dəyişən sənətkarlar haqqında təsdiqlənməmiş məlumatlar var.

 

Oleandr

Dünyadakı ən ölümcül bitkilərdən biri də bağlarda, parklarda və həyətlərdə bitən məşhur bir koldur. Oleandr çox gözəl çiçək açır –  toppuş yarımkürələr formasında ləçəklərin rəngləri ağdan tünd qırmızıya qədər dəyişir.

Bitkinin bütün hissələri- kökündən nektarına qədər zəhərlidir. Onun tərkibində nerioside və oldendrin kimi toksinlər var. Bitkinin şirəsi ilə təmasda olmaq və ya oleandrin hissələrini yemək ishal, qusma və ürək döyüntüsünün dəyişməsi ilə nəticələnir. Deyilənə görə, hətta yanan bitkinin tüstüsü də zəhərlidir.

 

Zəhərli veh (çikuta)

“Umbelliferae” ailəsindən olan hündür (bəzən bir metrə qədər) gözəl bitki kərəvizi xatırladan xoş bir qoxu yayır. Amma onun çaşıb dadına baxmayın, ölümcül zəhərlidir. Rəvayətə görə, filosof Sokratı zəhərləyən bu bitkinin şirəsi olub.

Bitkinin tərkibindəki konin alkaloidi motor sinirlərin fəaliyyətini pozur, bu da qıcolmalara və boğulma nəticəsində ölümə səbəb olur.

 

Sosnovski otu

Əgər şər qüvvələr bir-birinə buket versəydilər, onlar Sosnovski bitkisindən ibarət olardı, Bu bitki Rusiyanın Mərkəzi və Şimal-Qərb bölgələrində yayılmış əsl eko-terrorçudur. Eyni zamanda, ondan qurtulmaq asan deyil, bitkinin dözümlülüyü, digər bitkiləri yerindən çıxarmaq qabiliyyəti və yayılma sürəti heyrətamizdir. O, bütün meşələrdə bitə bilər, digər bitkilərin öldüyü yerdə – məsələn, əhəng karxanasında belə inkişaf edir.

Bu bitki ilk növbədə çox ağrılı yanıqlara səbəb olan zəhərli suyuna görə təhlükəlidir. Bir damla şirəsinin dəriyə dəyməsi kifayətdir ki, Günəş işığına çıxan zaman reaksiya gedir və ağır yanıqlarla ölümcül nəticəyə səbəb olur.

 

Nubar Süleymanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir