Azərbaycanın tanınmış bəstəkarı, Yakın Doğu Universitetinin professoru Cavanşir Quliyevin Aile.lent.az-a müsahibəsini təqdim edirik.
– Bakıya çatanda ilk olaraq hara və kimi görməyə gedirsiniz?
– Təbii ki, burada dostlarım var. Əslində ildən-ilə görürəm ki, tanıdığım adamların sayı azalır, həyatdan köçürlər. Təbii prosesdir. Artıq yarpaq tökümü yaşıdlarım arasında da başlayıb. Dostlarım, tanışlarım arasında vəfat edənlər olur. Getdikcə çevrə daralır, azalır. Bunlardan başqa, Azərbaycanın ən böyük televiziya rejissoru dostum Ramiz Həsənoğlu ilə daim əlaqə saxlayırıq, ona görə də çox zaman hava limanında o, məni qarşılayır. İlk olaraq bütün xəbərləri ondan eşidirəm.
– Neçə ildir həyatınızı Şimali Kiprdə, yəni Azərbaycandan kənarda qurmusunuz?
– Bu il yanvarın 1-də 10 il tamam oldu.
– Orada kiminlə yaşayırsınız?
– Musiqi alətlərim, kompüterim və özüm. Qızım İstanbulda yaşayır. Orada oxuyur, ailəsi var.
– Tək yaşamaq çətin deyil?
– Əgər sən bir işlə məşğulsansa, yox. Əgər işdən evə gələndə heç bir iş görmürsənsə, onda çətin olar. Çünki işdən sonra adam bilmir nə etsin. Ya özünə çevrə düzəldir, axşamlar gedir yeyib-içməyə, ya da başqa bir şey. Bu, adamın tərbiyəsinə, mədəniyyətinə baxır. Amma bir işlə məşğul olan adam üçün təklik tənhalıq deyil, sadəcə təklikdir. Tənhalıq pis şeydir. Lakin insan adamların əhatəsindəykən də tənha ola bilir. Tək olmaq hələ tənhalıq anlamına gəlmir. Sənin ömrünü həsr etdiyin işin varsa və bu işi hər yerdə görə bilərsənsə, heç vaxt tənha olmursan. İşinlə məşğulsan, sevgilin də odur, dostun da, düşmənin də. Bəzən ona hirslənirsən də. Onda təklik, tənhalıq hiss etmirsən, əksinə, faydası da var. Çünki evdə başqa bir adam olsa, həyatının bir hissəsini, vaxtını onlara həsr etməlisən. Təbii ki, ailən varsa, onlarla da məşğul olmaq lazımdır və vaxtın gedir. Ailənlə də məşğul olmalısan, amma bu iş də görülməlidir. Belə xırda şeylər çıxır və işin keyfiyyətinə də təsir göstərir. Ola bilsin sənət adamlarının kənarlaşıb tək yaşamalarının bir səbəbi də budur ki, tamamilə işləri ilə məşğul ola bilmirlər. Mənim bəxtim gətirib, çevrəmdə olan adamlar bunu hiss etdilər, nə qohum-əqrəbam, nə də dost-tanışım şəxsi həyatıma müdaxilə etmir. Bilirlər ki, mən tək qalmalıyam. Əslində mənim musiqi bəstələmə prosesimi dünyada heç kəs görməyib, tək Allahdan başqa. Bu, təklikdə olan prosesdir. O təklikdə yaratmaq imkanı olmalıdır adamın. Evimdə 6-7 uşaqlı ailə olsaydı, nə vaxt musiqi yazardım?
– Onda demək olar ki, siz şəxsi həyatınızı yaradıcılığınıza qurban vermisiniz?
– Qurban vermək yox, həsr etmişəm. Əksinə, mən xoşbəxtəm ki, Allah bu işlə məşğul olmağa imkan yaratdı, güc verdi, bacarıq verdi. Bunun üçün Allahıma, müəllimlərimə, valideynlərimə hər zaman minnətdaram. Bir daha doğulsaydım, həyatım yenə belə olacaqdı. Mən həyatımı öz istədiyim kimi qurmuşam. Buna görə də sabah ölüm qapını çalsa, heç tərəddüd etmədən rahatca gedəcəm. İstədiyi həyatı qura bilməyən insanlara yazığım gəlir, ölərkən onlar nakam ölürlər. Çünki istədikləri kimi yaşaya bilmirlər.
– Kişilərin çoxu həyatını tək başa vurmaqdan qorxur.
– Sən soruşmaq istəyirsən ki, mənim həyatımda qadın varmı, ya yox?
– Bəli, onu soruşmaq istəyirəm.
– Həyatımda iki qadın var: biri qızım, biri də nəvəm. Dünyada ən çox istədiyim adamlardır. Bütün həyatım, fəaliyyətim, gecəm-gündüzüm, düşüncəm, fikrim hamısı onlarladır.
– Axı onlar hər zaman, hər gün sizinlə olmur, bölüşmür, paylaşmır…
– Hamısı mənim sənətimdir: yastıq yoldaşım da, dərdləşdiyim də. Haramsa ağrıyanda, xəstələnəndə musiqi ilə məşğul oluram və xəstəliyim çəkilir. Hər halda musiqi ilə məşğul olduğum müddətdə məni narahat etmir. O, mənim üçün məlhəmdir, dərmandır, hər şeydir. Bir də ki, mənim yaşımda olan kişi artıq başqa şeylər düşünməlidir. Mən romantik sevgi yaşından çoxdan çıxmışam. Siz deyə bilərsiniz ki, sevgi hər yaşda olur. Bunu şairlər deyir. Amma real həyatda bəzən ya olur, ya olmur, birində olur, birində olmur. Aldanma ki, şair sözü əlbəttə yalandır. Bunu Məhəmməd Füzuli deyib. Qısası, onu deyim ki, həyatımda heç kim yoxdur.
– Amma məsələn, 10 il bundan əvvəl bu yaşda deyildiniz axı…
– Doğrudur. Lakin 10 il bundan əvvəl də bu vəziyyətdə idim. Yəni içim, daxili aləmim bu vəziyyətdə idi. Məsələn, Füzulidən üzü bu yana sevgi şairləri var. Bu heç də o demək deyil ki, o adamın həyatında, ətrafında qadın və ya qadınlar olub ki, belə yazıb. Ola bilsin adam məndən də tənha olub. Amma yazılarına baxanda başdan-ayağa sevgi var. Məsələn, adama elə gəlir ki, “Leyli və Məcnun”u yazan bir şair tənha ola bilməz, olmamalıdır. Ancaq tərcümeyi-halını araşdıranda görürsən ki, tənha olub. Yəni bunlar bir-biri ilə bağlı deyil. Bu, sənətdir, şeirdir, yazanın həyatı ilə bağlı olmaya bilər. Yazılanları mütləq müəllifin həyatında baş vermiş kimi qəbul etmək doğru deyil. Baş verə də bilər, verməyə də bilər. Eləcə də bəstəkarlarda. Mənim həyatımda sevdiyim bir qadın indi yoxdursa, necə musiqi yazıram? Məndən soruşa bilərlər ki, sevgidən mahnılar yazırsan, bəs həyatında varmı belə şeylər? Cavab verirəm ki, yox. Təəccüb edirlər ki, onda necə yazıram. Deyirəm, çox yaxşı, qələmi alıram əlimə, kağızı qoyuram qarşıma, yazıram.
– Ən azı o hissləri yaşayırsınız…
– Təbii ki, adam özünü o hislərə kökləyir. Ramiz Rövşən deyir ki, mən şeir yazmazdan əvvəl gərək özümü kökləyim. Yaradıcı insanlar da musiqi aləti kimi köklənir. Kökləmə 10 dəqiqə də ola bilər, bir saat da, 5 gün də. Hər dəfə başqa cür olur. Kökləmə prosesində sən aktyor kimi o rolu oynayırsan. Yəni varmış kimi davranırsan, guya həyatda da var.
– Heç vaxt romantik sevgi yaşamadınız?
– Yaşamışam bir dəfə. Çox gözəl də oldu.
– Siz də deyirsiniz ki, əsl sevgi bir dəfə olur?
– Sevginin tərifi yoxdur. Adam var 5 dəfə sevir, deyir ki, hamısı sevgi idi. Deyə bilməzsən ki, heç biri sevgi deyildi, ehtiras, əyləncə idi. Bəzən buna könül əyləncəsi deyirlər. Hər kəs özlüyündə hesab edir ki, dünyada heç kəs ondan yaxşı sevə bilməz, ən dərin sevgi onunkudur. Ayrılanda, bir-birilərini ittiham edəndə deyirlər ki, “mən səni həyatımdan artıq sevirdim, sən bunu dəyərləndirmədin”. Əks tərəf də bunu deyir. Amma elə idi, ya yox, bilmirsən, çünki sevgidə ölçü vahidi yoxdur. Ona görə də mən bu sualın konkret cavabını verə bilməyəcəm. Mən bir dəfə sevdim.
– Demək ki, vəfalı insansınız. Bəs deyirlər kişilər vəfasız olur?
– Düzdür. Qadınlar daha çox vəfalı olur. Qadınlar sevdiyi kişiyə xəyanət etməz. Amma kişilər edir. Kişilər xəyanət edir və deyir ki, Allah məni bağışlayar, qadınım bilsə, o da bağışlayar. Lakin qadın heç vaxt xəyanət etmir, çünki özü-özünü bağışlamır. Mən belə düşünürəm, belə də görmüşəm.
– Mahnılarınızın konkret ünvanı olub?
– Yox, olmayıb. Mən özümə bu işi qadağan etmişəm. Bu, peşədir, ondan sui-istifadə etməzlər. Təxminən belədir ki, sən bir vəzifədəsən, o vəzifəni şəxsi mənafeyin, şəxsi işlərin üçün istifadə edirsən. Məsələn, sənə idarə avtomobil veriblər, həmin avtomobillə uşaqlarını bazara, dükana yollayırsan, həyat yoldaşını salona aparıb gətirirsən. Bunlar vəzifədən sui-istifadədir. Yaradıcılığı da həyatdakı hadisələrə həsr etmək bir az düzgün deyil. Xüsusən də sevgi-məhəbbət məsələlərində. Təbii ki, proqramlı musiqi deyilən musiqi tipi də var. Bu əsərlər konkret baş vermiş hadisələrə musiqi təcəssümü olaraq yazılır. Bu, başqadır, orada bu açıq deyilir. Məsələn, mən “Əsgər marşı” yazmışdım. Bu məzmunundan da bəllidir ki, nədir. Bu cür əsərlər var. Amma sizin dediyiniz başqa şeydir. İnsanın başına gəlmiş hadisələri əsərə tökməyin əleyhinəyəm. Mən bunu etmirəm. Lakin edənlər var. Hesab edirəm ki, peşə insanlara bunun üçün verilmir. Sənin yazdığın əsər, tək sənin üçün deyil, hamı üçün olmalıdır. Əsəri hamıya tutuşduraraq yazmaq lazımdır. Amma sən bunu tamaşaçıya yox, içində tutduğun bir adama yazmısan axı. Olmaz, mən belə şeyi qəbul etmirəm.
– Heç kimdən ilhamlanmamısınız da? Yaxud sizə bir mahnı yazacaq qədər hansısa duyğular bəxş edən insan olmayıb?
– Yox. Qadın məni ilhamlandıra bilər. Lakin ilham mütləq musiqi deyil. İlham başqa şeydə də çıxa bilər. Amma mən onu musiqiyə töküm, olmayıb. Bəli, əsərlərimi bəzən hər hansı insana və ya insanlara həsr etmişəm, bu, başqa şeydir. Bu o demək deyil ki, insan o əsərin içində də var. Elə bir qayda var, əsərləri kiməsə həsr edirlər. Bu o deməkdir ki, həsr etdiyin adamı bir növ bir az əbədiləşdirmək kimi bir şeydir. Sənin əsərinin başında onun adı yazılacaqsa, əgər əsər də yaxşı əsər olacaqsa, keyfiyyətli çıxacaqsa, o adam daim o əsərin içində yaşayacaq. Bir çox əsərlərimi qızıma, dostlarıma, ifaçılara həsr etmişəm. Amma siz dediyiniz anlamda yox.
– Ətrafınızda Azərbaycan musiqisinin bir çox gözəl və istedadlı xanımları olub. Hər zaman onlara biganə qalmısınız? Heç biri sizə duyğu bəxş etməyib?
– Bəzən elə bilirlər ki, belə şeylər olmalıdır. Olmayanda təəccüb edirlər. Mənim işlədiyim qadın və kişilərlə iş münasibətindən başqa heç bir münasibətim olmayıb. Qadınla kişinin münasibəti üçün onlar bir-birini sevməlidirlər, romantik anlamda sevgi olmalıdır. Mən isə onlarla iş birliyi qurmuşam. İçində təbii ki, gözəl, romantik xanımlar var idi. Əslində gənclikdə işlədiyim xanımların hamısı elə olub. Amma mən, türklər demiş, yapamam. Elə şeylər edə bilmərəm. Hətta belə şeyləri eşidəndə nifrət edirəm. Rejissorla aktrisa bir-birinə sevə və evlənə bilər. Belə şeylər olur. Lakin məndə olmadı. Amma hamısı ilə bugünədək çox xoş münasibətimiz var, hamısını insan olaraq çox istəyirəm. Hamısına da hər zaman təşəkkür etmişəm ki, mənim mahnılarımı oxuyublar.
– Deyəsən, elə ən yaxşı münasibətiniz də Aygün Kazımova ilə olub və indiyədək də davam edir.
– O vaxt Aygün Kazımova ilə mənim haqqımda elə materiallar çıxırdı ki, təəccüb edirdim. Hətta bu materialı yazan adama “afərin” deyirdim ki, gör fantaziyası, təxəyyülü nə qədər çoxdur ki, oturan yerdə özündən belə şeylər icad edib. Aygünün də heç xəbəri yoxdur bu məsələlərdən. Amma bəzən belə şeylər müğənnilərin xoşuna gəlir. Çünki onların populyarlığı artır. Hesab edirəm ki, əsl populyarlıq onunla artmaz. Sən gecə-gündüz maqazin mətbuatından düşmə, amma oxumağın zəifdirsə, heç zaman populyar olmayacaqsan, tanımayacaqlar, deyəcəklər, bu, qəzetdə şəkli olan qızdır, deməyəcəklər yaxşı oxuyan qızdır.
– Aygün xanım sizə “müəllimim” deyə xitab edir. Ümumiyyətlə, Azərbaycan musiqisində “tələbəm” adlandırdığınız müğənni var?
– Mən 25 yaşımdan, əsgərlikdən dönəndən müəllimlik edirəm, Bakıda Konservatoriyada müəllim idim. İndi də Kiprdə müəlliməm. Yüzlərlə tələbənin müəllimi olmuşam. Onlar mənə “müəllimim” deyə bilər. Amma Azərbaycanda qəbul olunmuş müğənnilərin dediyi “müəllimim” sözünü bir az mücərrəd anlamaq lazımdır. Aygün mənim dərslərimdə olmayıb. Mən ona dərsdə tələbələrə verdiyim dərsi verməmişəm. Bizim münasibətlərimiz tamam başqa cür olub. Mən ona yazdığım mahnıları öyrətmişəm. Demişəm ki, qızım, burasını belə, orasını elə oxu. Əgər buna görə Aygün mənə “müəllim” deyirsə, ona təşəkkür edirəm. Mən musiqi ilə bağlı bildiklərimi ona öyrətmişəm. Müğənni ilə bəstəkarın münasibəti ikitərəfli prosesdir. Lakin müəllim-tələbə münasibəti deyil. Yaş baxımından da Aygün məndən çox cavan olub. Bəli, müəllim–tələbəyə bənzər bir ilişkimiz olub. Bir müddət Aygünü çox yaxınımda tuturdum. Hətta ona mənsiz müsahibə verməyi yasaqlamışdım. Çünki bəzi jurnalistlər vardı, istədikləri cavabları almaq üçün müxtəlif suallarla Aygünün aparırdılar istədikləri yerə. Sonra xəbər partlatsınlar ki, məsələn, Aygünün filan qədər kişisi olub. Halbuki Aygün bunu zarafatla yalandan deyib ki, yəni əl çək məndən. Amma götürüb elə də yazıblar. Mən deyirdim ki, qızım, bax, belə şeylər demə, sonra yazırlar. Deyə də bilməzsən ki, deməmişəm, çünki səs yazısı var. Yazıda sözü demək tonu, intonasiya bilinmir axı. Adamlar var ki, yazını da oxuyanda düzgün anlamırlar, olduğu kimi başa düşürlər. Aygünün sözarası zarafatını anlamırlar. Ona görə də ehtiyatlı olmağı tapşırırdım ona. Bir müddət elə etdim ki, alışsın müsahibə verməyə. Müsahibə vermək, sualları cavablandırmaq bacarığı da peşənin bir tərəfidir. Bəlkə də müəyyən mənada onun müəllimi hesab edilirəm. Amma mən müəllimlik yox, onun arxasında duran, onu yıxılmaqdan qoruyan mənəvi cangüdən deyə bilərəm.
– Yenə qoruyursunuz Aygün xanımı?
– Əlbəttə ki, indi də çox gözəl münasibətlərimiz var. Amma artıq Aygünün “cangüdəni” deyiləm. Çünki Aygün artıq ustaddır, öz sənətini, işini yaxşı bilən təcrübəli müğənnidir. O, özü başqalarına yol göstərir.
– İndi Azərbaycanda yaradıcı əlaqədə olduğunuz müğənnilər var?
– Təbii ki. Aygün Kazımova, Brilliant Dadaşova, Zülfiyyə Xanbabayeva və bir sıra gənc müğənnilər. Onlara yeni mahnılar vermişəm, verəcəm də. Amma mənim işlərim bir az gec çıxır. Çünki burada olmuram. Mənsiz onlar mahnını gedib oxuyub çıxara bilməzlər. Mən ona icazə vermirəm. Mahnının son versiyasını dinləməliyəm və qərarı verirəm ki, bu mahnı çıxsın, ya yox. İndi müğənnilərin şöhrəti olduğu üçün gənc bəstəkar və şairlər bu baxımdan onlara təzyiq edə bilmirlər. Müğənni nə istəyir edir. Mahnını alır və oxuyur. Heç bəstəkarın xəbəri də olmur necə oxudu. Bu da işləri korlayır. Mən gənc olanda Elmira Rəhimova, Flora Kərimova, İlhamə Quliyeva ilə işləmişəm. Hətta onlara belə, mahnılarıma istədikləri müdaxiləni etməyə icazə vermirdim. Baxmayaraq ki, populyar idilər.
– Azərbaycana qayıdıb-qayıtmayacağınız barədə fikriniz nədir?
– Hələ qərarlaşdırmamışam. Yaşa dolan bir insan bunu düşünməyə məcburdur artıq. Xəstələnsəm nə olacaq, ağır xəstəliyə tutulsam, özüm-özümü idarə edə bilməsəm neyləyəcəm? Bunların hamısı insanı düşündürür. Hər bir insan o dünyaya hazırlaşanda ətrafındakı insanlara müəyyən qədər əziyyət verir, biri çox, biri az. Əziyyəti harada az olacaqsa, insan harada rahat olacaqsa, orada yaşamaq istəyir. Bu, yalnız həyatın gedişatından asılıdır.