Parlaq və özünəməxsus səsi olan Çinarə Məlikzadə bu günlərdə “Gedək üzü küləyə” adlı konserti ilə dinləyicilərinə unudulmaz anlar yaşatdı. Güclü səsi, emosional ifası, səhnədəki enerjisi və səmimiyyəti ilə yadda qalan sənətçi konsertdən dərhal sonra suallarımızı cavablandırdı. Onunla həm sənət yolunun görünməyən tərəflərindən, həm də bu konsertin onun həyatında tutduğu yerdən danışdıq.

“O səhnə sənətçinin tək səsini yox, ürəyini də ölçür”
– Çinarə xanım, konsertinizin ideyası necə yaranmışdı? Bu addımı atmağın vaxtının çatdığını nə zaman hiss etdiniz?
– Sənət adamının daxilində qəribə bir səs olur. O səs səni heç vaxt aldatmır. Hansı addımı nə vaxt atmalı olduğunu ən doğru şəkildə deyir. Mən uzun illərdir həm Azərbaycanda, həm də Türkiyədə səhnədəyəm. Hər iki ölkədə tamaşaçının sevgisini görmüşəm, hiss etmişəm. O sevgi mənim üçün həm yol, həm işıq olub. Türkiyənin müxtəlif şəhərlərində arenalar, açıq hava məkanları, festivallar, Bakıda Heydər Əliyev Mərkəzi, Filarmoniya, “Hayal Kahvesi”… Bunların hamısı bir məktəb olub. Amma Heydər Əliyev Sarayı tamam başqa məsuliyyətdir. Çünki oraya yalnız ifa üçün yox, həm də özünü sınamaq üçün çıxırsan. O səhnə sənətçinin tək səsini yox, ürəyini də ölçür.

Düzünü desəm, uzun müddət “bu addıma hazırammı?” sualı ilə yaşamışam. Bir gün özümü dinlədim. Bu konsert mənim üçün sadəcə bir tədbir yox, illərin zəhmətinin səsinin eşidildiyi bir an idi. Tamaşaçı sevgisi isə bu səsin nə qədər doğru olduğunu göstərdi.
– Niyə məhz “Gedək üzü küləyə”?
– Tamaşaçılar məni məhz “Gedək üzü küləyə” ifamla tanımışdılar. Bundan əlavə, bu konsert həyatımda elə bir mərhələ idi ki, artıq heç nədən çəkinmədən özüm kimi olmağın vaxtı gəlmişdi. İstəyirdim ki, tamaşaçı da o enerjini hiss etsin – çətinliyə doğru getmək, qorxunu keçmək, özünlə barışmaq enerjisini ötürməyə çalışırdım. “Gedək üzü küləyə” həm də bir dəvətdir. Gəlin birlikdə üzümüzü küləyə tutaq. Yəni bu ad həm mənim yolumu, həm də bu konsertin ruhunu tam ifadə edir.

“Necə varamsa, elə də olacağam”
– Sarayın əzəmətli atmosferi sizdə nə kimi hisslər oyatdı?
– Saraya daxil olanda adamı ilk qarşılayan ağırlığı, tarixi, enerjisi olan bir nəfəs var. İnsan bir anlıq elə bilir ki, zaman dayanır. O səhnəyə çıxmazdan əvvəl pərdə arxasında dayananda adətən əllərim bir az titrəyir. Mənim üçün bu, çox gözəl hisdir – həyəcan. Həyəcan bitəndə sənət də bitir.
Sarayın həyəcanı isə tam fərqlidir. O səhnə sənə həm güvən verir, həm məsuliyyət yükləyir.

– Bu konserti yaradıcılığınızın bir mərhələsinin yekunu kimi dəyərləndirmək olarmı?
– Əlbəttə. Hətta deyərdim ki, bu konsert mənim üçün bir kitabın son səhifəsi və eyni zamanda yeni kitabın ilk cümləsi idi.
İllərdir topladığım təcrübə, səsimdəki dəyişiklik, daxilimdə böyüyən qadın – hamısı o axşama sığmışdı. Mən səhnəyə təkcə mahnılarla deyil, həm də yaşadıqlarımın, keçdiklərimin yükü ilə çıxdım. Tamaşaçı qarşısında gizlədəcəyim heç nə olmadı.
– Ölkənin ən böyük səhnəsində solo konsert vermək hər sənətçi üçün riskdir…
– Məncə, risk sənətçinin yanındakı ən sadiq dostdur. Risk etməyən sənətçi özünü heç vaxt tanımır. Karyeram boyu həmişə çətin olanı seçmişəm. Çünki rahatlıq insanı böyütmür.
Bu konsert də böyük bir risk idi. Hüquqi, təşkilati tərəfi, bilet satışı, tamaşaçının gözləntisi… Bunların hamısı sənətçini sınağa çəkir. Amma mən səhnəyə çıxanda bir fikri özümə şüar edirəm: “necə varamsa, elə də olacağam”.

“Bir qədər sakitlik istəyirəm”
– Qarşıda sizi hansı işlər gözləyir?
– Açığı, konsertdən sonra bir qədər sakitlik istəyirəm. Bu ölçüdə proqram böyük enerji, hazırlıq tələb edir. Səhnə bitən kimi insanın içində həm boşalma, həm də qəribə bir rahatlıq olur. Ona görə əvvəlcə komandamla birlikdə həm uğurları, həm də üzərində işləməli olduğumuz detalları qiymətləndirməyi düşünürəm. Bu, mənim üçün ən vacib mərhələlərdən biridir. Amma uzun fasilə olmayacaq. Artıq yeni mahnılar üzərində iş gedir, bəzi aranjimanlar tamamlanmaq üzrədir. Bir neçə duet təklifi var, onları da dəyərləndiririk. Üstəlik, Türkiyədə yenidən bir neçə böyük layihə planlaşdırılır, bununla bağlı görüşlərim olacaq. Mənim üçün sənət dayanmır, sadəcə forma dəyişir. Bu konsert bir finiş deyil, əksinə, yeni mərhələnin startıdır.
– Keçən il Azərbaycan və Türkiyə prezidentləri ilə görüşünüz böyük rezonans yaratmışdı. Bu hadisə sizin üçün nə ifadə edirdi?
– Bu görüşlər mənim üçün həyatda qazandığım ən böyük etimaddır. O anlarda sən təkcə sənətçi deyil, ölkənin təmsilçisisən. Bu, çox böyük məsuliyyət gətirir. Səhnədə illərlə çəkdiyim zəhmətin qiymətləndirildiyini hiss etmək isə insanın içində həm rahatlıq, həm də daha çox çalışma arzusu yaradır.

– “Niyə məhz Çinarə?” sualı bir çoxlarının dilində idi. Bu reaksiyalara münasibətiniz necədir?
– Bu suallara çox normal baxıram. İnsanlar maraqlanacaq, soruşacaq, təhlil edəcək. Bu, sənətin bir parçasıdır. Mən yalnız bir həqiqəti deyə bilərəm: arxamda yalnız zəhmətim, inamım və heç kimə bənzəməməyə çalışdığım illərim var. Əgər bu gün mənə etimad göstərilibsə, deməli, buna səbəb var.
“Sənət qısqanclıqdan uzaq bir yer deyil”
– Uzun illər çalışıb bu səviyyəyə çata bilməyən həmkarlarınızın qısqanclığı ilə qarşılaşdığınız olurmu?
– Sənət qısqanclıqdan uzaq bir yer deyil. Amma şəxsən mən enerjimi buna sərf etmirəm. Çünki hər kəsin öz yolu, qisməti var. Mən kiminsə yerinə keçməmişəm, heç kimin yolunu bağlamamışam. Sevincimi bölənlərə sevgim var. Sevinməyənlərə isə can sağlığı arzulayıram. Mənim işim yaratmaqdır – qalanını zaman həll edir.
– “Azərbaycan” mahnısı sizin karyeranızda ciddi dönüş yaratdı.
– “Azərbaycan” mahnısı mənim üçün bir musiqi əsəri deyil – məsuliyyətdir. Bu mahnının ruhu çox ağırdır, oxuyanda o yükü çiyinlərində hiss etməlisən.
Bu mahnı mənim səsimlə yayıldıqca çoxlu insan yazdı, danışdı. Bu, mənə yeni auditoriya qazandırdı – daha emosional, daha dərin, daha səmimi insanlar.

“İçimdə sevən də var, darıxan da…”
– “Azərbaycan”dan sonra tamaşaçı sizdən daha çox vətənpərvərlik ruhlu mahnılar gözləyirdi. Amma siz lirik ifalara da üstünlük verirsiniz.
– Çünki yalnız Vətən sevgisi ilə yaşayan qadın deyiləm. İçimdə sevən də var, darıxan da, qırılan da, bağışlayan da. Bütün duyğularımı musiqiyə daşıyıram. Vətən sevgisi çox böyük duyğudur, amma insan sevgisi də kiçik deyil. Bəzən bir lirik mahnı insanın daxilinə elə toxunur ki, illərlə unudulmur.
– Enerjili və çılğın biri kimi tanınırsınız, amma səhnədə daha çox nakam sevgi mövzulu mahnıları duyğulu ifa edirsiniz. Bunun sirri nədir?
– Məncə, daxili balansım budur. Həyatda çox gülən, çox danışan, çox enerjili biriyəm. Amma səhnə tam başqa yerdir. Səhnəyə çıxanda içimdəki başqa bir Çinarə oyanır – daha sakit, daha duyğulu, daha həssas olan. Səhnədə heç nə gizlədə bilmirəm. Nə hiss edirəmsə, o andaca səsimə keçir. Tamaşaçı ilə aramızdakı bağ da elə buradan doğur.
Xəyalə Rəis









































































































































































