aile

Cırtdan ailələrin nəhəng problemləri – ARAŞDIRMA

Baxış sayı: 520

Azərbaycanda hər 10 ildən bir əhalinin siyahıyaalınması həyata keçirilir. Sonuncu dəfə 2019-cu ildə keçirilmiş əhalinin siyahıyaalınmasının məlumatlarına əsasən, Azərbaycanda 6 və daha çox uşağı olan 16169 ailə mövcuddur. Çoxuşaqlı ailələrdən 7169-u şəhər yerlərində, 9000-i isə kənd yerlərində yaşayır. Hazırda Azərbaycanda 6 uşaqlı – 9332, 7 uşaqlı – 3565, 8 uşaqlı – 1748, 9 və çox uşaqlı – 1524 ailə var.

 

Ailələr 2 uşaqdan artıq istəmir

Azərbaycanda ailələrin tək və ya 2 uşaq problemi barədə çox yox, cəmi 10 il əvvəl danışan olsaydı, çoxumuza gülməli görünərdi. Əksəriyyətimiz ən az 3 uşağı olan ailədə böyümüşük. Aramızda 9-10 uşaqlı ailənin övladı olanlar da çoxdur. İllər və zaman bir çox şeylə bərabər ailələrin çoxövladlılıq məsələsini də dəyişdi. İndi 3 uşağı olan ailəyə “qəhrəman ailə” kimi baxırlar, 3-cü övladını doğan qadına möcüzə görmüş kimi zillənən baxışlar, 3-4 övladı ilə parka gəzintiyə çıxan ataya dikilən təəccüb dolu gözlər müasir ailə modelində ən çox 2 uşağa yer verildiyini bir daha təsdiqləyir.

Dünya təcrübəsi tək övladı olan ailələri “cırtdan ailə” adlandırır. Bu problem Avropa ölkələrinin ən çox yayılmış, aktual milli-sosial problemlərindən biridir. Elə bizim ölkəmizdə də son 2-3 ilin ən ciddi sosial problemlərindən biri, məhz ailə fərdlərinin minimum saya enməsi hesab edilir.

“Cırtdan ailə”lər, adətən, bir tək oğlan uşağı ilə kifayətlənir, Avropa ölkələrində bu, bir qız övladı ilə də əvəzlənə bilir. Müsəlman toplumlarında qız övlad nəsil davamçısı hesab edilmədiyindən mütləq oğlan övlada sahib olmaq istəyən valideynlər könüllü olmasa da, “cırtdan ailə” modelini böyütməyə qərar verirlər.

Bəzən isə bunu istəməyən ailələr birinci abortun təhlükəli olduğunu nəzərə almadan USM-də qız övladının olduğunu gördükdən sonra aborta əl atır. Məqsəd sadədir: “Bir uşaq olsun, oğlan olsun, nəsil davam etsin”, “bir olsun, amma yaxşı olsun, bütün imkanları olsun”, “bir olsun həm daha yaxşı təhsil alsın, həm ehtiyaclarını daha yaxşı təmin edək, qidalanması, geyimi keyfiyyətli olsun”.

Müşahidələr göstərir ki, cavan valideynlər çoxuşaqlı olmaqdan qorxurlar, qadınlar karyeralarını qurmaq, işlərində yüksəlmək istəyirlər, onlar uşaq böyütməyin çətinliklərinə qatlanmaq, körpəyə baxmaq üçün evdə oturmaq istəmirlər. Bəzən də doğuşa hazır olmurlar, ilk doğuş ağır keçir, ana qorxub stress keçirir və bir daha doğmaq istəmir.

aile

Uşaq boşanmağa mane ola bilmir

Düzdür, hazırda Azərbaycan öz klassik ailə modelini – ikiuşaqlılıq prinsipini də qoruyur, amma bu təkuşaqlı ailələrin çoxalmasına maneə deyil. İkiuşaqlıların sayı çox olsa da təkuşaqlı ailələrə yaxın saydadır, bu da təbii ki, nəsil şəcərəsinin şaxələnməsinə maneə törədir. Əvvəl nəsil 5-6 qoldan böyüyürdüsə indi yalnız bir uşaqdan böyüyür.

Boşanma statistikasında da təkuşaqlı ailələrin sayı sürətlə artır. Xüsusilə də, son 24-25 ildə təkuşaqlı ailələrdə boşanmaların sayı rekord həddə çatıb. 2-3 uşaqlı ailədə boşanmamaq üçün bütün yollara əl atılır, tərəflər uzlaşır, bir-birinə güzəştə gedirsə təkuşaqlı ailələrdə uzlaşma ehtimalı minimumdur. Tərəflərdən hansı uşağa himayədarlıq edəcəksə bunu o qədər də ağır iş hesab eləmir – “bir uşağa baxmağa nə var ki…” düşüncəsi…

2022-ci ildə 15 983 boşanma qeydə alınıb ki, onlardan 6421-i uşaqsız ailə olub. Ötən il qeydə alınmış boşanmalardan 9562-i 18 yaşadək uşaqları olan ailələr arasında qeydə alınıb. Onlardan 4 154 ailə 1 uşaqlı, 5 408 ailə isə 2 və daha çox uşaqlı olub ki, onlarda uşaqların cəmi sayı 12 180 olub.

Aile

Sosial müavinət ailəyə dəstəkdir

Azərbaycanda uşaqlara verilən sosial müavinətlərin məbləğləri hazırda belədir: valideyninin itirməyə görə sosial müavinətin məbləği 120 manat, bir yaşınadək uşağı olan aztəminatlı ailələrə sosial müavinətin məbləği hər uşaq üçün 100 manat, uşağın anadan olmasına görə birdəfəlik sosial müavinətin məbləği isə 500 manat müəyyənləşib. Mövcud qanunvericiliyə görə çoxuşaqlı ailə 5-dən artıq uşağı olan ailələr hesab edilir və dövlət bu halda onlara və uşaqların himayədarına hər uşağa görə 70 manat sosial müavinət ödəyir.

Qonşu ölkələrdə ailələri çoxuşaqlılığa təşviq etmək üçün bir sıra sosial layihələr həyata keçirilıir. İndi Rusiyada hamilə kimi qeydiyyata düşən qadına hamiləliyin 6-cı həftəsindən doğuşadək aylıq 6.350 rubl (140 AZN) pul ödənilir. Doğandan sonra uşaq 3 yaşına çatanadək ayda 11.300 rubl (250 AZN), 3-dən 7 yaşına kimi hər ay 8.475 rubl (187 AZN), 16 yaşına kimi isə ayda 5.650 rubl (125 AZN) uşaqpulu ödənilir. Bundan əlavə doğulan hər vətəndaşı üçün dövlət 450. 000 rubl (10.000 AZN) dəyərində sertifikat verir, bu məbləği valideyn əmlaka yatıra bilər, ipoteka ilə ev alanda ilkin ödəniş kimi verə bilər. 3-cü uşaq üçün isə bəzi bölgələrdə yaşayış evi, bəzi bölgələrdə torpaq sahəsi verilir.

Gürcüstanda sosial cəhətdən həssas uşaqlar üçün dövlət müavinəti 150 LARİ-dir (100 AZN). Bu müavinət 215 mindən çox uşaq üçün ayrılır. Türkiyədə birinci uşaq 300 TL(25 AZN), ikinci uşaq üçün 400 TL(32 AZN), üçüncü uşaq üçün isə 600 TL (50 AZN) verilir. Qazaxıstanda 18 yaşa qədər uşaqlar dövlətdən ayda 20 min tengə (76 AZN) ödəniş alır. Özbəkistanda isə 2 yaşa qədər uşaqlara ayda 1 milyon som (147 AZN) ödənilir. İranda hər yeni doğulan uşaq üçün açılan bank hesabına dövlət 1000 dollar pul yatırır, hər ay bu məbləğin üzərinə 100 dollar əlavə edir. Uşaq 18 yaşına çatanadək yığılan vəsait özünə ödənilir.

Almaniya Avropada ən çox uşaq pulu ödəyən ölkələrdən biridir. İlk iki uşağa aylıq 219 avro, üçüncü uşağa 225 avro, dördüncü və sonrakı uşağa 250 avro aylıq müavinət verilir. Bəzi şərtlərə əməl edilsə valideynlərə vergidən azad uşaq müavinəti də verilə bilər. 2021-ci ildən etibarən bu müavinət evli cütlük üçün hər uşağa görə birdəfəlik 5,460 avro və ya uşağını tək böyüdən valideyn üçün birdəfəlik 4,095 avro müəyyən edilib.

Qeyd etdiyimiz kimi, Rusiya, Ukrayna, Fransa, İsveç, Finlandiya, Çexiya kimi ölkələrdə çoxuşaqlı ailələrə təminatlarla bağlı müvafiq qanunlar qəbul olunub, ailələri daha çox uşaq dünyaya gətirməyə təşviq edirlər. Bizim – mənim, sənin, onun məcburən kiçiltdiyi, fərdlərini azaltdığı ailə modelinin zədələdiyi milli şəcərəni çoxuşaqlı ailələr şaxələndirəcək. Onlara lazım gəlsə dövlət dəstəyi, lazım gəlsə ödənişsiz ali təhsil imkanları yaratmaq lazımdır.

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir