Müəllimlər arasında koronavirusa yoluxma məktəblərdə bəzi dərslərin boş keçməsinə səbəb olur. Bu barədə sosial şəbəkələrdə də valideynlər narahatlıqlarını ifadə ediblər. Venera adlı valideyn bildirib ki, birinci sinfə gedən oğlunun müəllimi koronavirusa yoluxduğundan sinifdə dərslər iki həftə müddətinə dayandırılıb. Amma onlayn dərslər də keçirilmir. Məktəblərdə fənn müəllimləri arasında virusa yoluxma isə vəziyyəti daha da çətinləşdirib. Bu zaman şagirdlər dərsə gəlsələr də siniflərdə fənn müəllimlərini əvəz edən olmur.
Bakının 162 saylı məktəbinin 8ç sinif şagirdləri arasında koronavirusa yoluxma səbəbindən sinif distant təhsilə keçsə də, valideynlər Sputnik Azərbaycan-a bildiriblər ki, təhsil onlayn formada aparılmayıb.
Ekspertlər isə müəllimlər arasında koronavirusa yoluxmanın təhsilin keyfiyyətinə təsirsiz ötüşmədiyini bildirirlər.
Təhsil üzrə ekspert Kamran Əsədov bildirir ki, onun da övladının sinfində koronavirusa yoluxma olduğundan sinifdə ənənəvi dərslər dayandırılsa da, dərslər onlayn formada davam etdirilmir. Ekspert deyir ki, buna səbəb ehtiyat müəllimlərin olmamasıdır.
“Pandemiya dövründə məktəblər uzun müddət bağlı qala bilməzdi. Təcrübə göstərdi ki, onlayn dərslər o qədər də səmərə vermir. Bu gün təhsil müəssisələrində tədris ənənəvi formada davam etdirilsə də, koronavirusa yoluxmalar səbəbindən problemlər ortaya çıxıb. Müəllimlər və şagirdlər arasında yoluxma siniflərin lokal qapadılmasına zərurət yaradır. Amma qapadılan siniflərdə dərslər distant formada davam etdirilmir. Bəzi müəllimlərin koronavirusa yoluxması siniflərdə dərslərin boş keçməsinə səbəb olur. Bütün bunlar gözlənilən olsa da, təəssüf ki, qarşılayıcı tədbirlər görülməyib. Ehtiyat müəllimlər olmadığından koronavirusa yoluxan müəllimlərin dərslərini əvəz edən olmur”.
K.Əsədov deyir ki, ölkəmizdəki 4432 ümumtəhsil müəssisəsindən 11 məktəb distant təhsilə keçib. Onun sözlərinə görə, ölkə üzrə 89 min sinifdən 600-ə qədəri distant təhsilə keçsə də, 150-dək sinif artıq distantdan ənənəvi təhsilə geri qayıdıb. Ekspert deyir ki, şagirdlər arasında koronavirusa yoluxma sayı 5000-ə qədərdir: “Ümumi şagird sayı isə 1,6 milyondur. Orta ümumtəhsil müəssisələrində bu günə olan məlumata görə, 4900-a yaxın müəllimdə koronavirusa yoluxma əlamətləri müşahidə edilib. Ümumi təhsil müəssisələrində isə 150 min müəllim çalışır. Texniki heyətlə birgə bu say 230 min təşkil edir”.
Ekspert iddia edir ki, məktəblərdə bugünkü vəziyyətdən sui-istifadə halları da var: “Bu gün ən çox yoluxma şagirdlər arasında 5-9-cu siniflərdədir. Bu siniflər üzrə yoluxma sayı 2400 nəfərdir. 10-11-ci siniflər üzrə bu rəqəm 1200, ibtidai siniflər üzrə isə 482 təşkil edir. Müəllimlər arasında da yoluxma sayı o qədər də yüksək deyil. Bakı üzrə 28 min müəllimin 790 nəfərində koronavirusa yoluxma əlamətləri müşahidə olunub. Amma həm müəllim, həmçinin də şagirdlər arasında vəziyyətdən sui-istifadə halları var”.
K.Əsədov bildirir ki, bu gün əvəzedici müəllim tapmaq problemə çevrilib. Çünki digər əvəzedici müəllimlərin də öz dərs saatları var: “Məktəb distanta keçdikdə onlayn təhsil mümkün olur. Hansısa sinif distant təhsilə keçdikdə isə bir müəllimin evində dərsi onlayn keçib məktəbdə ənənəvi dərsə çatması mümkün deyil. Ona görə də ehtiyat müəllim kadr bazası yaradılmalıdır ki, koronavirusa yoluxmuş müəllimlərin dərsləri boş keçməsin. Hazırda onlayn dərslər keçirilmir. Bu, birmənalı şəkildə təhsilin keyfiyyətinə təsir edəcək”.
Ekspertin sözlərinə görə, hazırda bəzi fənlər üzrə dərslər boş keçsə də qiymətləndirmə ümumi aparılacaq. Bu zaman isə mövcud pandemiya şəraiti nəzərə alınacaq.
Təhsil üzrə ekspert Şahlar Əsgərov deyir ki, pandemiya bütün sahələrə təsir göstərib. Təhsil də istisna deyil. Ekspert deyir ki, təhsildə bu məsələ diqqət mərkəzindədir:
“Əgər müəllim xəstədirsə, əvəz edən yoxdursa, bu, direktorun fəaliyyətsizliyi ilə bağlıdır. Amma nəzərə almaq lazımdır ki, məktəblərin hamısında əvəzləyici müəllim yoxdur. Ona görə də müəllim xəstələndikdə bu, təhsilin keyfiyyətinə təsir edir”.
Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr üzrə şöbə müdiri Cəsarət Valehov deyir ki, məktəbdə müəllim koronavirusa yoluxarsa, onun dərsi əvəzləyici müəllim tərəfindən keçirilməlidir. Koronavirusa yoluxma səbəbindən hansısa sinifdə ənənəvi dərs dayandırılırsa, həmin sinif üzrə dərslər distant formada davam etdirilməlidir.
Zülfiyyə Quliyeva