covid-19

COVİD 19-la bağlı qorxulu proqnozlar

Baxış sayı: 767

Dünyanın bir çox ölkələrinin koronavirusun “İngiltərə” növü ilə mübarizə apardığı dönəmdə Rusiyada pandemiya geriləməyə başlayıb. Rusiya lideri Vladimir Putin hökumətlə iclası zamanı deyib ki, koronavirus pandemiyası tədricən geri çəkilir, Rusiyada ölüm halları digər ölkələrə nisbətən qənaətbəxşdir. Elə bu səbəbdən də Rusiyada artıq fevralın 8-dən başlayaraq universitetlərdə əyani təhsilin bərpa olunması ilə bağlı qərar verilib.

Digər tərəfdən dünya multimilyarderi Bill Qeyts pandemiya ilə bağlı xoş olmayan açıqlamalar verib. O deyib ki, növbəti pandemiya daha təhlükəli ola bilər: “Bu pandemiya dəhşətlidir, ancaq gələcək pandemiya 10 qat daha pis ola bilər”.

Bu açıqlama insanların təşvişinə səbəb olub.

Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Bizdə də Rusiyadakı kimi virus “geriləyir”mi? Bill Qeyts hansı virusun olacağına işarə verib, dünyanı daha nə kimi təhlükələr gözləyir? Bu və digər suallarla bağlı infeksionistlərin mövqeyini öyrəndik.

ATU-nun Ağciyər xəstəlikləri kafedrasının müdiri:

Azərbaycan Tibb Universitetinin ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov mövzu ilə bağlı bildirdi ki, pandemiya dünyanın hər bir bölgəsi üçün, o cümlədən bizim üçün də aktualdır və görülən tədbirlər nəticəsində son həftələrdə müsbət dinamika var: “Yoluxmanın sayında nəzərə çarpan azalma müşahidə olunur. O ki qaldı, neqativ proqnozlara, virusun nə zaman, necə olacağını öncədən demək çox çətindir. Ötən il bu zaman maskasız çölə çıxa bilməyəcəyimizi kimsə bizə desəydi, inanmazdıq. Elə bu tip məlumatlar insanlarda stress, gərginlik, ruh düşkünlüyü daha da pessimizmə qapılmağa səbəb olur. Ümid edək ki, hər şey qaydasında olacaq. Tarixdə də həmişə bu cür viruslar müxtəlif infeksiyalar olub. Hətta bundan da çox yoluxma göstəriciləri, ölüm göstəriciləri olan infeksiyalar olub. Zamanla virusun mutasiyası tədricən zəifləyib. Vurulan peyvənd, dərmanların tətbiqi nəticəsində hətta bir çoxlarının kökü kəsilib. Ümid edirəm ki, bu virus da elə olacaq, dünya tez bir zamanda əvvəlki vəziyyətinə, həyatına dönəcək”.

Mövzu ilə bağlı infeksionist-hepatoloq Mərdan Əliyev bildirir ki, ölkəmizdə yoluxma sayı yavaş-yavaş azalmağa doğru gedir: “Vaksinasiya prosesi də başlayıb. Düşünmürəm ki, bundan sonra artım olsun”.

Mərdan Əliyev - Hepatoloq, İnfeksionist

İnfeksionist B.Qeytsin proqnozu ilə bağlı fikrə də münasibət bildirdi: “Məncə, qəti olacağını nəzərdə tutmur. O demək istəyib ki, həmişə hər şeyə hazırlıqlı olmalıyıq. Yəni bundan sonra da 10 qat artıq ağır virus gələ bilər, olmayacağına qarantiya yoxdur. Cəmiyyətdə infeksion xəstəliklər həmişə olub. Yəni insanlar toplu halda yaşadığı dövrdən, qəbilə dövründən bəri xəstəliklər, viruslar, bakteriyalar var. Bundan ağır formada olmamasına da heç kəs zəmanət verə bilməz. 10 il müddətində onsuz da müxtəlif epidemiyalar, infeksiyalar gəlir. Yaxud köhnə infeksiyalar mutasiya olur”.

M.Əliyev vaksinasiya ilə bağlı da  danışdı: “Həkimlər peyvənd olundu. Kim ki, xəstəliyi keçirmişdi, onlara tətbiq olunmadı. 6 aydan tez peyvəndləmə ümumiyyətlə, tövsiyə olunmur, faydası da yoxdur. Həm də vaksinlər də müəyyən vəsait tələb edir. O baxımdan virusdan sağalanlara vurulmur. Hazırda tibb işçilərinin vaksinasiyası davam etdirilir. Sonrakı mərhələdə də müəllimlər, polislər, sonra isə 65 yaşdan yuxarı əhali qrupu vaksin olunacaq. Mərhələli şəkildə vurulur”.

Bu arada, Avropada “vaksinasiya müharibəsi” başlayıb. Avropa Birliyi COVID-19-a qarşı hazırlanan vaksinlərin ixracına qadağa qoymaq barədə düşünür.

Avropa Birliyi Şurasının sədri Şarl Mişel bu barədə məktubunda bildirib. “Vaksin müharibəsi”nin başlanması AstraZeneca şirkətinin səhvi ucbatından olub. Belə ki, Böyük Britaniyaya vaksin satacağına təminat verən şirkət istehsal problemlərinə görə Avropa Birliyinə söz verdiyi preparatları çatdıra bilmir. Bundan narazı qalan rəsmi Brüssel sakinlərini tam miqyasda peyvəndləmək üçün Birlik ərazisindən vaksinin xaricə çıxarılmasına qadağa qoymaq niyyətindədir. Eyni zamanda, kasıb ölkələrə pulsuz vaksin paylayacaq COVAX proqramı bu qərardan zərər görməyəcək.

Avropa Birliyində istehsal olunan vaksinlərin ilk növbədə Böyük Britaniya və Kanadaya satışının qadağan olunacağı söylənilir. İngiltərədə aparılan araşdırmalar nəticəsində isə məlum olub ki, koronavirusa qarşı hazırlanan Amerikanın  “Novavax” vaksini 89.3 faiz effektivdir və o koronavirusun yeni ştammına qarşı təsirli olan ilk peyvənddir. “Novavax” hazırda İngiltərə, ABŞ, Meksika və Cənubi Afrikada sınaqdan keçirilir. Yeni mutasiya olmuş virusun yayıldığı Cənubi Afrikada  artıq “Novavax”ın sınağının ikinci mərhələsində peyvənd 49,4 faiz təsir göstərib.

“Novavax” peyvəndi nanohissəciklər şəklində təqdim olunan SARS-CoV-2 koronavirusunun S-zülalı və xüsusi patentləşdirilmiş Matrix-M məhlulu üzərində qurulub. Vaksin “Biontech” və “Pfizer”dən fərqli olaraq 2-8 dərəcə selsidə saxlanıla bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir