covid-19

COVID-19 yenidən aktivləşir?

Baxış sayı: 651

Son illərdə dünya ictimaiyyətini sarsıdan COVID-19 pandemiyası artıq geridə qalsa da, virusun tamamilə yox olduğuna dair qəti fikirlər yoxdur. Mütəxəssislərin fikrincə, koronavirus növləri təbiətdə daim mutasiya etməyə meyilli olduğu üçün bu xəstəliyin müəyyən intervallarla yenidən aktivləşməsi mümkündür.

Bəs COVID-19 və digər respirator virusların qayıdışı ehtimalı nə qədər realdır? Azərbaycan bu ehtimala nə dərəcədə hazırdır?

Öncə qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) virusun daha zəif formalarının dövr etdiyini bildirməklə yanaşı, onun tam yoxa çıxmadığını da vurğulayır. ÜST-nin bu xəbərdarlığı qrip virusuna yoluxmuş insanları, əslində, vahiməyə salır.  COVID-19 pandemiyası insanlarımızın həyatından izsiz, itkisiz ötüb-keçmədi. Bu üzdən qripin yayıldığı bir vaxtda maskadan istifadə edənlərin sayının artdığı müşahidə olunyr. Əslində, ehtiyat etmək doğru addımlardandır. Belə ki, epidemioloqların söylədiklərinə əsaslansaq, koronavirus ailəsinə daxil olan viruslar insan və heyvan populyasiyalarında dövr edən, zamanla dəyişən mikroorqanizmlərdir. Məsələn, “SARS-CoV-2”nin tamamilə sıradan çıxması mümkün hesab edilmir. Buna səbəb kimi isə üç əsas məqam göstərilir – mutasiya sürəti yüksəkdir; qlobal miqyasda qeyri-bərabər immunitet; mövsümi faktorlar.

Məlumdur ki, payız-qış dövründə respirator xəstəliklər – zökəm, faringit, laringit, traxeit, bronxit, bronxiolit, ağ ciyər iltihabı və bronxopnevmoniya  artır. Həkimlərin deməsinə görə, bu xəstəliklərin artması koronavirusun da yenidən aktivləşməsi ehtimalını çoxaldır.

Mövzu ilə bağlı danışan MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin baş həkimi, terapevt və ailə həkimi Nərminə Abbasova vacib məqamlara diqqət çəkdi:

Həkim bildirdi ki, qrip virusunun yayıldığı bir vaxtda istər-istəməz əhali arasında “COVİD-19 yenidən qayıda bilərmi?” sualının yaranması təbiidir:

“Havalar soyuq keçir, artıq payız fəsli bitir və qışa doğru gedirik. Əhali arasında qrip virusu kəskin yayılıb. Vəziyyət o həddə çatıb ki, məsələn, bir ailədə uşaqdan böyüyə hamı bir-birinin ardınca qripə yoluxur. İnsanlarımızın gözü koronavirusdan elə qorxub ki, dərhal pandemiya dövründə qəbul etdikləri dərmanlardan istifadəni təkrarlayırlar. Bu yaxşı haldır ki, artıq “Qripdir” deyib-keçmirlər, həkim müayinəsinə üz tuturlar. Narahatedici məqam koronavirusun yenidən yaranması təlaşı ilə insanlarımızın panik-atak hal keçirmələridir. Bir az səbirli olmağı, özlərini rahatlandırmaq üçün həkim müayinəsindən keçməyi msləhət görərdim. Təbii ki, havada virus hələ də var. Qışda havaların necə keçəcəyini – sərtmi olacaq, küləkli, yağışlı, qarlı olacaq, bilmirik.

Məlumdur ki, viruslar hava, damcı yolu ilə yayılır. Bu baxımdan, soyuq havalarda maska taxmağın tərəfdarıyam. Ümumiyyətlə, yenidən virusa yoluxmamaq üçün soyuq, yağışlı havalarda maska taxmalıyıq”.

Qeyd edək ki, pandemiya dövrünün çətin təcrübəsindən sonra ölkəmizdə həm səhiyyə sistemində, həm də idarəetmə sahəsində ciddi təkmilləşmələr aparılıb. Buna hazırda səhiyyə sisteminin hazırlığı, dövlət nəzarət mexanizmləri, müşahidə olunan peyvəndləmə səviyyəsi və COVID-19-un yenidən qayıtmasına ictimai hazır olma kimi tədbirlər daxildir.

Nərminə Abbasovun sözlərinə görə, görünən budur ki, demək olar, istər dövlət, istərsə də özəl xəstəxanalarda reanimasiya və oksigen təminatı genişləndirilib:

“Pandemiya bizə diqtə etdi ki, hər zaman hər növ virusa hazırlıqlı olmaq lazımdır. Virus sərhəd tanımır, səssiz gəlir. Odur ki, hələ pandemiya dövründən xəstəxanalarda oksigen avadanlıqları yeniləndi, eyni zamanda, modultipli xəstəxanalar istifadəyə verildi. Bununla yanaşı, həkim heyəti təcrübə qazanmış oldu. Mən deyərdim ki, infeksion xəstəliklərlə iş təcrübəsi indiki hazırlıq səviyyəsini xeyli artırıb. Məsələn, ekspres test imkanları genişdir, ölkə üzrə laboratoriya şəbəkəsi hazırda dəqiq və sürətli diaqnostika apara bilir. Statistikadan bilirik ki, Azərbaycanda əhalinin böyük hissəsi peyvəndlənib. Bununla yanaşı, vaksinasiyadan yayınan qrupun olması müəyyən risk yarada bilər. Odur ki, ictimai hazırlıq vacibdir.

Müsbət hallardan biri də budur ki, cəmiyyətin pandemiya dövründə formalaşmış davranış vərdişləri var. Bu gün də bu vərdişlərə riayət olubduğunu görürük. Məsələn, gigiyenaya riayət, maska istifadəsi, xəstəlik zamanı özünü təcridetmə kimi tədbirlərə hələ də əməl edənlər var. Bunlar virusun geniş yayılmasının qarşısını almaqda mühüm rol oynayır”.

Məsələ ilə bağlı Hafta.az-ın TƏBİB-ə ünvanladığı sorğu ilə bağlı bildirildi ki, artıq insanların kabus kimi yanaşdıqları COVID-19 pandemiyası ilə bağlı dövlət nəzarət mexanizmləri var ki, bu da ehtiyac duyulduğu halda aktivləşdiriləcək.

“Pandemiya zamanı tətbiq olunan karantin idarəetmə sistemi bugün üçün də təkmilləşdirilmiş halda saxlanılır. Zərurət yaranarsa, operativ şəkildə məhdudiyyətlərin tətbiqi, sərhəd nəzarətinin gücləndirilməsi, maska və gigiyena qaydalarının yenilənməsi mümkündür”, – deyə bildirilib.

TƏBİB-in məlumatında vurğulanır ki, yenidən dalğa olarsa, xroniki xəstəlikləri – diabət, ürək-damar xəstəlikləri olanlar üçün yeni ştamlar təhlükəli ola bilər. Eyni zamanda, yaşlılarda immun sisteminin zəif olması ağırlaşma riskini artırır. Risk peyvəndsiz qalan qruplara da aiddir.

 Harmoniya Psixologiya Mərkəzinin rəhbəri və baş psixoloqu Aygün Ağabalayeva bildirdi ki, COVID-19 dövründə yaşananlarla əlaqədar olaraq insanlarımızda psixoloji pozuntuların yarandığını, aradan uzun zaman keçməsinə baxmayaraq, əksəriyyəti travmalıdır.

Psixoloqun sözlərinə görə, pandemiyanın qayıdışı mümkündür, amma panikaya əsas yoxdur:

“Əhali arasında qrip və müxtəlif virus yoluxmaları kimi vəziyyətlər diqtə edir ki, koronavirusun tamamilə yox olması real görünmür. Ölkəmizin səhiyyə sisteminin hazırkı potensialı, həkim heyətinin təcrübəsi və cəmiyyətin maariflənmə səviyyəsi yeni dalğanın fəsadlarını əvvəlki illərlə müqayisədə xeyli azalda bilər. İnsanlarımız buna inanmalı və özlərini kənar fikirlərdən qorumalıdır. Hər bir insanın psixoloji müalicəyə ehtiyacı var. Pandemiya dövründə koronavirusun aldığı canlardan, ölüm sayının artmasında panikaya düşən insanlarımıza isə psixoloji dəstək daha çox lazımdır. Təəssüflər olsun, bəziləri “psixoloq” sözünün özündən qorxur, psixoloq yanına getməkdən utanır. Bu da ondan irəli gəlir ki, Azərbaycanda hələ də “psixoloq-psixiatr” anlayışından məhrum olanlar var. Çəkinməsinlər, bilsinlər ki, bəzi xəstəliklərdən məhz psixoloji olaraq xilas olmaq mümkündür. Sirr deyil ki, pandemiya dövründə, az qala, hər gün eşitdiyimiz ölüm xəbərləri elə biz psixoloqların özlərinin də psixologiyasına təsir edirdi”.

 

Arzu Zeynallı




6 şərh “COVID-19 yenidən aktivləşir?

  1. Dilarə Əliyeva

    Pandemiya dövründə insanların psixoloji vəziyyəti çox mürəkkəbləşdi və psixoloq dəstəyi vacib oldu. Bəzən insanlarımız hələ də psixoloqdan çəkinirlər, amma bu cür məsləhətlər və dəstək hər kəsə kömək edə bilər. Aygün xanımın insanları psixoloji müalicəyə yönləndirməsi çox vacibdir, çünki psixoloji sağlamlıq da fiziki sağlamlıq qədər önəmlidir. Mən düşünürəm ki, o, bu mövzuda çox işlər görəcək və daha çox insana dəstək olacaq.

    Cavabla
  2. Səriyyə

    Qışda daha çox virusun yayılma ehtimalı var. Həkimlər də doğru deyir ki, maska taxmaq lazım ola bilər. Pandemiya dövründə bizə çox dərs oldu. Xüsusilə də əhalinin arasında daha çox gigiyenaya diqqət göstərilməyə başlanıb.

    Cavabla
  3. Əli Nağıyev

    Pandemiya çox ağır keçdi, amma bu kimi hallarda daha hazırlıqlı olmalıyıq. Nə qədər hazırlıq olsa da, yenə də insanlar arasında qorxu var. Xüsusilə qışda, havaların soyuması ilə virusların artması ehtimalı çoxdur. Buna görə, maska və digər qorunma yollarını unutmaq olmaz. Məsələn, evdə xəstə olduqda, dərhal izolasiya etmək lazımdır ki, başqalarına keçməsin. Amma əslində, cəmiyyət olaraq daha diqqətli və maarifləndirilmişik.

    Cavabla
  4. Könül Əfəndiyeva

    Çox təəssüf ki, hələ də bəzi insanlar psixoloqlara müraciət etməkdə çətinlik çəkir. Aygün xanımın psixoloq olaraq bu məsələyə diqqət çəkməsi çox önəmlidir, çünki psixoloji dəstək insanın həyatını tamamilə dəyişə bilər.

    Cavabla
  5. Səbinıə Həsənova

    Covid-19-un yenidən qayıtması mümkündür, amma bu o demək deyil ki, panikaya düşmək lazımdır. Həkimlər doğru deyir ki, pandemiya dövründə bəzi yaxşı vərdişlər formalaşıb, bu da bizim üçün yaxşıdır.

    Cavabla
  6. Ferrux Kerimov

    Nərminə Abbasova çox gözəl qeyd etdi ki, pandemiya zamanı ən vacib olan şeylərdən biri, insanların həkim müayinəsindən çəkinməməsi və narahat olduqları zaman düzgün məsləhət almasıdır. O, bu prosesin çox vacib olduğunu, qorxunun insanları psixoloji olaraq zədələdiyini çox yaxşı vurğulayıb.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir