Bir müddət öncə Azərbaycanda ilk dəfə olaraq ölkənin uzunömürlülük xəritəsi tərtib edildi. Həmin xəritəyə əsasən Şuşa, Xocavənd, Xankəndi, Qazax, Tovuz rayonları üzrə sakinlərin uzunömürlülük göstəricisi yüksəkdir. Milli Elmlər Akademiyasının Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova mətbuata verdiyi açıqlamasında bildirib ki, hazırda ölkəmizdə təxminən 10 min nəfərin yaşı 90-dan çoxdur. O, həmçinin qeyd edib ki, ölkədə baş verən müəyyən hadisələr uzunömürlülərin sayının artıb-azalmasına təsir göstərib:
“Məsələn, məcburi köçkünlük ilk növbədə qocalar və uzunömürlülərə öz mənfi təsirini göstərib. Son məlumatlar isə ölkəmizdə uzunömürlülərin sayının artdığını göstərir”.
“Hər kim 100 il yaşamasa, günah onun özündədir” kimi bir deyim var. Ölkəmizdə uzunömürlülərin sayının artdığı deyilsə də, son vaxtlarda çoxlu sayda 60 yaşına çatmamış insanların dünyasını dəyişdiyinin şahidi oluruq. İş o yerə çatıb ki, bəzən 80-90 yaşlı insan görəndə təəccübümüzü gizlədə bilmirik. Halbuki ekspertlər bir insanın 120 yaşa qədər yaşaya biləcəyini qeyd edir.
Bəs niyə çox yaşaya bilmirik və ya bunun üçün nə etməliyik?
Ekspertlər qeyd edir ki, uzun və sağlam yaşamağın resepti əslində çox sadə və hər kəsin öz əlindədir. Çox yaşamaq üçün neqativ ünsürlərdən uzaq olmaq, çətinliklərə rəğmən gülümsəmək, çoxlu su içmək, çox gəzmək, vaxtlı-vaxtında yatmaq, yuxu rejiminə riayət etmək lazımdır.
Qidalara gəlincə isə ekspertlər qeyd edir ki, maksimal dərəcədə heyvani yağlardan, qırımızı ətdən uzaq qaçmaq, çörəkdən mümkün qədər az istifadə etmək, çoxlu meyvə-tərəvəz, göyərti, qoz, fındıq, noxud, lobya, bal məhsulları qəbul etmək lazımdır. Hər axşam isə yatmazdan əvvəl bir stəkan qatıq içmək qocalığı insandan uzaqlaşdırır.
İnsan ömrünü qısaldan əsas amillərdən biri də yuxusuzluqdur. Bu barədə həkimlər dəfələrlə xəbərdarlıq edib. Lakin son illərdə insanların sosial şəbəkələrə aludəçiliyi yuxusuzluq probleminin artmasına səbəb olub. Bu da insanlarda əsəb, gərginlik yaratması ilə bərabər, həyatında, işində də problemlər yaranmasına səbəb olur.
Mövzu ilə bağlı tibb elmləri doktoru Adil Qeybulla aşağıdakı fikirləri səsləndirdi:
“İnsanın 100 yaşından çox yaşamaq imkanı var. Lakin sağlam qidalanmamaq, normal yaşayış rejiminin olmaması bunun qarşısını alır. Bütün bunların təsiri var. Ən əsası isə insanların tənbəlləşməsi məsələsi var. Bədənə daxil olan kalori enerji ilə çıxmır, nəticədə maddələr mübadiləsi pozulur. Buna görə də hazırda dünyada insanların əksəriyyəti artıq çəkidən əziyyət çəkir. İnsan öz sağlamlığı üçün çox ciddi tədbirlər görməlidir. İnsanların fəallığının artırılması üçün şərait yaradılmalıdır.
Araşdıranda məlum olur ki, indi 50 yaşına çatmamış insanların əksəriyyətində ürək-damar xəstəlikləri var. Halbuki əvvəllər adətən bu yaşda olan insanlarda qeyd etdiyim xəstəliklər müşahidə edilmirdi. Getdikcə ürək-damar xəstəliklərinin yaşı gəncləşir. Səbəb isə insanların öz sağlamlıqlarına biganəliyi, anormal yaşayış rejimidir”.
Qeyd edək ki, artıq bir çox inkişaf etmiş ölkələrdə insanın ömrünün uzadılması üçün müxtəlif üsullar axtarılır. Məsələn, İtaliyada xüsusi “çip”lər hazırlanır. Məlumata görə, həmin “çip”lər dərinin altına yerləşdiriləcək. Guya həmin “çip”lər orqanizmdəki cüzi dəyişiklik haqqında dərhal xəbər verəcək. İlkin diaqnoz insanın orta hesabla 120 il yaşamasına köməklik edəcək. Bundan başqa, alimlər yaxın gələcəkdə süni orqanların yaradılmasının mümkün olacağını, bununla da insanların 150 ilədək yaşamasına imkan yaranacağını bildirir.