İstirahət günləri normadan artıq yatmaq, bəlkə də, insanların ən zəif yerlərindən biridir. Alimlər artıq yuxunun piylənməyə səbəb olduğunu bildirirlər. Hər hansı şəxs nə qədər çox yatırsa, bir o qədər də piylənmə ilə əlaqədar xəstəliklər qazanır.
Mütəxəssislərin rəyinə görə, iş və istirahət günlərindəki yuxu müddətinin fərqi bədən üçün təhlükə törədir. Onlar bunu 800-dən çox könüllü insan üzərində araşdıraraq sübut ediblər. Əvvəlcə könüllülərin çəkisi, boyu ölçülüb, onlardan qan nümunələri götürülüb. Sonra könüllülər arasında neçə saat yatmaları haqqında sorğu aparılıb və maraqlı nəticələr alınıb.
Məlum olub ki, adi iş günü ilə müqayisədə istirahət günü iki saat artıq yatanların çəkiləri artır və onlarda diabet xəstəliyinə meyllilik yaranır. Mütəxəssislər vəziyyətdən çıxış yolu üçün fəal həyat sürməyi, səhər tezdən idman zallarına getməyi məsləhət bilirlər.