Yuxu insan orqanizmi üçün həyati əhəmiyyət kəsb edən bir fəaliyyət olsa da, onun həddindən artıq olması da müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər. Yuxunun miqdarı və keyfiyyəti birbaşa bədənimizə təsir edir. Bu mövzuda “Gencaile.az” saytına açıqlama verən MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova bir sıra məqamlara aydınlıq gətirdi.
Həkimin sözlərinə görə, yuxu müddətinin uzun olması bədənin funksiyalarına mənfi təsir göstərə bilər: “Çox yatmaq orqanizmdə müxtəlif problemlərin yaranmasına səbəb ola bilər. Bədən uzun müddət hərəkətsiz qaldıqda qan dövranı zəifləyir, əzələlər atrofiyaya uğrayır və metabolizma prosesləri pozulur.”
Nərminə Abbasova, uzun müddət yatmanın xüsusilə metabolizmə təsirindən danışaraq, bunun uzunmüddətli olaraq bədən çəkisinin artmasına və insulinin dövriyyə sistemində balanssızlığa gətirib çıxara biləcəyini qeyd edir: “Çox yuxu həmçinin qan şəkərinin yüksəlməsinə səbəb ola bilər ki, bu da diabet riskini artırır.”
Həkim, yuxu zamanı beynin də hərəkətsiz qaldığını, bunun nəticəsində stres hormonlarının daha yüksək səviyyələrə qalxa biləcəyini bildirir: “Uzun yuxu stresi artırır və bu da ürək-damar xəstəlikləri və hipertansiyon riskini yüksəldir.”
Nərminə Abbasova həmçinin, yuxusuzluğun da sağlamlığa zərərli olduğunu vurğulayır: “Yuxu balansı vacibdir. Çox az və çox yuxu həm orqanizm üçün zərərlidir. İdeal olaraq, 7-9 saat yuxu hər bir insan üçün optimaldır.”
Yuxu keyfiyyətinin artırılması və sağlam yuxu nizamının qorunması üçün həkim balanslı həyat tərzinin vacibliyini qeyd edir: “Hərəkətli həyat, düzgün bəslənmə və stressin idarə olunması yuxu keyfiyyətini yaxşılaşdırar və ümumi sağlamlığı müsbət təsir edər.”
Sonda, çox yatmaq və ya çox az yatmaqdan qaçınmaq, balanslı bir yuxu rejimi qurmaq orqanizm üçün ən yaxşısıdır. Yuxu mütəxəssisləri və həkimlər, yuxu müddətini düzgün tənzimləyərək, insanların daha sağlam və enerjili həyat sürmələrini tövsiyə edirlər.