Hazırda ölkəmizdə ya biganəlik, ya da imkansızlıq səbəbindən ağzında çürük dişi olmayan adam az tapılar. Hətta ağzında illərdir bir neçə çürük dişi olan insanlar var. Dişini çəkdirməyə qorxan, ən sonda məcbur qaldıqda stomotoloqa müraciət edənlər az deyil.
Heç şübhəsiz, əksəriyyətin dişlərini vaxtında müalicə etdirə, plomblatdıra bilməməsinin kökündə qiymətlərin baha olması durur. Məsələn, bir dişə plomb qoydurmağın minimum qiyməti 25 manatdan başlayır. Ucuz plobmların tez xarab olduğu hər kəsə məlumdur. Odur ki, çoxları bir diş üçün 40-50 manatlıq plomb qoydurmağa məcbur olur. Dişlərin digər müalicə növləri də kifayət qədər baha başa gəlir.
Çoxlarının imkansızlıq səbəbindən dişini müalicə etdirə bilməməsi çürük dişlərin digər orqanları da xəstə salmasına gətirib çıxarır, nəticədə vəziyyət daha da pisləşir.
Saç tökülməsi…
Bir çoxumuz bilmirik, amma alimlərin araşdırmasına görə, sağalmayan üz yaralarının, saç tökülmələrinin dişlərdəki çürüklə əlaqəsi var. Belə ki, birdən ortaya çıxan saç qırılmaları və tökülmələri dişdəki infeksiyalardan qaynaqlana bilər. Bədənə diş xəstəlikləri ilə daxil olan bakteriyalarla mübarizə aparan immunitet sistemi zəiflədiyindən sağlam bədən hüceyrələri də zədələnməyə başlayır. Odur ki, sözügedən problemlər üzə çıxır. Buna görə də diş çürüməsinin qarşısını vaxtında almaq lazımdır.
Bakteriyaların təsiri…
Diş çürüməsi bir çox səbəblərdən yaranır. Bakteriyaların təsiri, şəkər, un və digər qidaların bunda təsiri çox böyükdür. Çürümə bir çox hallarda dişin daxilində də ola bilir. Bu halda gözlə görünmür və dişin içərisi ovulduğundan bir az sərt qidalar toxunan kimi qırılır. Dişlərdə daxili çürümənin olub-olmadığını stomotoloqa müraciət etməklə müəyyənləşdirmək çox asandır.
Diş çürüməyə başladıqda ağrılar başlayır. Ağrı soyuq, isti, şirin və ya qaynadılmış qidaların təsiri ilə də başlaya bilir. Ağrının şiddəti insandan insana dəyişir, bəzən müalicə edilmədikdə ağrı fasiləsiz hal almağa başlayır.
Oynaq xəstəlikləri…
Çürük dişlər sümük və oynaqların sağlamlığına ciddi ziyan vurur, oynaqlarda iltihabların inkişafına gətirib çıxardır.
Çürümüş dişi vaxtında müalicə etdirmədikdə orqanizmə zərər vurmaqla yanaşı, digər sağlam dişləri də tədricən zədələmə başlayır. Bu proses tədricən getdiyindən insanların diqqətini çəkmir. Lakin çürük dişlərdəki zərərli bakteriyalar digər dişlər arasında da yayılmağa başlayır. Orqanizmin bir yerində yaranan infeksiya digər yerlərə də təsir etməyə başlayır.
Bakteriyalar qan dövranı ilə bədənə yayılır
Dişləri nizamlı olaraq gündə iki dəfə fırçalamaq olduqca əhəmiyyətlidir. Dişlərin sağlamlığı üçün turşulu içkilərdən, çay və qəhvə kimi dişlərə mənfi təsir edən içkilərdən uzaq olmaq lazımdır.
Çürük dişlərdəki bakteriyalar qan dövranı ilə bədənə yayılır.
Gözü zəiflədir
Çürük dişlər bəzi qadınlarda erkən doğuşa gətirib çıxarır, görmə pozğunluğuna, böyrəyin fəaliyyətində problemlərə səbəb ola bilir.
Ağız qoxusu
Çürük dişlər ağız qoxusuna səbəb olur. Dişləri vaxtında müalicə etdirdikdə və çürük dişləri çəkdirdikdə qidalanma rahatlaşır, diş ağrısı olmur, ağrıkəsicilərə ehtiyac qalmır, çürük dişlərin infeksiyası digər orqanları zədələmir, estetik görünüş bərpa olunur və ağız qoxusu aradan qalxır. Odur ki, mümkün olduğu qədər dişlərimizə biganə qalmamalıyıq.