efzeleddin R

Cütlüklərin arasında sağlam əlaqələrin patalogiyası – 2-Cİ YAZI

Baxış sayı: 671

Keçən məqaləmizdə qeyd etdik ki, ilk olaraq, assertiv, yəni aydın və səmimi olaraq fikir ifadə edilməlidir. Burada Mc. Maklerin aydın və birbaşa dialoq üslubunun da önəminə diqqət çəkdik. Amma cütlərin ailədə dialoqu yalnız aydın və birbaşa qurması ilə məsələ bitmiş sayılmır. Burada başqa amillərdə mövcuddur ki, onları nəzərdən qaçırmaq olmaz. Dialoq zamanı qarşı tərəfə çatdırmaq istədiyimiz, daha doğrusu anlatmaq istədiyimiz məlumatlar, duyğular, hisslər sözlərlə ifadə olunduğu zaman, bir sıra məsələlərə xüsusi diqqət etməliyik. O cümlədən;

1) Kəlmə seçiminizə diqqət edin.

Dialoq zamanı, əsas fikrimiz nə qədər məsum və xeyirxah olsa də, bəzən yanlış kəlmə seçimi qarşı tərəfə onun hücum xarakterli, alçaldıcı, aldadıcı və sair mənfi səciyyələr daşıdığını ima edir. Məsələn, ər həyat yoldaşına dəfələrlə zəng edir. Hansısa bir problem üçün onun yardımını istəyir. Amma yoldaşı telefonun səsiini aldığına görə zəngi görə bilmir. Evə gəlməyə məcbur olan ər yoldaşını ağır ifadələrlə tənqid edir. Bir halda ki, bu məsələni nəinki həll etmir, əksinə daha da qəlizləşdirir. Ən əsası isə ailədəki qarşılıqlı hörmətə və sevgi bağlarına zərbə vurur. Bəzi cəmiyyətlərdə sosial mədəni mentalitetin təzyiqi əsasənda qadın ərinin acı sözlərinə reaksiya və qarşılıq verməsə belə, bu ona olan etibarını zəiflədir, özünü güvəndə hiss etmir və ən pisi də, qadında artıq əri üçün dəyərli olduğuna şübhələr yaranmağa başlayır.

Yaxud xanım ərinə evdə şam hazırlamaq üçün nəyisə alıb gətirməsini tapşırır. Ər tapşırılan ərzaqı müəyyən səbəblərə görə gec gətirirsə, xanımın ona verdiyi reaksiya “Sən ata deyilsən? Bu qədər məsuliyyətsizlik olar? Onsuz da biz sənin üçün əhəmiyyətli deyilik. Çox eqoist və qəddar insansan. Səndən heç xeyir görmədik.” kimi olarsa, sözsüz ki, qarşı tərəf müdafiyə cəbhəsi alacaq və bu sözləri “şəxsiyyətinə hücum” kimi dəyərləndirəcəkdir. Həmçinin, onun ailəsi üçün çəkdiyi bütün zəhmətlərin gözardı edilməsi və qiymətləndirilməməsi kimi anlaşılacaqdır. Halbuki, xanım ona “Hamımız acıq, uşaqlar da çarəsiz qalıb yatdılar. Çox gec oldu. Mənim yemək hazırlamağım zaman aparacaq. Çox narahat olduq.” Kimi öz ağrısını, acısını bölüşməklə problemi ona ifadə etsə, eyni reaksiyanı görməyə də bilər. Burada əsas olan kəlmələrin düzgün seçilməsi, qarşı tərəfin onu özünə dəyərsizlik, naşükürlük, hücum, təhqir və təhdid kimi başa düşməməsidir. Əgər dialoq zamanı keçirdiyimiz ağrı və acıları düzgün təsvir edərək, qarşı tərəfdə buna anlayış yaratsaq, çox zaman daha keyfiyyətli əlaqə qura bilərik. Kəlmələrin seçimində “sən beləsən”, “sən bunu etdin”, “sən sən sən” kimi günahlandırıcı ifadələrin yerinə, yaxud alçaldıcı, təhqir edici, tikanlı sözlərin yerinə, problemin olduğu kimi təsviri, həmçinin, dəyən zərəri “mən pis vəziyyətdə qaldım”, “biz filan əzaba, çətinliyə məruz qaldıq” kimi yaşadığınız problemi və acıyı bəyan etsəniz, onsuz da qarşı tərəf bunun səbəbkarının özü olduğunu sətraltı olaraq anlayacaqdır.

  • Səs tonunuza diqqət edin.

Dialoq zamanı əhəmiyyətli məsələlərdən biri də, düzgün kəlimə seçimindən sonra, ona uyğun səs tonu ilə ifadə etməkdir. Təsəvvür edin, siz birinə “sən çox gözəlsən”, yaxud sadəcə “çox sağ ol” dedikdə, bunu səmimi söyləsəniz, səmimiyyətinizə uyğun səs tonu ilə bəyan etdiyiniz üçün qarşı tərəfdə gözəl hiss və duyğular oyandıracaqdır. Amma uyğunsuz, istehzalı, ya quru şəkildə desəniz, səs tonunuzdan qarşı tərəf imalı danışdığınızı, bir növ narazı olduğunuzu anlayacaqdır. Səsinizdə nə qədər səmimiyyət, mülayimlik və ortaq mövqe əldə etmək çalarları hiss olunsa, qarşı tərəfə bir o qədər sülh və dostluq mesajları vermiş olacaqsınız. Bu da, dialoqun razılaşma ilə bitəcəyinə zəmin yaradacaqdır. Ən azından, qarşı tərəfin sonradan fikrini dəyişməsi ehtimalı yüksək olacaqdır.

  • Səsinizi ucaltmayın.

Cütlər hansısa məsələni müzakirə etdiklərində, çox zaman ucadan danışmağa meyillidirlər. Sanki qışqıraraq danışdıqlarında qarşı tərəf onları daha tez anlayacağını düşünürlər. Halbuki, bu əksər hallarda tərs effekt verir. Yüksək səslə fikir ifadə etmək, təhdid, hücum, şəxsiyyətin alçaldılması, dəyərsizlik, qorxu və sair kimi hisslər ifadə etdiyi üçün, qarşı tərəf problemə mərkəzləşmək əvəzinə, diqqətini bu amillərlə mübarizəyə yönəldir.

  • Dinləməyi bacarın.

Danışmağı və özünü ifadə etməyi bacarmaq qədər, dinləməyi bacaqmaq da çox əhəmiyyətlidir. Əslində insanların ən çox ehtiyacı olan, kiminsə onları düzgün və dəyər verərək dinləməsidir. Burada dinləməkdən məqsəd, “qarşı tərəfin sözünə qulaq asmaq” deyildir. Dinləmək,“anlamaq” mənasınadır. Qarşı tərəfi “anlamaq məqsədilə onu dinləmək”. Bunu həqiqi mənada istəmək. Bunun üçün çalışmaq.

Yoxsa, qarşı tərəfin “sözünün bitməsini gözləmək” üçün dinləməyin faydası yoxdur. Yaxud onu dinləyərkən, “etdiyi iradlara bir-bir zehnində cavab hazırlamağın” heç bir xeyri yoxdur. Bu dinləmək deyil. Bu müzakirə zamanı “haqlı çıxmağın yolunu axtarmaq”dır. Halbuki, kiminsə haqlı çıxması deyil, problem yaradan səbəbin aradan qaldırılması ilə mübahisələrə, münaqişələrə və narazılıqlar ason qoymaq mümkündür.

Dinlədiyiniz zaman, o dayandıqda, siz onun söylədiklərini xülasə olaraq çox qısa şəkildə təkrarlayın ki, sizin onu dinlədiyinizi anlaya bilsin və bu onu rahatladacaqdır. Sizin onun sözlərinə ciddi yanaşdığınızı, ona dəyər verdiyinizi və həqiqətən də məsələninhəllinə çalışdığınızı ifadə edəcəkdir.

Həmçinin siz də danışdığınız zaman, həyat yoldaşınızın sizi yaxşı dinləməsinə kömək etmək üçün sözlərinizi qısa və faydalı şəkildə ifadə etmək çox vacibdir. Uzun monoloqlar vərdişiniz varsa, həyat yoldaşlarınız üçün danışıq bacarıqlarını xatırlayın ki, bu da sizi fasilələrdən qoruyacaq. Partnyorunuzun dediyinizi başa düşdüyünə əmin olmaq üçün fasilə verə bilərsinizArada fasilə verin ki, onun demək istədiklərini də eşidə biləsiniz.

Bura qədər qeyd etdiklərimiz dialoq zamanı sözlə ifadələrin qarşı tərəfə ötürülmə formalarına aid idi. Lakin bir sıra amilləri də nəzərdə almalıyıq ki, dialoqun səmərəli olmasına zərbə vurmamış olar. O cümlədən;

  • Göz əlaqəsi yaradın.

Qarşı tərəflə danışdığınız zaman göz əlaqəsi qurun. Gözlər qəlbin aynasıdır deyiblər. Əbəs yerə deyil ki, insanlar bir-birilərinə baxdıqları zaman, qarşı tərəfin gözündə özünü müşahidə edir. Baxış tərzi səmimiyyətin, empatiyanın, anlayışın və dəyər verməyin duyğulardakı inikasıdır. Gözlərinizi qaçırdığınız zaman bu səciyyələrdən məhrum qalmış olacaqsınız. Gözlərin baxışı, bir növ əllərin tutuşuna bənzəyir və oxşar effekt verir. Bir-birinizin gözlərinə gözəl baxmağı sınayın.

  • Dialoq zamanı həyat yoldaşınıza yaxın əyləşin.

İnsanlar onların yanında əyləşən şəxsi özünə daha yaxın hiss etdiyi üçün, bəzi hallaqda həyəcanları azalır, əsəbləri soyuyur və ifrat aqressivlik göstərmirlər. Həmçinin, bu zaman siz, xəfifcə gülümsəyə (çox gülməyin ki, sizin onu ələ saldığınızı düşünə bilər), fiziki təmasda ola bilərsiniz. Məsələn əlini tuta və yaxud ona yavaşca toxuna, sığallaya bilərsiniz.

  • Üz ifadələrinizi, mimika və jestlərinizidüzgün tarazlayın.

Şəxslərarası ünsiyyətdə istifadə etdiyiniz sözlər qədər şifahi olmayan ifadələr də vacibdir. Əl və qol hərəkətləriniz, bədən duruşunuz, üz ifadəniz, göz hərəkətləriniz, jestlər və mimikalarınızla insanlara bəzi mesajlar verirsiniz. Beyin bu şifahi olmayan ifadələri saniyənin beşdə birində mənalandırır. Ona görə də tez-tez ilk baxışdan insanlar haqqında müəyyən təəssüratlar alırsınız. Çox vaxt insanın üzünə baxaraq onun duyğularını və əhvalını təxmin edə bilirik. Misal üçün, qaşları çatmağı narahatlıq və ya qəzəb əlaməti, qaşları qaldırmağı təəccüb əlaməti və gülümsəməyi məmnuniyyət nişanəsi kimi qavrayırıq. Müzakirə zamanı, üz ifadələrimizlə qarşı tərəfə neqativ duyğular ötürdüyümüz zaman sözsüz ki, ondan pozitiv hisslər əldə edə bilməyəcəyik.

Jestlər insanın etdiyi minik və adətən xüsusi mənası olan hərəkətlərdir. Məsələn, çiyinlərinizi silkələmək anlamamaq, etinasızlıq və ya mövzuya maraqsızlıq əlaməti ola bilər. Əl və bədən hərəkətləri və jestlərdən istifadə qarşı tərəfə verdiyiniz mesajın təkmilləşdirilməsi və ünsiyyətin daha cəlbedici olmasında mühüm rol oynayır.Eyni zamanda qarşı tərəfin necə oturması, durması və sair bizə çox şey göstərir. Əgər həyat yoldaşınızı boynunu yana əymiş, başı aşağı və sair görsəniz, yəqin ki, onun kədərləndiyini təxmin edərsiniz.

Baş, əl, qol, ayaq, ayaq və bədəndən istifadə də jestləri təşkil edir. Məsələn, göz qırpmaq, başını tərpətmək və qol açmaq kimi hərəkətlər tez-tez söhbət zamanı dedikləriniz və ya eşitdikləriniz barədə mesajlar verir.Diqqət edilməli olan məqam isə ifadə etdiyimiz əlamətlərin həqiqətən duyğularımızla əlaqəli olub-olmaması, qarşı tərəfə hansı mesajları çatdırmaq istədiyimizdir.

İnsanlar kiminləsə ünsiyyət qurarkən, sadəcə danışmırlar, fiziki hərəkətlərlə dediklərini də dəstəkləyirlər. Heç kim bədən dilinin ifadələrindən asanlıqla qaça bilməz. Başqa sözlə, danışaraq bir şey söyləmək istəyərkən bədənimiz bizi ələ verir. İnsanlar ünsiyyət qurarkən təkcə düzgün başa düşmək deyil, həm də, düzgün başa düşülmək istəyirlər. Öz bədən dilinizi düzgün tənzimləsəniz, vermək istədiyiniz mesajlara zidd olmayan bədən dilini istifadə edə bilərsiniz.

  • Dialoq üçün düzgün zaman və məkan seçin.

İlk növbədə cütlər həyəcanlı və emosiyalarını cilovlamağı bacarmadıqları zaman hansısa bir məsələni müzakirə etməyə başlamalıdırlar. Səbirli olmalı, özlərini ələ aldıqdan və hisslərini cilovlayacaqlarına əmin olduqdan sonra dialoqa başlamalıdırlar. İkinci məqamda isə, hansısa məsələ haqda danışmaq üçün uyğun zaman və məkanı seçməlidirlər. Məsələn ac, yorğun olduqları vaxt deyil, fiziki cəhətdən hazır olduqları zaman müzakirəyə başlamalıdırlar. Məsələn, insanların içində, səs-küylü yerdə, itici rənglərə sahib və havası ağır olan məkanlarda dialoq aparılmaması tövsiyə edilir. Xoş xatirələrin olmadığı, yanlış hadisələri yada salan məkanlar da bu qəbildəndir.

Son olaraq bunu qeyd etmək istərdim ki, ailədə sevgi cütlərə dəyərli olduğunu hiss etdirməli, səmimiyyət onlara əmin-amanlıq bəxş etməli, sədaqət isə etibarlı əlləri tutduğundan xəbər verməlidir. Amma ki, cütlər sevgini şəhvət, səmimiyyəti şidddət, sədaqəti xəyanətlə əvəzlədiyi təqdirdə, hüzur deyil, hüzün əldə edəcəkdir.

 

PhD. Əfzələddin Rəhimli

İlahiyyat üzrə Fəlsəfə elmlər doktoru,

Peşəkar ailə müşaviri, Həyat koçu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir