Hal-hazırda konsultasiya verdiyim şirkətlərdə işə qəbul prosesində fəali iştirak etməyimhər həftə yüzlərlə CV ilə qarşılaşmağım, onlarla insanlarla müsahibə (müsahibə mövzusunda məqaləm) keçirməyim üçün münasib şərait yaradır. Buna əlavə olaraq öncəki dövrlərdə olan peşəkar idarəçilik fəaliyyətim ərzində minlərlə CV qəbul etmişəm, görmüşəm, analiz etmişəm. İncələdiyim CV-lərin böyük hissəsi nəinki iş həyatı standartlarına uyğun deyil – bunlar heç sadə bir kontrolu keçə bilmir.
CV-lərdə gördüyüm nöqsanlara əlavə olaraq bloqumun və facebook səhifəmin izləyicilərindən bu mözvuda fikirlərimin yazmağımı xahiş edən yazılar almağım məni “CV haqqında nələri bilməlisiniz?” mövzusunda bir məqalə yazmağa vadar etdi.
Bu məqalə bir HR mütəxəssisi tərəfindən yazıla biləcək məqalədən fərqlidir. Çox detallara enmədən (CV-də məlumatların ardıcıllığı kimi) ümumi əsas məqamları məqalədə üst idarəçi olaraq qeyd edirəm.
CV nədir?
CV hazırlamadan öncə birinci növbədə hər bir insan özündə dəqiq təsəvvür yaradmalıdır ki, CV nədir və ən əsası- bu sənədin əhəmiyyəti və məqsədləri nədir?
CV :
Sizi şəxsən tanımayan bir insanın Sizin həm peşəkar, həm də şəxsi keyfiyyətləriniz haqqında məlumat alacağı ilk mərhələdir;
Sizin peşəkar bacarıqlarınıza əlavə olaraq CV həm də insanın detallara qarşı olan yanaşmasını göstərir;
CV hər birinizin vizitkasıdır, şəxsi brend, stil və özünüzü təqdim etmə bacarığınızı göstərən sənəddir;
CV-ni “soyuq satışlarla” müqayisə etmək olar və burada məqsəd bir sonrakı mərhələyə, müsahibəyə dəvət əldə etməkdir;
CV vasitəsi ilə potensial işə götürənin diqqətini özünüzə cəlb edə bilərsiniz ki, Sizi tanımayan insan Sizi görmədən görüşmək istəsin.
Unutmayın!!!!
CV-ləri analiz edən insan (adətən HR mütəxəssisi və ya rekruter) gün ərzidə onlarla, bəzən yüzlərlə CV gözdən keçirir. Bu insanların ciddi zaman sıxıntısı olur və hər CV-yə ayıracaq çox az zamanlar var.
Sizin CV-niz haqqında təəssürat əldə etmək və bir sonrakı CV-yə keçənə qədər bir mütəxəssisin 2 dəqiqəsi var.
CV hazırlayanda bu 10 xüsusiyyətə diqqət edin
Müşaiyət məktubu
CV rəsmi bir sənəddir və özünüz haqqınızda demək istədiyiniz hər şeyi ona daxil edə bilməzsiniz. Misal üçün, CV-də “niyə məhs bu şirkətdə işləmək istəirəm” yaza bilməzsiniz. CV-də emosiyaları göstərmək mümkün olmur. Müşaiyət məktubu Sizin özünüz haqqınızda danışmaq və əlavə məlumat vermək imkanlarını artırır. Müşaiyət məktubunun əsas məqsədi işəgötürənin diqqətin cəlb etmək və yadında qalmaqdır.
Təcrübəm : Bir həftə öncə bir şirkət üçün satış personalı axtarılırdı. Göndərilən 100 CV-dən cəmi birində müşaiyət məktubu vardı. Digərlər insanlar CV-ni əlavə edərək boş məktubla göndərmişdirlər.
CV məzmunu
CV məzmunu aydın, dəqiq şəkildə bölünmüş, Sizin peşəkar məqsədləriniz və bacarıqlarınız haqqında məlumat verməlidir.
Hər gün onlarla CV analiz edən insanlar CV-də yazılmayanları təsəvvür edə bilməzlər. Siz özünüz CV-ni sistemli şəkildə özünüz haqqınızda təqimdat olaraq düşünməlisiniz.
Dəqiq məqsəd
Məqsədinizi dəqiq və aydın şəkildə ifadə edin – hansı sahədə hansı vəzifə məqsədinizdir.
“Maraqlı iş tapmaq” və “öz bilik və bacarıqlarıma uyğun iş tapmaq” kimi ümumi ifadələr ciddi qarşılanmayacaq.
Məqsədiniz Sizi digər iş axtaranlardan fərqləndirən xüsusiyyətlərdən biri olacaq, çünki çox insan öz məqsədlərini yazmır.
Təcrübəm : məqsədini CV-də qeyd edən insan dərhal diqqətimi çəkir, çünki məqsədi olan və bunu ifadə edən insanlar azdır. Bu qərar vermədə vacib bir amil olmur, ancaq kiçik də olsa, amma bir müsbət işarət alır iş axtaran.
Forma
Eyni yazı stilini istifadə edin. Mən hər zaman “Arial” məsləhət edirəm : rahat oxunan və rəsmi bir yazı şriftidir.
Çərçivələri, hərflərin qalınlaşdırılması və altlatının vurğulanmasını doğru istifadə edin.
Təcrübəm : kiçik hərflərlə yazılan CV-ləri oxumaq çox çətindir. Bir insan BÜTÜN bir işi üçün vəzifə təlimatının yarısını yazırsa, oxumaq lap çətinləşir.
Qrammatik səhvlərin olmamasına diqqət edin
CV incələrkən məni ən çox narahat edən məsələlərdən biri qrammatik səhvlərin olmasıdır. Mətndə çox sadə qrammatik səhvlərə yol verən insan səliqəsiz insan olaraq görünür və qəbul edilir.
İş təcrübəsi
Işlədiyiniz şirkətlərin adlarını yazanda hansı sahədə fəaliyyət göstərdiyiniz və hansı məhsul və xidmətləri təklif etdiyini də yazın. Biznes sahəsində çox fəal olmağıma baxmayaraq bəzi şirkətlər haqqında məlumatım olmaya bilər.
Iş təcrübəniz haqqında yazanda ümumi vəzifə öhdəliklərinin geniş şəkildə yazılması yerinə əsas 3 işi yazqdıqdan sonra əldə etdiyiniz nailiyyətləri rəqəmlərlə (mümkünsə əgər) qeyd edin. Bu çox vacib xüsusiyyətdir : insanın nəinki lakonik və dəqiq olmasını göstərir – bu həm də iş axtaranın müvəffəqiyyəti ölçə bildiyinin nümunəsidir.
Şəxsi keyfiyyətlər
CV-ləri analiz edəndə bəzən mənə elə gəlir ki, ölkəmizdə insanların hamısı eynidir : hərkəsin kommunikasiya bacarığı güclüdür, hamı disiplinlidir və özünü inkişaf etməyə hazırdır.
Bəzən müsahibə zamanı bu xüsusiyyətləri yazan insanlara sual verirəm – z.o. bu keyfiyyətləri nümayiş etdirdiyiniz real vəziyyət haqqında danışıq. Bu xüsusiyyətlər yazılıbsa CV-də, o zaman bunları sübut edəcək halları da düşünmək lazımdır.
Xobbi
Xobbilər də, şəxsi keyfiyyətlər kimi – eyni : “müsiqi dinləmək, kitab oxumaq, istirahət”. İstirahət xobbidir? 🙂
Real maraqlarınız haqqında yazın və bilin ki, hər bir insanı digərlərindən fərqləndirən həm də maraqlarıdır.
Müsahibələrdə sual verirəm :
CV-də yazmısınız ki, özünüzü inkişaf etdirirsiniz. Son 3 ayda inkişafınız üçün nə etmisiniz?
CV-də yazmısınız ki, kitab oxumaq xobbinizdir? Indi hansı kitabı oxuyursunuz?
Xobbi olaraq idman yazmısınız. Hansı idman növü ilə məşğul olursunuz?
Foto
Şəklinizi rəsmi olmaldır. “Mən və mənim evim” və ya “mənim avtomobilim” tərzində olmamlıdır. Yeni çəkilmiş olmalıdır- 3 il öncəki yox. Bəzən elə gəlir ki, otağa girən və CV-dəki şəkildə olan insanlar fərqli insanlardır.
Kontakt məlumatları
CV-ni öz “ciddi” e-mail adresinizdən göndərin. Bəzən aşağıdakı kimi e-mail adreslərindən CV-lər gəlir :
zor_oglan1992@yandex.ru
canabakinka1994@mail.ru
tənhadovşan1992@mail.ru
mestanka1994@yandex.ru
yedinka1987@yahoo.com
(bu mail adresləri real deyil, özüm düşünmüşəm. Varsa – sadəcə təsadüfdür)
Bunları etməyin
CV-nizi dövlət qurumlarının hazır formalarında hazırlamayın. Bu formlar çox uzun və mənasız məlumatlarla dolu olur. Ya Siz onları doldurmalı olursunuz, ya da boş buraxırsınız. Nəticədə isə görüntü ya məntiqsiz olur, ya diqqət yayındırıcı. CV-nin əsas məqsədi Sizin xüsusiyyətlərinizi, keyfiyyətlərinizi, bacarıqlarınızı qısa, konkret, məntiqli və ardıcıl şəkildə göstərmək. Bir xanım üçün isə “Əsgərlik” bölümündə “olmamışam” yazılması çox da mühim məlumat deyil;
İngiliscə bilmirsinizsə, CV-nizin bu dildə hazırlanmasının heç bir mənası yoxdur. Dəfələrlə şahidi olmuşam ki, ingiliscə CV-si olan bir insan CV-də yazılanlar haqqında məlumatlı deyil;
Unutmayın ki, 21.ci əsrdə yaşayırıq. CV-də “kompyuter bilikləri” bölməsində “internet bilirəm” yazmayın. Əgər belə bəsit bir məsələni qeyd edirsinizsə, o zaman “iki əlim” var da yazmaq olar;
Real təcrübə və bacarıqlarım olmamasını ümumi vədlərlə doldurmayın : “tez öyrənirəm”, “qarantiya edirəm”. CV emosinal vədlərdən ibarət olmamalıdır;
Elanları oxuyun. Sıx sıx elanı oxumadan iş üçün müraciət edən insanlarla qarşılaşıram. İnsan müsahibəyə dəvət edilir, və görüş vaxtı elanda yazılan tələbləri və maaşı oxumadığı müəyyən olunur. Bir insanın dərman aldığını düşünək. Dərmanı ancaq “dərman” olduğuna görə alıb və tərkibini, hansı xəstəlikləri və nə qədər zamana müalicə etməsini oxumadan içmək nə qədər məntiqli olar?
Səhv və doğru olmayan məlumatları CV-də yazmayın. Bir insanın işlədiyi firmada 5 nəfərə şirkət haqqında məlumat verməsi o demək deyil ki, təlimçi işləyib. CV-də yazılan hər söz və hər kəlimə doğru olmalıdır. Müsahibə vaxtında verilən suallara tam və dolğun cavab verməyiniz və ya verməməyiniz bütün REAL təcrübənizi ortaya qoyacaq. Unutmayın ki, hər gün onlarla insanlarla görüşlər keçirən HR mütəxəssisi artıq bu mövzularda kifayət qədər təcrübə toplamış olurlar. CV-də yazdığınız hər bir cümləyə görə məsuliyyət hiss edin.
UNUTMAYIN. CV iş tapmaq və peşəkar məqsədlərimizə çatmaq üçün birinci və ən vacib addımlardan biridir. Öz bilikləriniz, bacarıqlarınız və məqsədləriniz haqqında elə tərzdə məlumat vermək lazımdır ki, Sizi tanımayan insan Sizi ikinci mərhələ olan müsahibəyə dəvət etsin.
Hər birinizə peşəkar həyatınızda uğurlar arzulayıram!
AAAF Holdinqin vitse-prezidenti Fəxri Ağayev