endirim

Dəbin diktəsi və ya moda manqurtluğu

Baxış sayı: 340

Moda deyəndə hamımızın ağlına bir şey gəlir – trendlər, çeşidlər, saysız-hesabsız geyimlər, hər ay yeni versiyası çıxan telefonlar, aramsız dəyişən ev dizaynı, texnoloji alətlər və daha nələr, nələr. Moda bir çoxunun həyat tərzi, bir çoxunun ayaq uydurmaq məcburiyyətində qaldığı vəziyyətdir. Hər il, hər ay, hər həftə dəyişən moda insanı özünə əsir edib desək, yanılmarıq. Əslində fərqində deyilik, amma moda bizi idarə edir. Xüsusilə sosial şəbəkələrin təsiri ilə bu idarəetmə təsirləri günü-gündən artır. İnsanlar istədikləri kimi geyinmək yerinə dəbin diqtəsi ilə geyinməyi üstün tutur, özünü buna məcbur hesab edir. İnsanlara moda, dəb proqramları, instaqram fenomenlərinin vasitəsi ilə nə geyinməyi, necə geyinməyi təlqin edirlər. Beləcə, insan zamanla öz istəklərini, iradəsini itirir, özünü yalnız modanın ixtiyarına verir, nə təlqin edilirsə təkrarlayır, nə satılırsa alır, nə istehlak edəcəyini özü yox, moda dünyası qərarlaşdırır. Dünənə qədər geyinmək istəmədiyini bu gün geyinirsə, deməli, idarə edilmək onun xoşuna gəlir.

Təbii ki, dəb dediyimiz sərhədsiz anlayış yalnız geyimlə məhdudlaşmır. Bizə dəb, moda adı altında ehtiyacımız olmayan hər şeyi sata bilirlər, sevmədimiz musiqini dinlədə bilirlər, bəyənmədiyimiz yeməyi yedirdə bilirlər. Elə bilirsiniz sosial şəbəkə trendləri boşuna gündəmə gəlir? İçinə pendir doldurulmuş bibər turşusunu yeməyən qaldı? Yaxud, Dubay şokoladını dadmayan kimsə varmı? Bəs yumurtadan şokoladlı pudinq düzəltmək fikri necə? Güman ki, bunların hamısını siz də etmisiniz, ya da etmək istəmisiniz, çünki sizə bunu təlqin ediblər. Trend, moda, dəb budur – zorla istehlakçı yaratmaq, ona istədiyini etdirmək, aldırmaq.

Moda, dəb adı altında tarix boyu qadınlar özünə zülüm edib. Ayaqlarını qəlibə salıb böyüməyini dayandıranlar da bunu moda üçün edib, belini korsetlə sıxıb orqanlarına zərər verən də. Keçən əsrin əvvəllərində Bakıda qadınlar saç dəbi uğruna zərər görə, zərər verə bilirdi. Qadınlar saçlarını yığanda topuz qabarıq olsun deyə saçın altına banka qoyurdu. O dövrün ictimai nəqliyyatı olan konkada bashabas olanda çox qadının başında banka sınıb, yaralanıb, hətta qanaxmadan ölən də olub. Dövrün kişiləri konkada uzun saçlı pariki olan və şlyapalı qadınlardan da uzaq durmağa çalışırmış. Çünki o şlyapa parikə böyük və ucu kəskin iti olan sancaqla bərkidilirdi. Bu sancaq çox kişinin üz-gözünü yaralayır, gözünə girirdi. Bu haqda dövrün bədii ədəbiyyatında, mətbu orqanlarında da çox yazılırdı. Həmin dövrdə dünya modasında daş kimi bərk yaxalığı olan kişi köynəkləri də dəb idi, yaxalıq o qədər bərk olurdu ki nəfəs almağı belə çətinləşdirirdi, bəzən o köynəkdə yuxuya getmək ölümə də səbəb olurdu.

Dəb bütün dövrlərdə cəlbedici olub. Elə indi də dəbə görə hər şeyini verməyə hazır olan, bütün dəyərlərindən keçməyə razı olan insanlar var. Başqalarının yaşadığı həyatı yaşamaq arzusunda olan, geyindiyini geyinmək istəyən insanları da tarix yetişdirir. Sosial şəbəkə ulduzlarının, fenomenlərin getdiyi yerə getmək istəyir insanlar, onun yediyindən yemək, geydiyindən geymək istəyir. İnsanlar öz həyatını yaşamaqdan imtina edib başqasının həyatını yaşamaq istəyir. Qarderobundakı geyimlər gözündən düşür, dünənədək bəyəndiyi sevimli köynəyi bu gün gözünə iyrənc görünür, fenomenlərin reklam etdiyi geyimlərə həsrətlə baxır.

60-cı illərdə babalarımızın geyindiyi enli çiyinli, düz biçimli pencəklər indi necə dəb oldu, xatırlayın. Yöndəmsiz biçilmiş, geyinənin əyninə ən az 3-4 ölçü böyük olan bu pencəklərdən ölkədə geyinməyən qız-qadın qalmadı. İnsan əyninə yaraşanı geyinməkdən imtina edib içində üzdüyü, əynindən tökülüb itən, çox yox, 2-3 il əvvəl qətiyyətlə geyməkdən imtina etdiyi pencəyi indi dəbdir deyə niyə geyinsin ki? Dəb olmasa idi eyni geyimi qarderobuna daxil edərdimi? Əlbəttə ki, yox. Dəb üçün öz ideallarından, standartlarından, kriteriyalarından imtina edir. Xatırlayın, ötən il islaq görüntülü cinslər necə dəb olmuşdu? Şalvarın ağ hissəsi islanmış effekti ilə istehsal edilmişdi, sanki geyinən insan altını isladıb. Normaldır bu dəb? Amma normallaşdırmağa çalışdılar. Beləcə, insan özü də fərqində olmadan dəbin köləsi halına düşür.

Estetik əməliyyatları düşünün, onu da dəblə bu qədər kütləviləşdirdilər. Qətiyyən əməliyyata ehtiyacı olmayan insanları diqtə ilə dəyişməyə məcbur etdilər. Normal burunlar kəsildi, allahın qələmlə xüsusi çəkdiyi o qonçə dodaqlar şar kimi üfürüldü, o al yanaqlar rəndələndi, yumru çənələr itiləndi, gözlər dartılıb gicgaha tikildi. Son günlərin ən çox müzakirə edilən göz rəngi dəyişdirilmə əməliyyatlarını düşünün, insan simasında qalıcı olaraq bircə göz rəngləri dəyişə bilmirdi, indi onun da çarəsinə baxırlar. Hamısı ilin dəbi, dövrün trendi olduğu üçün edilir. Diqqət edin, bu il yolka kimi dik duran qaşlar necə dəb oldu? Qaşları xüsusi sabitləyici ilə dikinə darayıb tükləri nümayişə qaldıranlar da bunu moda üçün edir. Halbuki, bu dəb yarananadək qaş tüklərinin öz nizamından çıxan hissələri qayçı ilə kəsilirdi ki, səliqəli görünüş pozulmasın.

Bir də var texnoloji dəb. Bizi özünə əsir edən ən gəlirli dəb tələsi elə texnoloji yeniliklərdir. Texnologiya o qədər sürətlə inkişaf edir ki, bəzən özümüz də onun sürətinə yetişə bilmirik. Ən son modelini aldığımız telefonun menyusunu öyrənməmiş yeni versiyası satışa çıxarılır, “dəbdir” deyib onu almağa fokuslanırıq. Məşhur markanın telefonunu almağa, onu əlimizdə tutmağa özümüzü o qədər kökləmişik ki, vəhşicəsinə işləyib alın tərimizi 2 il ona ödəməyə hazırıq. Sosial şəbəkələrdə “iPhone 16″nın satışları olan mağazaların önündəki növbələrlə bağlı paylaşımları hamı görür. Əlindəki versiyadan demək olar ki fərqlənməyən yeni versiyaya ödəyəcəyi məbləği əziyyətlə qazananlar da az deyil onların arasında. Sizcə, bu normal haldır? 2 ay əvvəl son versiyasını aldığımız televizorumuz yeni versiyası çıxan kimi gözümüzdən düşür, elə televizor qiymətinə aldığımız qulaqlığımız da 2-3 ay sonra bizə köhnə, yararsız gəlir, yeni versiyanı almaq üçün dəridən-qabıqdan çıxırıq. Bu texnoloji yarışın, dəblə ayaqlaşmağın fonunda həyatımız, sağlamlığımız əlimizdən gedir, evdən işə, işdən evə gedib gələn, əlində son model telefonu, qulağında bahalı qulaqlığı olan texno-kölədən başqa bir şey olmuruq. Beləcə, dəb bizi özünə kölə edir, bizi idarə edir. Bu bir növ manqurtluqdur. Manqurtluğun nə olduğunu da hamı bilir.

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir