pehriz

Dəbin sonu, xəstəliyin başlanğıcı – anoreksiya

Baxış sayı: 572

Siz də fərqindəsinizmi, bütün televiziyalarda, qadın proqramlarında, reklam çarxlarında, küçələrdəki reklam şitlərində, internet saytlarında arıqlamaq üçün min bir resept təklif edilir. Qadınların əksəriyyəti arıqlamaq arzusundadır və əksəriyyəti bunun üçün dəridən-qabıqdan çıxır. Həm də arıqlamaq istəyənlərin heç də hamısı normadan kök olanlar deyil, 55-60 kilo çəkisi olan da arıqlamaq istəyir, 80-90 kilo olanlar da. Çox vaxt bu istək anoreksiya ilə nəticələnir – əsrimizin ən böyük problemlərindən biri ilə.

 

Arıqlamaq eşqi ölüm gətirir

İnsanın qəsdən qidalanmanı azaltması və ya qidadan tamamilə imtina etməsi, özünü zorla qusduraraq mədəsindəki qidadan qurtulmağı və bütün bunlara görə sürətlə zəifləməsi və arıqlaması anoreksiya adlanır. Həkim Mehman Qurbanov deyir ki, anoreksiyalı insanlar ürək bulanması, mədə ağrısı, qəbzlikdən də şikayət edirlər. Onlar xəstəlik səbəbindən cinsi əlaqədə ola bilmirlər, uzun müddət bu tələbatlarını ödəmədikləri üçün isə psixoloji problemlər yaşayırlar.

Həkim deyir ki, müasir tibbdə anoreksiyanı bir növ ruhi xəstəlik kimi də qiymətləndirirlər: “Cəmiyyətdə anoreksiyaya meyilli olduqca çox insan var. Əsasən, qadınların və yeniyetmə qızların arzusu olan arıqlıq anoreksiya həddinə keçəndə orqanizm üçün olduqca çox təhlükə yaranır. Hər gün arıqlayan, çəkisindən itirən bu insanlar özlərini hələ də kök hesab edərək qidalanmanı minimuma endirir, bəzən yeyir amma dərhal özünü yediyini qaytarmağa məcbur edir, bəzi hallarda ümumiyyətlə yeməkdən imtina edirlər. Arıqlamağa normal pəhriz proqramları ilə başlayan anoreksiya xəstələri sonralar bu proqramları ən kəskin formada tətbiq edərək bütün qidalanma prosesini dayandırır, yalnız gündəlik lazım olan zülal və mineralları, o cümlədən karbohidratı həb formasında qəbul edir. Getdikcə itirilən çəkilər insanı yeriyən skelet formasına salır”.

 

Canlı skeletlər həyatdan küsür

Zamanla itirilən çəki elə həddə çatır ki, insan sümüklərinin üzərində nazik dəri ilə qalır, piy qatı və əzələlər yox olur. 1.60 sm boyu olan gənc qız 20-25 kiloyadək arıqlayır. Yeriməkdə, nəfəs almaqda problemlər yaşayan bu insanlar evə məhkum olurlar. Getdikcə yeməyə nifrət hissi gücsüzlüklə əvəz olur, əvvəllər yemək istəməməsi və özünü şüurlu şəkildə arıqlatması ölümə belə səbəb ola bilir.

Anoreksiyalı insanlar getdikcə içinə qapanır, aqressiv və kobud olur, sosial həyatı olmur. Əvvəllər arıqlığından zövq alan bu insanlar sonralar öz bədəninə baxdıqca narahat olmağa başlayır, amma artıq psixoloji cəhətdən anoreksiya onun damarlarına işləyib, yeməyə qarşı aqressiya yaradıb. Özündəki problemin fərqində olan bəzi anoreksiyalı insanlar doğmalarını çox yedirməkdə maraqlı olurlar.

 

Anoreksiya necə yaranır?

Əslində həkimlər deyir ki, anoreksiya sadəcə yemək və çəki ilə bağlı problem olmaqla bərabər həyat tərzi, qəzəb, narahatlıq hisslərinin bütünləşərək təzahür etməsidir. Şəxsi həyatını öz nəzarətində saxlamaq istəyi insanların anodeksiya xəstəliyinə tutulmasına təkan verir.

Psixoloq Məlahət Həsənzadə deyir ki, aparılan ən son araşdırmalara görə, anoreksiya xəstəliyinin yaranmasında genetik və hormonal faktorlar da önəmli rola malikdir: “Amerikada hədsiz piylənmə faizi bu ölkənin səhiyyə qurumunu ölkənin arıq olan çox az qismini ideal bədən quruluşu olan qisim kimi təqdim etməyə məcbur edir. Buna görə də yeniyetmə nəsil örnək göstərilən qismə oxşamağa çalışır, yeməyi dayandırır, artıq çəkidən qorxur. Dünya ölkələrinin demək olar ki əksəriyyətində arıqlığı ideal quruluş kimi göstərən telekanallar insanları anoreksiyaya təhrik edir”.

Bundan əlavə, anoreksiyası olan insan onu narahat edən, başqalarından fərqləndirən fiziki görünüşünə görə özünə nifrət edir. Yemək istəyir, amma psixoloji problemlər imkan vermir, kökəlmək istəsə də bu mümkün olmur. Buna görə də evə qapanır, ətrafı ilə bütün münasibətini kəsir.

Psixoloq deyir ki, anoreksiyası olmayan yeniyetmə sosial çevrəsini dəyişdikdə, ilk məhəbbəti uğursuz olduqda, məktəbdə yoldaşları ilə yola getmədikdə, zorakılığa məruz qaldıqda da yeməkdən imtina edərək çəkisini itirməyə başlayır və beləliklə, anoreksiyanın ilk toxumları səpilmiş olur.

Ailədə anoreksiya xəstəsi olan biri varsa, bu, ailənin digər üzvlərinə də təsir edir. Əgər ana anoreksiya xəstəsidirsə və bunu xəstəlik yox normal qəbul edirsə, hər gün tərəziyə çıxıb artdığı qramları görəndə dəhşətə gəlirsə o evdə böyüyən yeniyetmə də bunu normal hesab edəcək, yeməkdən imtina edərək anasına bənzəməyə çalışacaq.

image

Bu da əlamətləri

Anoreksiya xəstələri ən birinci boy və yaş əmsalına görə qəbul edilmiş ideal çəkini qəbul etmir, onlar üçün ideal bədən forması minimum arıqlıqdır. Qadınlar anoreksiya xəstəsi olduğu andan etibarən aybaşı pozğunluqları yaşayır, kişilərdə isə cinsi hormonlar yox olur, hər iki cinsdə cinsi istəksizlik yaranır. Anoreksiyalı insanlar çəki azlğının yarada biləcəyi xəstəlikləri qətiyyətlə inkar edir, yeməkdən imtina edir, heç vaxt aclıq hiss etmədiyini deyir.

Anoreksiya təhlükəsi olan insanların əl və ayaqları həmişə soyuq olur, tez-tez xəstələnir. Bədənində və üzündə tüklənmə çoxalır, soyuğa dözümü olmur. Baş dərisi nazildiyi üçün saçları tökülür. Dərisi quruyaraq çatlayır. Yemək istəmir, amma məcbur yedirildikdə özünü qaytarmağa məcbur edir. Yemək yeməyə məcbur olanda isə ishal yaradan dərman içir ki, yediyi həzmə getmədən bədəndən xaric olsun.

Bundan əlavə, anoreksiya xəstələrini pəhriz dərmanları qəbul etməsindən də tanımaq olar. Bu insanlar arıq olduqları halda idmandan əl çəkmirlər. Yemək yeməyə məcbur olduqları zamanlar yediklərini tərəzidə çəkir, kalorisini hesablayır. Bu insanlar arıqlığın son həddində olduqları halda özünü hələ də kök hesab edir. Bədənini başqaları görüb ona baxmasınlar deyə gen-bol geyimlər geyinir. Gün ərzində özünü dəfələrlə tərəzidə çəkir.

Həmişə az yeməkdən və çəki problemindən danışır, ətrafdakılara piylənmənin zərərini başa salmağa çalışır, həkimlərin ifrat arıqlığın zərəri barədə xəbərdarlıqlarına məhəl qoymur. Yerişi belə dəyişən anoreksiya xəstələri başqaları yemək yeyəndə də qusmaq istəyir. Həmişə qəzəbli və özünəqapalıdır.

Anoresiyalı insanlar əslində hər zaman acdır və bunu hiss edirlər. Amma aclıq hissi onlara öz həyatlarını və bədənlərini idarə edə bilmək duğusu aşılayır. Bu da bir məqamda yaxşı olduqlarını – yəni çəki ata bilmək bacarıqlarını onlara sevdirir. Anoreksiyası olan insanlar bu hiss səbəbindən ölümə belə yol alça bilirlər.

 

Hər 100 nəfərdən 20-si…

Anoreksiya poblemi adətən 16-18 yaşlarda meydana çıxır. Dünyada bu yaş aralığında olan hər 100 nəfərdən birinin anoreksiya xəstəliyi var və bu xəstəlik daha çox qadınlar arasında yayılır. Kişilərin ərgənlik dönəmində qəbul etdiyi standartlar qızlardan fərqli olduğu üçün onlar anoreksiyaya tutulmurlar, əksinə yaxşı qidalanıb yaxşı idman edərək əzələ formalaşdırırlar. Anoreksiya xəstəsi kimi qeydə alınanların təxminən 10 faizi kişilərdir, yerdə qalan 90 faizlik statistika qızlara aiddir.

Anoreksiya inkişaf etmiş ölkələrdə, maddi vəziyyət normal olan cəmiyyətlətdə daha çox rastlanır. Çünki onların yeməksiz qalmaq qorxusu yoxdur, üstəlik, arıqlıq qadının gözəlliyi kimi qəbul edilir. Yeməyə bir tikə quru çörək tapmayan, aclığın, səfalətin hökm sürdüyü ölkələrdə də insanlar anoreksiya ola bilirlər, amma bu könüllü, bilərəkdən olmur, yemək qıtlığının nəticəsidir. Anoreksiya xəstələrinin hər 100 nəfərindən 20 nəfəri xəstəliyin qurbanı olur.

 

Necə müalicə etmək olar?

Anoreksiya xəstələrinin müalicə çətindir, ona görə ki, onlar özlərini xəstə hesab etmirlər və müalicəni rədd edirlər. Yalnız xəstə olduğuna inanan və xəstəliyin ilk 6 aylıq mərhələsində olan anoreksiyalılar müalicə oluna bilir. Sağalmaq üçün xəstə sağalmağı özü istəməlidir.

Bəzən ev şəraitində müalicəsi mümkün olan bu xəstəliyi çox zaman xəstəxana şəraitində müalicə edirlər. Fiziki müalicələrlə birlikdə ruhi dəstək almaları, psixoloq seansları keçmələri vacibdir. Xəstəliyin eyni zamanda həm fiziki, həm də psixoloji müalicəsi daha effektiv olur.

Anoreksiyalı insanlara ailəsinin dəstəyi mütləqdir, bu müalicə prosesini sürətləndirir. Müalcəsi uzun şəkən bu xəstəliyin növbəti qurbanı olmamaq üçün çəkinizə diqqət edin, nə çox yeyib piylənmə statistikasını artırın, nə də yeməkdən imtina edib anoreksiyalı xəstələr cərgəsinə qoşulun. İdeal çəki əmsalınızı hesabların və həmişə o çəkidə qalmağa çalışın.

İdeal çəkini hesablamaq üçün müxtəlif üsul və formullar var, burada boy, yaş, cins, bədən quruluşu və s. nəzərə alınır. Bu üsullara Brok, Devayn, Lorens formullarını, Ketl indeksini və s. misal göstərmək olar. Ən geniş yayılmış üsul fransız anrtopoloqu olan Pol Brokun formuludur, burada ideal çəkini hesablamaq üçün boy, yaş və cins nəzərə alınır. Formul aşağıdakı kimidir:

40 yaşa qədər insanlar üçün: boy(sm) – 110 = ideal çəki

40 yaşdan sonra: boy(sm) – 100 = ideal çəki

Tutaq ki, sizin 40 yaşınız var, boyunuz 1.70 sm-dir. 1.70-110=60 kq. Deməli, sizin ideal çəkiniz 40 yaşadək 60 kq-dır. 40 yaşdan sonra isə boyunuzdan 110 yox, 100 çıxılacaq, yerdə qalan 70 kq çəki sizin ideal çəkinizdir.

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir