Bir çox ailələrin ən ağrılı problemi uşaqların sözə qulaq asmaması və ya intizam qaydalarına əməl olunmammasıdır. Bu istiqamətdə hər bir valideynin nəzərə almalı olduğu ən vacib məsələ uşağa aydın şəkildə izah edilmiş qaydalarınolmasıdır. Başqa sözlə uşaq bilməlidir ki, nəyi etmək olar, nəyi etmək olmaz. Digər məsələ bu qaydaların daimiliyidir – siz valideyn olaraq əmin olmalısınız ki, eyni məsələ “olmaz”sa – deməli daima “olmaz”. Məsələn, əgər övladınız mobil telefonu oynadırsa və bu sizin qaydalar çərçivəsində “olmaz”lara aiddirsə deməli bu həmişə “olmaz”lara aid olmalıdır. Təəsüf ki, bəzi ailələrdə “olar”lar və “olmaz”lar daimi xarakter daşımır.
Cəzalandırma üsullarını oxumadan öncə özünüzə bu sualları verin: Sizin ailədə intizam qaydaları aydın şəkildə müəyyən olunubmu? Sizin övladınız “olar” və “olmaz”larla tanışdırmı? Siz özünüz bu qaydalara daim, istisnalarsız əməl edirsinizmi? Hər 3 suala “bəli” cavabı verirsinizsə aşağıdakı üsullardan faydalana bilərsiniz:
Üsul 1 – Uşağın səhv hərəkətinə görə baş verən təbii nəticələrin qarşısını almayın və ya ört-basdır etməyin – Məsələn, əgər uşaq öz oyuncaqlarını sındırırsa, ona mane olmayın – bir müddət sonra o, başa düşəcək ki, oyuncaq sındıqda onunla daha oynamaq olmur, özü oyuncaqsız qalır. Aşağı yaşlardan uşaqlar başa düşməlidir ki, hər bir hərəkətin nəticəsinə görə cavabdehlik daşımaq lazımdır.
Üsul 2 – Səhv hərəkətlərin məntiqi nəticəsini uşağa nümayiş etdirin. Əgər nəticələr təbii şəkildə baş vermirsə, bu halda övladınızı öz hərəkətinin məntiqi nəticəsi ilə üz-üzə qoyun. Uşaq oyuncağını divara çırpırsa bu oyuncağı həmin gün onun əlindən alın. Bu qaydanı ardıcıl və istisnasız tətbiq edin.
Üsul 3 – Şərt qoyun. Uşaqlar 2,5-3 yaşına qədər qaydaları başa düşmək və yadda saxlamaqda çətinlik çəkirlər. Bu səbəbdən də onlar tez-tez qaydaları pozurlar. Əgər övladınız qaydaları başa düşmürsə ən məsləhət olunan üsul uşağa seçim vermək və ya şərt qoymaqdır. Məsələn, uşaq əgər planşetlə oynamaq istəyirsə “nə vaxt yeməyini yeyib bitirsən, o zaman planşeti götürə bilərsən” deyə bilərsiniz. Və ya əgər uşaq üst geyimini geyinmək istəmirsə ona “Yaxşı, onda gərək paltarı əlində aparasan” deyə bilərsiniz.
Üsul 4 – Sevimli əşyadan və ya fəaliyyətdən məhrum edin. Bu çox sadə üsuldur, əgər övladınız “olmaz”lara aid nəsə edirsə onu sevdiyi oyuncaqdan və ya fəaliyyətdən məhrum edə bilərsiniz. Amma məhrum etdiyiniz şey o qədər də zəruri bir şey olmalı deyil. Məsələn, uşağı yeməkdən məhrum etmək olmaz! Hansısa oyuncaqdan, həyətdə keçirdiyi vaxtdan və ya ailənizə aid olan başqa bir fəaliyyətdən onu məhrum edə bilərsiniz.
Üsul 5 – Səsinizi ucaldın. Övladınızı cəzalandırarkən səsinizin tonunu qaldıra bilərsiniz. Amma unutmayın ki, uşağın üstünə bağırmaq və ya onu təhqir etmək olmaz. Sadəcə olaraq daha yüksək səslə onun qaydalardan kənara çıxdığını xatırladın.
Üsul 6 – Küncə qoyun. Bu metod klassik metoddur və uzun müddətdir ki, bizim ailələrdə və məktəblərdə cəza metodu olaraq tətbiq olunur. Cəza metodu kimi, uşağı öz otağına göndərməyin. Daha çox ona vaxt yaradın ki, bir az tək qalıb öz əməli haqqında düşünsün. Bu zaman onun yanında dura bilərsiniz. Bəzi psixoloqlara görə uşağı küncə qoymaq düz cəza tədbiri deyil. Valideynlər daha çox vaxtdan istifadə edib uşaqla etdiyi hərəkət barədə danışmalıdır.
Üsul 7 – Övladınızı vurursunuzmu? Müasir zamanda demək olar ki, bütün psixoloqlar “vurmaq” və ya “uşaq döymək” kimi üsulları qətiyyətlə inkar edirlər. Bu üsul uşaqlarda aqresiyyanı artırır və bir o qədər nəticə vermir. Bununla belə, bir çox valideynlər bu üsuldan istifadə edir. ABŞda keçirilmiş bir sorğunun nəticəsinə görə 10 valideyndən 8-i uşaqları hərdən-bir vurmağı məqbul hesab edir. 86% iştirakçı isə uşaq vaxtı valideynləri tərəfindən döyüldüklərini qəbul edirlər. Bu üsulu məsləhət görmürük. Bu mövzuya ayrıca olaraq qayidacağıq.