Natevan Abdulla

“Dədə Qorqud” dastanında ailə birliyinin sirri

Baxış sayı: 580

Ailədaxili münasibətlər düzgün tənzimlənmədiyindən, böyüklər böyük, kiçiklər kiçik kimi davranmadığından məişət konfliktləri günü-gündən artmaqdadır.

Buna bir ailənin içində “Habil və Qabil” davası, digərində ata-oğul konfliktləri, anaların övladlarına güvənərək evdə həyat yoldaşına qarşı cəbhə qurması və sair bir çox fərqli ssenariləri misal gətirə bilərik. Bütün bunlar böyüklərin düzgün böyüklük edə bilməməsi və sağlam ailə quruluşunun olmaması ilə bağlı ola bilər. Ümumilikdə isə insanların öz həyatlarını bu qədər məişətləşdirməsi, gündəlik həyatdan zövq ala bilməməsi, xırda konfliktlərin böyüdülməsi ailədə daima gərginlik mühitinin olmasına gətirib çıxarır. Zamanla bütün bu yanlış davranış tərzləri ailədə alışqanlığa çevrilir və bu kiçik quruluşun bütün fərdləri sosial-psixoloji baxımdan zədələnir, insanlar bomboz həyat yaşamağa başlayırlar. Beləcə, həm də hər cür fiziki problemin toxumları səpilmiş olur.

Bəs görəsən, bəzi Azərbaycan ailələrindəki fərdlər niyə həyat tərzlərini məişət səviyyəsindən çıxarıb ailəni daha mədəni quruluşa çevirə bilmirlər? Hətta övladlar böyüdükcə ailədə konfliktlər də böyüyür, əvvəllər ər-arvad, gəlin-qayınana arasında olan davalara sonradan valideyn-övlad, qardaş-bacı münaqişələri də əlavə olunur.

Bu, əzəldən bərimi belə olub, yoxsa ailə sistemi sonradanmı zədələnib, dəqiq deyə bilmərik. Amma lap qədim dövrə, hətta “Kitabi-Dədə Qorqud” dastanına belə kiçik bir sosioloji nəzərlə baxanda, qədim türk xalqlarında ailədaxili konfliktlərin bugünkü qədər önəm daşımadığına, əksinə, ailə birliyinin heç bir vəchlə sarsılmadığına və bu birliyin xarici, şər qüvvələrə qarşı birgə savaşdığına şahid oluruq.

“Dədə Qorqud” kitabələri on iki boydan ibarətdir. Bu boyları sosioloji baxımdan təhlil etdikdə dastanda ata və oğul münasibətlərinin necə önəmli yerə sahib olduğunu müşahidə etmək olar. Bu dastanların qəhrəmanları sadə insanlar yox, soyu-sopu olan adamlardır. Yaşadıqları dövrdə yüksək sosial statusa sahib olan bu obrazların vəzifəsi Oğuz ənənəsinə uyğun olaraq, vaxtı gələndə ər olduqlarını sübut etmək, ad qazanmaqdır.

Boyları diqqətlə oxuyub dialoqları təhlil etdikcə qədim oğuz türklərində ailənin ümumi quruluşunu, cəmiyyətin ailədən gözləntilərini də anlamaq olur. Belə ki, İç Oğuzun həm atadan, həm də onun oğlundan müəyyən gözləntiləri var. Oğuldan gözlənilən, vaxtı gələndə cəmiyyət tərəfindən fərd olaraq qəbul edilmək üçün qəhrəmanlıq sərgiləməsidir. Atadan gözlənilən isə oğlunu səbrlə yetişdirmək, onu ova aparmaq, ovlamağı öyrətmək, birliyi və bərabərliyi təmin etmək, əgər oğul-ata qarşı-qarşıya gələrsə (Qazan xanın oğlu Uruz bəyin dustaq olduğu boy), bu problemi hikmətlə həll etməyi bacarmaqdır. Dastanda ata və oğul münasibətləri, onların cəmiyyət içində öz adlarını, namuslarını qoruyub, ailələrini mühafizə edə bilmələri uğrunda birlikdə mübarizə aparmalarına yer verilir. Ata-oğul münasibətləri baxımından “Dədə Qorqud” dastanları oğuzların düşüncə tərzini, adət-ənənələrini, idarəçilik formalarını, həyat tərzini ən yaxşı formada əks etdirən ədəbi, sosial və mədəni mənbədir. Atanın vəzifəsi oğlunu cəmiyyətin dəyərlərindən, inanc sistemindən, adət-ənənələrindən xəbərdar etməkdir. O, oğlunu tərbiyələndirir, evləndirir və iqtidar sahibi edir. Beləcə, nəslinin davamlılığı və hakimiyyəti təmin olunur.

Oğlun vəzifəsi isə atasına layiqli övlad olmaq, adət-ənənələrə sadiqlənmək və ailəsinin, atasının, Oğuz elinin namusunu qorumaqdır. Bundan başqa, oğul ata ocağının qoruyucusu sayılır. O, atanın varisi olma statusunu qazanmaq və iqtidara keçmək üçün igid, cəsur olduğunu həm atasına, həm də cəmiyyətə sübut etməlidir. Dastanın ayrı-ayrı boylarında oğullar qəhrəmanlıq edərək cəmiyyət içində hörmət, ad qazanırlar.

Oğlan uşağının kişilik dönəminə keçməsi, anadan ayrılıb müstəqil fərd olaraq cəmiyyətə qarışması, ad qazanması təkcə türk dünyasına aid dastanlar üçün keçərli deyil. Tarix boyu bütün mədəniyyətlərdə oğlan övladının uşaqlıqdan çıxması və yetkinlik mərhələsinə qədəm qoyması xüsusi bir tədbirlə təsdiqini tapıb.

Həmçinin, İç Oğuzun da, Dış Oğuzun da təməllərinin oğlanların üzərində qurulduğuna şahid olarıq. Yəni oğul həm iqtidar, həm də iqtidarın davamlılığını təmin edən nəsillərin davamçısıdır. Elə buna görə də dastanda oğlan övladının dəyəri dövlət anlayışı ilə bərabər tutulur. Əgər evin ocağı yanmırsa, deməli, xeyirsiz övlad atasının yerini tutmadığı üçün bu belədir. Bu halda atanın soyu davam etməyəcək, adı-sanı da onun ölümü ilə bitəcək.

Dastanda bu, Dədə Qorqudun dilindən belə təsvir olunub:

Ata adını yarıtmayan xoyrad oğul!
Ata belindən enincə enməsə, yeğ!
Ana rəhminə düşüncə doğmasa, yeğ!
Ata adın yarıdanda dövlətlü oğul, yeğ!

Məsələyə bu baxımdan yanaşsaq, dövrümüzdə nəslin davamçısı sayılan oğlan övladları ilə ataları arasındakı konfliktlərə səbəb də elə bu psixoloji təhvil-təslim mərhələsinin baş tutmaması ola bilər.

Qeyd edək ki, dünyanın bəzi bölgələrində qalmaqda olan ibtidai cəmiyyətlərdə bu rituallar hələ də davam etdirilir. Amma dövrümüzün müasir mədəniyyətində gənclərin fərd olmasını, yetkinlik dövrünə keçid mərhələsini müəyyənləşdirən heç bir tədbir, ritual yoxdur. Bəs bu ibtidai mədəniyyətlərə aid ritualların nə kimi psixoloji əhəmiyyəti var?

Psixoloji olaraq bu ritualların altında yatan məntiq gənc fərdin artıq kişilərin sırasına qəbul edilməsidir. Buna görə də gənc fərdlərin artıq analarından ayrılması və öz güclərini cəmiyyətə sübut etməsi vacibdir. Bugünkü dövrdə bu ritualları əvəz edən yeganə tədbir əsgərlik dönəmi, andiçmə mərasimi hesab edilə bilər.

“Dədə Qorqud” dastanlarında müasir dövrdə olduğu kimi, oğul-ata konfliktinə rast gəlinmir. Boylar yalnız atanın oğlunu səbrlə və hikmətlə yetişdirməsi və onu cəmiyyətə azad bir fərd olaraq buraxması təsvir olunur. Belə ki, oğul ad qazanana, qəhrəmanlıq edənə qədər atanın yanında ova gedir, görür-götürür və beləcə yetişir. Vaxtı gəlib şücaətini ər meydanında nümayiş etdirən oğul artıq anadan və onun nəvazişinə möhtaclığından tamamilə qopmuş, atayla çiyin-çiyinə cəmiyyətdə bərabər hörmət görə biləcək səviyyəyə çatmış olur.

Dastanda toxunulan bu məqamlar oğlan uşaqlarının psixoloji olaraq uşaqlıqla vidalaşmasını təsvir edir. Burda yetişmək anlayışı, ailə bağlarını qırmadan azad fərd olmaq sayılır. Artıq oğul nə ananın uşağı, nə də atanın təhkimlisi və onun qorxularının əsiri olaraq həyata davam edir.

Günümüzdə analarına bağlılığını hər dəfə vurğulayan, ataları ilə daima savaş və konflikt içində olan gənc oğlanlara nəzər salsaq, onların əslində, hələ də bu və ya digər səbəbdən yaşadıqları cəmiyyət içində fərdləşə bilmədiklərinin şahid olarıq. Ananın nəvazişinə möhtac hiss etmək, atayla uzlaşa bilməmək müasir gənclərin ən böyük fərdləşə bilməmə problemlərindən biri, bəlkə də, birincisidir.

Bu baxımdan biz, bu qədim türk dastanını təhlil etməklə əsərdə ailə quruluşunu və fərdlərin bir-birləri ilə davranış psixologiyasını da anlaya bilərik. Bu ailə quruluşu indi sahib olduğumuzdan daha sağlam psixoji normalar üzərində qurulub ki, vaxtı gələndə ilan qabığını dəyişircəsinə oğlanlar uşaqlıqlarından üzülüb çıxır, böyüdükləri cəmiyyətdə hörmət, ad sahibi, ər olmağı bacarırlar.

Deməli, biz oğuz türklərinin sosial-psixoloji həyatlarına daha yaxından diqqət yetirsək, dastanda əslində, ata-oğul konflikti olmadan düzgün fərd yetişdirməyin yollarını da öyrənə bilərik. Hekayələrin əksəriyyətinə fikir versək, atalar ailələrinə, oğullarına qol-qanad verir, onları hər cür təhlükədən gözünü qorxudaraq, xoflandıraraq yox, cəsarət və şücaətlə qorumağa çalışırlar. Yəni ailəsini qorumaq istəyən ata gələcək təhlükələrə qarşı övladlarının gözünü qorxutmur, əksinə, özü cəsarətli, şücaətli və dürüst davranaraq övladlarına nümunə olur.

Həmçinin, boyların əksəriyyətində atalar övladlarına sevgilərini açıq şəkildə göstərməsələr də, el-oba arasında onlarla qürur duyduqlarını bəlli edir, beləcə, gənc fərdin özünə olan inamını və öz dəyər anlayışını da sağlamlaşdırırlar.

 

Natəvan Abdulla




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir