psixoloji

“Dəli həkimi”, “sehrli dəyənək”, yoxsa ruha dinclik verən şəxs?

Baxış sayı: 1. 456

Bu yaxınlarda sosial şəbəkədə psixologiya və psixoloqla bağlı gedən bir müzakirənin şahidi oldum. Maraqlısı budur ki, bu iki anlayışa olan münasibət birmənalı deyil. Bir qisim insan, hər hansı bir problem varsa, psixoloqa müraciət etməyin, müəyyən seanslardan keçməyin vacib olduğunu deyir, digər bir qisim isə psixoloqu “dəli həkimi” saydığını, daxilən yaşadığı sıxıntıları özü həll etməyə çalışdığını bildirdi. Uzun müddət bu mövzu ətrafında gedən söhbəti izlədikdən sonra belə bir qənaətə gəldim ki, cəmiyyətdə böyük bir əksəriyyət “psixoloq” peşəsinin mahiyyətinin tam fərqini varmayıb. Yəni əslində bu peşə sahibinin nə etdiyini, insanlara hansı faydasının olduğunu bilmədən, mühakimə edirlər.

Bəli, bu, əslində çox təəssüfləndirici haldır. Psixologiya və psixoloqa olan hazırkı münasibət ölkəmizdə bu sahənin inkişafına ciddi təsir göstərir. Elm və peşə kimi uzun müddətdir yaranmasına baxmayaraq, yetərli inkişaf səviyyəsinə çatmayıb.

Paytaxt sakinlərində az da olsa, bu sahə haqqında məlumat var, amma regionlarda yaşayanlar demək olar, tamam xəbərsizdirlər.

Mövzu ilə bağlı ilk olaraq kiçik bir araşdırma edib, insanların psixoloqa nə üçün getmədiklərini öyrənməyə çalışdıq. Araşdırmadan belə məlum oldu ki, ən əsas səbəb güvən və maddiyat problemidir. Yəni insanlar yad birinə güvənib onunla dərdini, problemini paylaşmağı birmənalı qarşılamır. Digər tərəfdən isə psixoloqların konsultasiya qiymətlərinin yüksək olduğundan, ona müraciət etmirlər. Psixoloq və psixologiyadan danışırıqsa, bu sahənin mütəxəssislərinin fikrini öyrənmək mütləq vacibdir.

“Gənc Psixoloqlar” İctimai Birliyinin baş katibi Rövşən Uğur deyir ki, istənilən cəmiyyətdə sosial münaqişələr, problemlər yaşanır. Dünyanın bir çox ölkələrində insanlar bu kimi məqamlarda psixoloqa müraciət edərək problemlərin həll yolunu tapır. Amma bizdə isə bu, bir az fərqlidir: “Bizim cəmiyyətdə daxilən sıxıntısı olan, nə isə bir problem yaşayan insan bunu ən yaxın adamı ilə bölüşərək həll yolu axtarır. Lakin bu, düzgün deyil. Çünki həmsöhbət olduğumuz insan da məsələyə adekvat deyil, emosional tərəfdən yanaşaraq bizi səhv yönəldə bilər. İstənilən halda, emosional hisslər ön plana keçir. Amma psixoloqda belə deyil. İşini bilən professional psixoloq ona müraciət edən şəxsə emosiyalardan uzaq, düzgün çıxış yolunu göstərir”.

Həmsöhbətimiz psixoloqa getməyin bir mədəniyyət forması olduğunu bildirdi: “Xarici ölkələrdə insanlar buna çox normal yanaşır. Nə isə problemi, dərdi olanda dərhal psixoloqa müraciət edərək yardım alırlar. Bu, onlar üçün artıq bir mədəniyyət formasını alıb. Bizdə isə ilk ağıla gələn “dosta zəng” metodudur. Dostla, bacı-qardaşla danışmaqla problemlərin həlli yolunu tapmaq mümkün deyil. Həll yolu tapılsa belə, bu, qısamüddətli olur. Çünki onlar məsələnin kökünü, səbəbini araşdırmır, sadəcə, sizə keçici məsləhətlər verirlər. Bunu sadə dildə izah etsəm, deyə bilərəm ki, ürəyiniz ağrıyanda kardioloqa, dişiniz ağrıyanda stomatoloqa müraciət edirsinizsə, ruhunuzda, beyninizdə sizi narahat edən bir problem olan zaman isə psixoloqa getməlisiniz. Yəni psixoloqa getmək özü bir mədəniyyətdir”.

Rövşən bəy bildirir ki, insanlara psixoloqdan nə gözləməli olduqlarını izah etmək lazımdır: “Psixoloqa müraciət edən bəzi insanlar elə düşünürlər ki, bizim əlimizdə sehrli bir çubuq var və onunla insanların bütün problemlərini həll edəcəyik. Əslində, belə deyil. İlk olaraq psixoloji xidmətin mahiyyətini başa düşmək lazımdır. Hər kəs bilməlidir ki, psixoloq insan üçün güzgü rolunu oynayır. Bu güzgü sənin neqativ düşüncələrini, yanlış hərəkətlərini sənə olduğu kimi göstərərək bunlardan çıxış yolunu tapmaqda köməklik edir. Psixoloq əslində, məsləhət vermir və ya nə etməli olduğunuzu demir. O, sadəcə, sizə hər şeyi olduğu kimi göstərib, baş verənləri doğru şəkildə qiymətləndirmənizə kömək edir”.

 

Psixoloq Nərgiz Süleymanlı deyir ki, insan hər zaman özünü anlamağa, anlatmağa ehtiyac duyub və bunun üçün də psixologiyanın rolu böyükdür: “Bu günümüzə baxdıqda cəmiyyətdə insanların bir-birinə aqressiv, anlayışsız davranışlarının çoxaldığını müşahidə edirik. Həyatın qayğıları, çətinləşən münasibətlər, nəqliyyatdakı problemlər insanların daha çox stress keçirməsinə səbəb olur. İstər-istəməz insan daxilən müəyyən sıxıntı, problemlər yaşayır. Xüsusilə də bugünkü iş prosesini nəzərə alsaq, psixoloqun fəaliyyətinə ehtiyac duyulur. Əslində, daha öncələr “dəli həkimi” kimi baxılan bu ixtisas, hazırda ən lazımlı peşəyə çevrilib. Çünki insanlar zamanla məsələnin “dəlilik”lə bağlı olmadığını qəbul edirlər. Hazırda başqa problem odur ki, psixoloqdan “sehrli dəyənək” dən istifadə gözləntisi var. İnsanlar psixoloqları anında dəyişmə, həyatı təmiləmə, yerində qərar vermə, bütün sıxıntılardan qurtulma qapısı hesab edirlər. Eyni zamanda tək seans və ilk görüşdən nəticə gözləyirlər. Təbii ki, bunlar qeyri- realdır. Buna görə, hələ də maariflənməyə ehtiyac duyulur. İnsanlara psixoloqun fəaliyyəti ilə bağlı ətraflı məlumat vermək, psixoloqa nə üçün getməli olduqlarını, ondan hansı problemlərin həllini gözləməli olduqlarını izah etmək lazımdır”.

Müsahibimiz bildirdi ki, onu, etdiklərinə, yaşadıqlarına görə qınamayan biri ilə aparılan fikir mübadiləsi, insanı müəyyən qədər yüngülləşdirir: “Bəziləri psixoloqla olan seansı sadəcə, “başa düşürəm”, “anlayıram” sözləri ilə əhatə olunan söhbət kimi qəbul edirlər. Ancaq burada mütəxəssis pasientin daxili dünyasındakı gərginliyi anlamaq, üzə çıxarmaq üçün xüsusi metodikalar tətbiq edir. Bizim həkimlərdən fərqimiz odur ki, onlar xəstənin nə kimi problemi olduğunu müəyyən analizlər, yoxlanışlar əsasında bilirlər. Amma psixoloqlar yalnız söhbət zamanı problemin nə olduğunu anlaya bilir. Bəzən isə bunu anlamaq üçün bir seans bəs etmir. Psixoloqun dərman yazmaq ixtiyarı olmadığı üçün isə müalicə dövrü bir az uzun çəkir. İşini bilən psixoloq ruhi, psixoloji nizamsızlığı, davranış pozuntularını, şəxsiyyətlərarası münasibətləri, şəxsin daxili dünyasındakı problemin qaynağını araşdırıb tapır, onların həlli yollarını elmi əsaslarla tətbiq etməyə çalışır. Təkbaşına problemi həll etmək iqtidarında olmayan, daxilən özünü narahat hiss edən insan psixoloqa müraciət edərək seanslarda məsələyə fərqli istiqamətdən yanaşır. Digər tərəfdən, güvənilən bir insanla söhbət etmiş olur. Onu, etdiklərinə, yaşadıqlarına görə qınamayan biri ilə aparılan fikir mübadiləsi, insanı müəyyən qədər yüngülləşdirir”.

 

 

Günel Azadə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir