DENIZ

Dənizə gedərkən nələrə diqqət etməliyik?

Baxış sayı: 1. 372

Qarşıdan böyükdən-kiçiyə, əksəriyyətin sevimli fəsli qızmar yay ayları gəlir. Yayı həm də ona görə sevirik ki, məşğuliyyətlərimizi bir qırağa qoyub doyunca istirahət edirik. Bəziləri istirahət üçün müxtəlif bölgələrə üz tutur, bəziləri də tətilin dadını dənizə getməklə çıxarır. Bəs görəsən, dənizə gedərkən hansı məqamlara diqqət etməliyik?

Tibb üzrə ekspert, professor Adil Qeybulla deyir ki, dənizə gedərkən ilk növbədə günvurma hallarından qorunmaq lazımdır: “Havalar isinən kimi, təbii olaraq, dənizə gedənlərin də sayı günü-gündən artmağa başlayır. Amma günün çox hissəsini qızmar günəş altında, çimərliklərdə keçirmə, uzun müddət fasiləsiz işlə məşğul olma, yürüşlər etmə günvurma hallarına da gətirib çıxarır. Bir çoxları yay aylarında temperaturun yüksək olmasına məhəl qoymadan açıq havada olur, yaxud çimərliyə gedir. Amma əslində, günorta saat 12:00-16:00 arasında günəşin ultrabənövşəyi şüalarının daha çox təsir etdiyi vaxtdır. Bu zaman günəş şüaları altında dayanmaq olmaz. Yəni, orqanizmlə günəş şüalarının təmas müddəti bu saatlarda minimum olmalıdır. Yaxşı olardı ki, bu müddət ərzində günəş şüalarının təsirindən uzaqlaşın. Müxtəlif kremlərdən və qoruyucu vasitələrdən istifadə etmək lazımdır ki, dəridə yanıqlar əmələ gəlməsin. Amma o radələrdə günvurma hallarına tez-tez rast gəlinir. Günvurma hadisəsinin əsas səbəbi isə orqanizmdə termorequlyasiya, yəni istilik tənzimi mexanizminin pozulması ilə bağlıdır. Yüksək temperatur orqanizmdə müxtəlif reaksiyalara səbəb olur. Damarların sıxılması, dəridən su ehtiyatının xaric edilməsi baş verir. Orqanizmin özünü tənzimləməsi mümkün olmadığı zaman, temperatur yüksəlməyə başlayır. Belə olan təqdirdə, həmin şəxsi dərhal sərin yerə aparmaq lazımdır. Günvurmanın müddəti çox olanda bu daha da təhlükəli ola bilir. Bəzi hallarda təzyiqin kəskin düşməsi, ölümə də səbəb olur. Gün vuran insana ilkin yardım göstərilməlidir. Bəzən ilk yardım həkim müdaxiləsi qədər mühüm əhəmiyyət kəsb edir. Gün vuran şəxsə sərin su verilməlidir. Belə məqamlarda soyuqqanlı davranaraq lazımi ilkin müdaxilənin  göstərilməsi həyati əhəmiyyət daşıya bilər”.

Professor bildirdi ki, dənizə gedərkən həm də gigiyenik tələblərə əməl etmək lazımdır: “Çimərliyə getmək üçün günün ən uyğun vaxtı saat 4-dən sonradır. Çünki bu zaman dəniz suyunun temperaturu yüksək olur. Günəş şüaları həmin radələrdə nisbətən daha az olur. Dənizə səhər saat 6-da gedənlər də olur. Bu, daha çox təmiz və yodlu hava qəbul etmək üçündür. Amma təəssüf ki, bu hal bizdə kütləvi deyil. Əksər insan dənizə günorta getməyi daha faydalı hesab edir. Digər tərəfdən, dəniz suyunun tərkibi duzlu olduğundan, çimərlik zonalarında suyunun təmiz olmasına mütləq diqqət yetirilməlidir. Suyun tərkibində bəzən müxtəlif çirkli maddələr də olur. Bu zaman orqanizm müxtəlif allergik reaksiyalar göstərə bilir. Bu, əslində bədənin suya olan reaksiyası ilə bağlıdır. Həssaslığı yüksək olan şəxslərin orqanizmi çirkli suya tez mənfi reaksiya verir. Həmçinin, çirkli bağırsaq çöpü bakteriyaları həddən artıq olur. Bu isə insan orqanizmində kəskin bağırsaq infeksiyalarına gətirib çıxar bilir. Xüsusilə, bu problem uşaqlarda daha ciddi fəsadlara yol aça bilər. Bu baxımdan, azyaşlı uşaqlarla dənizə gedərkən maksimum şəkildə ehtiyatlı olmaq lazımdır. Yaxşı olardı ki, əhali ekoloji standartlara uyğun və təmiz  ərazilərdə yerləşən çimərliklərə  üz tutsunlar”.

 

Şəbnəm Mehdizadə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir