bogulmaq

Dənizdə boğulma halları niyə artır?

Baxış sayı: 349

Dəniz mövsümü başlayandan suda boğulma halları xeyli artıb. TƏBİB-dən verilən məlumata görə, bu ilin iyun və iyul ayları ərzində Bakı şəhəri üzrə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə suda boğulma hadisəsi ilə bağlı ümumillikdə 30 nəfərin müraciəti qeydə alınıb. Suda boğulanlardan 27-si kişi, 3-ü qadın olub. Onlardan 11 nəfər xəstəxanaya təxliyə olunub, 6 nəfərə yerində yardım göstərilib. 13 nəfərin isə ölüm faktı qeydə alınıb.

Təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayevin sözlərinə görə, çimərlik mövsümünün gəlişi ilə əlaqədar olaraq, dəfələrlə həm onlar, həm də Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən maarifləndirmə və digər məlumatlar paylaşılır. Bu məlumatların əsas mahiyyəti ondan ibarət olur ki, nəzarətsiz çimərliklərdən çimmək məqsədi ilə istifadə edilməsin: “Bu çimərliklərdə hər hansı bir boğulma riski yaşanarsa, xilasedicilər tərəfindən müdaxilə etmək mümkün olmayacaq. Çünki nəzarətsiz çimərliklərdə xilasetmə xidməti təşkil olunmur. Amma təəssüf ki, səhlənkarlıq və ehtiyatsızlıq səbəbindən insanlar hələ də nəzarətsiz çimərliklərdən, xüsusi kanallardan, göllərdən çimmək üçün istifadə edirlər. Bu da əksər hallarda boğulmalara gətirib çıxarır”.

Orxan Musayev bildirib ki, statistikalara nəzər salsaq görərik ki, nəzarət olunan çimərliklərdə boğulma halları yox dərəcəsindədir: “Əgər orada kimsə suda boğulsa, xilasedicilər dərhal müdaxilə edir. Çünki həmin çimərlik kimi istifadə olunan ərazilərdə səhər saat 9-dan axşam 20:00-ə qədər xüsusi xilasetmə xidməti təşkil olunur. Bundan başqa, nəzarət olunan çimərliklərdə xüsusi təhlükəsizlik lövhələri yerləşdirilir. Orada baryerlər quraşdırılıb ki, məsafəni keçmək olmaz və s. İnsanlar kənara keçdikdə artıq onlara xəbərdarlıq edilir və bunun qarşısı alınır. Lakin nəzarətsiz çimərliklərdə saydıqlarımın heç biri yoxdur. Ona görə də insanların boğulma riski daha yüksəkdir. Hətta nəzarət olunan çimərlikərdə çimməyin təşkil olunmasından daha öncə suyun alt qatı xüsusi daşlardan, insanlara xəsarət yetirəcək hər hansı bir əşyadan təmizlənir və suyun dərinləşmə kəskinliyi yoxlanılır. Amma nəzarətsiz çimərliklərdə ola bilər ki, suya daxil olduqda dərhal dərinləşmə baş versin. Bu səbəbdən də heç bir halda nəzarətsiz çimərliklərdən istifadə olunmamalıdır”.

Ekspertin dediyinə görə, suda boğulanların 70 faizindən çoxu burada 15-20 dəqiqədən çox vaxt keçirənlərdir: “Bu qədər müddət suda qalmaq olmaz. Dənizdə, hovuzda olan müddətdə çaşdırıcı, lüzumsuz hərəkətlərə yol verilməməlidir. Hətta xilasedicilər belə həmin şəxsin boğulub, yoxsa əyləndiyini seçməyə bilərlər. İnsanlar bilməlidirlər ki, günün qızmar vaxtı çimərliyə getməməli, çimərlikdə spirtli içki qəbul etməməli, xəbərdaredici nişanların tələbini pozmamalı, suya qayıq, kiçik gəmi, katamaran, skuter və s. vasitələri özləri ilə gətirib salmamalıdırlar. Çimərlikdə balıq tutmaq və qayaların, yaxud suda olan estakadalara yaxınlaşıb suya tullanmaq yolverilməzdir”.

O qeyd edib ki, boğulmaya məruz qalan şəxs ilk növbədə panikaya düşməməlidir. İnsan panikaya düşəndə daha çox fiziki güc sərf edir, əzələlər yorulur, əlini sudan göyə qaldırır, ayaq barmaqlarının uclarını aşağı eləməklə yerə vurmaq istəyir. Bu da insanın suyun dibinə çökməsinə gətirib çıxarır. Ona görə boğulma təhlükəsi ilə üzləşən şəxsin əlini yuxarı yox, suyun içərisində saxlamaqla və yarıoturaq vəziyyətdə olmaq şərti ilə yaxındakı şəxslərdən kömək istəməlidir. Köməyə gələn şəxs boğulana arxadan yaxınlaşmalı və başını suyun üzərində saxlamaqla sahilə tərəf üzməlidir. Bədbəxt hadisələrin baş verməməsi üçün müvafiq qurumların və mütəxəssislərin tövsiyələrinə əməl etmək lazımdır.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi Aqşin Əlili bildirir ki, FHN tərəfindən hər çimərlik mövsümündə olduğu kimi, bu mövsüm də zəruri təhlükəsizlik tədbirləri görülüb. Aprel ayından etibarən Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları yerli icra hakimiyyəti orqanlarının iştirakı ilə birgə çimərlik sahili boyu ərazilərində monitorinqlər keçirblər. Bu monitorinqlərin təşkil olunmasının məqsədi nəzarətsiz və təhlükəli çimərliklərin yerinin müəyyən edilməsi, çimərlik operatorlarına təhlükəsizlik qaydaları haqqında bildirişlərin təqdim olunması olub. Çünki özəl çimərlik operatorları, yəni sahibləri öz ərazilərində təhlükəsizliyi təmin etməlidirlər: “Bundan başqa, Xidmətin nəzarət etdiyi çimərliklərdə, həmçinin İDEA İctimai Birliyinin dəstəyi ilə yaradılmış ictimai çimərliklərdə dalğıclar vasitəsilə sualtı müayinələr aparılıb, sualtı təmizləmə işləri görülüb. Həmçinin çimərlikdə vətəndaşların təhlükəsizliyi üçün məlumatverici lövhələr quraşdırılıb. Xidmətin nəzarət etdiyi çimərliklərdə ölümlə nəticələnən suda boğulma hadisəsi qeydə alınmayıb. Bu da onu deməyə əsas verir ki, vətəndaşlar çimərlik seçimini düzgün etməlidirlər. Harada xilasedicilər var, o çimərliklərdən istifadə etsinlər. Çünki suda boğulma hadisəsi olduqda vətəndaşın köməyinə xilasedici çatır və onu sudan çıxardaraq bu təhlükədən xilas edir. Ancaq nəzarətsiz qeyri-çimərlik ərazilərində bu tədbirlər həyata keçirilmir. Ona görə ki, ora çimərlik kimi müəyyən olunmayıb. Nəzarətiz yerlərdə FHN-nin xilasedici dəstələri yoxdur. Nəzərə almaq lazımdır ki, Xəzər dənizinin Azərbaycana aid olan sahil zolağının uzunluğu 955 km-dir. Bundan başqa, çoxlu sayda çaylar, göllər, su anbarları var. Onların hamısını xilasedicilərlə təmin etmək mümkün deyil. Elə kəndlərimiz var ki, Kür çayı vətəndaşın həyətindən axır. Belə yerlərdə xilasetmə tədbirləri görmək mümkün deyil. Təəssüf ki, rayonlarda uşaqların su hövzələrindən istifadəsinə rast gəlinir. Bu isə onların həyatını təhlükəyə atır”.

Aqşin Əlilinin sözlərinə əsasən, suvarma kanalları, bu su hövzələrindən istifadə edənlərin həyatı üçün təhlükə yaradır. Çünki həmin suvarma kanallarında trapessiya formasında beton piltələr qoyulur. Bu, suyun axınını sürətli olmasını təmin edir. Orada sürüşkən ot təbəqəsi əmələ gəlir. Hətta xilasedici oraya düşsə, canlı qüvvə və xüsusi avadanlıq olmadan oradan çıxması qeyri-mümkündür. Amma uşaqlar o suvarma kanallarından çimmək üçün istifadə edirlər. Həmçinin götürək bölgələrdəki süni gölməçələri – onların relyefi bataqlaşmış relyefdən ibarətdir. O bataqlıq insanı özünə çəkir. Bəzən suya baş vurduqda zədələr alır. Suyun altını ancaq dalğıc müayinəsindən sonra bilmək olar.

O qeyd edir ki, Xəzər rayonu Şüvəlan qəsəbəsində “Mil-Qaya” və “Şimal Qres” adlanan ərazi çox təhlükəlidir. Ora ona görə təhükəlidir ki, qayalıqlarla zəngindir, qəfləti dərinliklər var. Qayalar özü zədələnmələr baxımdan təhlükəldiir. “Şimal Qres”də isə su elektrik stansiyası var. Orada su elektrik stansiyasının mühərriklərinin soyudulması üçün dəniz suyundan istifadə edilir. Sonra həmin su təkrar dənizə axıdılır. O hissədə təhlükəli sahə yaranır. Dənizlə kanalın birləşməsi nəticəsində axın və burulğan əmələ gəlir.

Mütəxəssislər deyirlər ki, vaxtında və düzgün yardım göstərməklə suda boğulanları xilas etmək olar. Boğulduqdan sonra ilk dəqiqələrdə zərərçəkənlərin 90, 6-7 dəqiqə sonra isə 1-3 faizini həyata qaytarmaq mümkündür.

Çox vaxt suda boğulmağa yorğunluq, suya baş vuran zaman zədə alma, spirtli içkilərdən istifadə, uzun müddət günəş şüaları altında qaldıqdan sonra suya girmə və s. hallar səbəb ola bilər. Suda boğulma zamanı tənəffüs yolları su ilə dolur, hava ağ ciyərlərə daxil ola bilmir, nəticədə orqanizmdə oksigen çatışmazlığı yaranır. Belə halla üzləşən zaman qaydalara əməl etməklə zərərçəkəni xilas etmək olar.

Suda boğulanı xilas edərkən üzərək ona arxadan yaxınlaşmaq lazımdır, çünki bəzən boğulanın təlaş içində qeyri-iradi olaraq onu xilas edəndən tutması işi çətinləşdirir və təhlükə yaradır. Yardım göstərərkən suya baş vurmaq və boğulanın əlindən, saçlarından yapışıb təkan verməklə onunla birlikdə suyun üzünə qalxmaq lazımdır. Bu zaman yardım göstərən sərbəst qalanda əli və ayaqları ilə intensiv hərəkət edib üzməlidir. Boğulanı sahilə çıxarandan sonra onun vəziyyətindən asılı olaraq ilk yardım göstərilməlidir.

Əgər zərərçəkənin huşu özündədirsə, tənəffüs və nəbzi qənaətbəxşdirsə, onu arxası üstə quru, sərt döşək üzərində başı aşağı uzatmaq, quru dəsmal və ya əllə ovuşduraraq geyindirmək lazımdır. Zərərçəkənə isti içkilər verib üstünü örtmək tövsiyə olunur. Əgər zərərçəkən sudan çıxarılandan sonra huşsuz vəziyyətdədirsə, amma nəbz və tənəffüsü qənaətbəxşdirsə, bu zaman onu başıaşağıya meyilli olmaq şərtilə uzatmaq, başını arxaya qatlayıb alt çənəsini irəli çəkmək lazımdır. Zərərçəkənin huşu özündə deyilsə, tənəffüs və ürək fəaliyyəti dayanıbsa, tənəffüs yollarını təmizlədikdən sonra ona süni nəfəs verilməli, ürəyin qapalı masajı aparılmalıdır. Əlavə olaraq tənəffüs yollarından mayeni xaric etmək lazımdır. Həmin əməliyyat süni nəfəs verilməsinin gecikdirilməməsi üçün 10-15 saniyədən çox çəkməməlidir. Beləliklə, suda boğulana ilk yardım göstərməklə kritik vəziyyətdən çıxarandan sonra zərərçəkəni xəstəxanaya aparmaq vacibdir.

Təxliyə zamanı zərərçəkən xərəkdə böyrü üstə başının altı alçaq olmaq şərtilə uzadılmalıdır. Məlumatlı olmaq və cəld reaksiya vermək çətin vəziyyətlərdən asanlıqla çıxmağa, özünə və ətrafdakılara vaxtında və lazımi yardım göstərməyə imkan verir.

 

Sevinc QARAYEVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir