Müəyyən səbəblərdən insanların dərisində ləkələr meydana gəlir. Üzümüzdə olan bəzi ləkələr qışda görünməz olsa da, yaz və yay aylarında çox qabarıq şəkildə özünü büruzə verir. Dəridəki ləkələr, adətən, ya ağ, sarı rəngdə olur, ya da çəhrayı, mavi, bənövşəyi rənglərə çalır.
Bəs, ləkələr hansı səbəblərdən yaranır və hansı təhlükələrdən xəbər verir?
Mövzu ilə bağlı oxucularımızı məlumatlandıran Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova bildirdi ki, biganə yanaşdıqda, ləkələr təhlükəli dəri xəstəliklərinin ilk əlaməti ola bilər:
“Öncə onu qeyd edim ki, dəridə ləkələr əsasən, zob xəstəliyi, dəmir çatışmazlığı, maddələr mübadiləsinin pozulması, böyrəküstü vəzin və qaraciyərin xəstəliyi zamanı meydana gəlir. Qandakı dəyişikliklər də ləkələrin yaranmasına və artmasına səbəb ola bilər. Bəzi ləkələr isə göbələk xəstəliyi və ya xərçəng zamanı müşahidə edilir. Xəstəlik müalicə edilməzsə, ləkələr sürətlə artır”.
Aparılan araşdırmalara istinad edən terapevt bildirdi ki, dəridə yaranan ləkələrin rənginə baxaraq onun hansı xəstəliyin əlaməti olduğunu müəyyənləşdirmək mümkündür:
“Məsələn, ağ rəngli ləkə bədəndə yaranan göbələyin əlaməti ola bilər. Əgər ağ ləkə qabıq verirsə, kəpəklənirsə “tinea versicolor” adı verilən bədən göbələyindən şübhələnmək olar. Həmin göbələk xüsusilə, kürəkdə, sinədə, qarın və qollarda ağ ləkələrin yaranmasına səbəb olur. Adətən, mərci dənəsi kimi xırda olur. Ancaq bir neçə ləkə birləşib daha iri ləkələrin formalaşmasına səbəb ola bilər. Yoluxucu olmasa da, estetik baxımdan yaxşı görünmür. Dermatoloqlarımız da bunun müalicəsini asan hesab edir. Qeyd edim ki, dəridə yaranan ağ ləkələrin digər səbəbi də “vitiliqo” adı verilən dəri xəstəliyi ola bilər. Həmin xəstəlik dəriyə rəng verən hüceyrələri məhv etdiyindən ağ ləkələr yaranır. Vitiliqo daha çox şəkər xəstələrini təhdid edir”.
Həkim deyir ki, dəridə sarı rəngli ləkələrin əmələ gəlməsinin əsas səbəbi sarılıq ola bilər. Onun sözlərinə görə, sarılıq -öd kisəsindən öd axınına maneə yarananda, ya da qaraciyər hər hansı mikrobdan ziyan görəndə baş verir. Bu halda qanda bəzi maddələrin miqdarı dəyişir, yəni artır, nəticədə dəri sarı rəng alır. Həmin ləkələr qaşınır və ya qabıq verir.
Dəridəki çəhrayı-qırmızı rəngli ləkələrə gəlincə, Nərminə xanım bildirdi ki, bu, qurdeşənək, yəni ürtiker xəstəliyindən xəbər verir:
“Dəridə yaranan çəhrayı qızartılar 24 saat içində yox olub təkrar meydana gəlirsə və qaşınırsa, bu ürtiker xəstəliyinin əlaməti ola bilər. Qeyd edim ki, bu sıralamada bədən göbələyini də diqqətə almaq lazımdır. Belə ki göbələklərin səbəb olduğu digər dəri xəstəliyi çəhrayı və qırmızı ləkələrlə müşayiət olunur. “Tinea corporis” adı verilən göbələk infeksiya nəticəsində yaranır. İnsandan, heyvandan və torpaqdan keçə bilir. Dəhşətli qaşınmalara səbəb olan bu xəstəlikdən şübhələnirsinizsə, həkimə müraciət etmək lazımdır. Məlumat üçün deyim ki, bizim MayoMed Klinikamızda bu sahənin mütəxəsisləri var, narahatlığı olanlar müraciət edə bilərlər”.
Ailə həkimi vurğuladı ki, sədəf xəstəliyi də belə ləklərin səbəbi ola bilər. Onun sözlərinə görə, dizlərdə, dirsəklərdə, üzdə və saç dərisində meydana gələn ləkələrin bütün bədənə yayılma təhlükəsi var:
“Qeyd edim ki, Mavi-bənövşəyi ləkələr ürək xəstələrində meydana gəlir. Ürək çatmazlığı nəticəsində qan dövranının pozulması belə ləklərin sayının artması ilə nəticələnir. Xüsusilə, dil, dodaq, burnun ucu, barmaq ucları kimi bölgələrdə müşahidə edilir.
Ağciyər xəstəliklərində isə xəstə normal nəfəs ala bilmədiyi üçün dəri oksigeni qəbul edə bilmir. Bu da ləkələrin yaranması ilə nəticələnir. Xüsusilə, dodaqda və dodaq ətrafında müşahidə edilir.
Eyni zamanda C və K vitamini çatışmazlığı zamanı dərinin altında kiçik qanamalar meydana gəlir. Bu da dərinin səthində bənövşəyi ləklərin yaranmasına səbəb olur”.
Həkim deyir ki, qıçlarda meydana gələn ləkələr ilk baxışda iltihabı damar xəstəliyini xatırlada bilər. Ancaq bu, qan xərçənginin də ilkin əlaməti hesab edilməlidir:
“Xüsusilə, kürək bölgəsində yaranan ləkələr qabıq verirsə, mədə, bağırsaq, döş xərçəngi və qan xərçəngindən şübhələnmək lazımdır. Qəhvəyi rəngli ləkərin əsas səbəbi böyrək çatışmazlığı olur. Dəridə qəhvəyi ləkələrlə yanaşı, quruluq, kəpəklənmə, şiddətli qaşıntı hiss edilir”.
(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)