Həkimlərin müşahidələrinə görə, xəstələrin yalnız təxminən 20%-i onlara təyin edildiyi dərmanları düzgün qəbul edir.
Əksər insanlar isə dərmanları “necə gəldi” qəbul edir. Nəticədə isə dərmanlar xəstənin vəziyyətinə lazım olan təsir etmir. Xəstələr isə bunda müasir dərmanların “keyfiyyətsiz” olmasını günahlandırır.
Sizə dərmanların qəbulu ilə bağlı olan bəzi sadə qaydaları təqdim edirik:
– Əgər hər hansı dərman preparatı sizə gündə 1 dəfə qəbul etmək üçün təyin olunubsa, preparat hər gün eyni vaxtda qəbul olunmalıdır.
– Dərman preparatın qəbulu gündə 1, 2, 3 və s. dəfə təyin oluna bilər. “Gün” dedikdə həkimlər 24 saat nəzərdə tutur. Belə ki, əgər hər hansı dərman gündə 2 dəfə qəbul olunmalıdırsa, bu o deməkdir ki, qəbullar arası 12 saat keçməlidir. Məsələn, dərman səhər saat 8.00-da və axşam saat 20.00-da qəbul oluna bilər.
Bu antibakterial preparatlar (“antibiotik”lər) üçün xüsusilə vacibdir.
– Hər hansı dərmanı təyin etdikdə həkimlər adətən “qida qəbulundan əvvəl”, “qida qəbulunda sonra”, “qida qəbulu zamanı” kimi qeydlər edir. Bu çox vacibdir. Dərmanlar kimyəvi birləşmələrdir və onlar ətrafda olan mühitlərlə və toxumalarla əlaqələrə girir. Məsələn, asetilsalisil turşusu (aspirin və s.) mədənin selikli qişasını qıcıqlandırır və bu səbəbdən mütləq qida qəbulundan sonra qəbul olunmalıdır. Makrolid qrupuna aid olan antibakterial preparatlar (“antibiotik”lər) mədə şirəsi tərəfindən parçalanır və bu səbəbdən bu preparatlar qida qəbulları arası qəbul olunur.
Bəzi dərman preparatları (məsələn, festal, mezim və s.) məhz qida ilə birlikdə qəbul olunmalıdır.
Bəzi dərman preparatları “qida qəbulundan asılı olmayaraq” qəbul olunur. Bu qayda bir çox antibiotiklərə, arterial təzyiqi normallaşdıran, ishala qarşı olan və s. preparatlara aiddir.
Diqqət! Əgər həkim qida qəbulu ilə bağlı heç bir xüsusi qeyd etməyibsə, dərmanın təlimatında isə bu haqda heç bir göstəriş yoxdursa, dərmanı qida qəbulundan 30 dəqiqə əvvəl qəbul etmək lazımdır. Yeri gəlmişkən, bu qayda bir çox dərman preparatlarına aiddir.
– Digər göstəriş olmadıqda, dərman sadə su ilə (çay, çirə, kompot, qazlı sular yox!) birlikdə qəbul olunmalıdır.
– Kapsul şəklində olan dərmanları çeynəmək və ya dişləmək olmaz. Yalnız xüsusi qişası olmayan adi həbləri xırdalamaq olar ki, bu onların sovrulmasını yaxşılaşdırır. Bəzi dərmanlar çeynənməlidir (məsələn, kalsium preparatı), bəziləri sovrulmalıdır (validol, nitroqliserin, qlisin və s.). Bütün bunlar dərmanların təlimatında qeyd olunur.
– Bəzən xəstəyə bir neçə müxtəlif həblər təyin olunur. Bu halda dərman qəbulların arasında olan fasilə 30 dəqiqə olmalıdır. Əgər buna nail olmaq mümkün deyilsə, mütləq bu haqda həkimlə məsləhətləşin.
– Həkimin reseptinə müstəqil şəkildə əlavələr (vitaminlər, immunopreparatlar və s.) etməyin. Bu əsas dərmanların təsirini azalda bilər və s.
– Bəzən öz vəziyyətində yaxşılaşma hiss edən xəstələr dərmanın qəbulunu özbaşına “ləğv edirlər”. Bu böyük səhvdir. Müalicə kursu mütləq sona qədər çatdırılmalıdır. Əks halda tam şəkildə müalicə olunmamış xəstəlik xroniki formaya keçə bilər.
– Dərman preparatları qəbul edən insan (xüsusilə antibiotiklər təyin olunubsa) spirtli içkilərdən tam imtina etməlidir. Əks halda bu qara ciyərin fəaliyyətində olan ciddi pozulmalara səbəb ola bilər.