Azərbaycanda müəllimlərin dərs yükü normaları dəyişdirilib. Nazirlər Kabineti bununla bağlı “Təhsil müəssisələrinin pedaqoji işçilərinin (dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlər istisna olmaqla) dərs yükü normalarının müəyyən edilməsi haqqında” qərara dəyişiklik edib.
Normaların indiyədək olan variantına görə, bütün tipdən olan ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində, idman və incəsənət məktəblərində müəllimlərin, məktəbdənkənar təhsil müəssisələrində dərnək rəhbərlərinin həftəlik 1 stavka dərs yükü – 12 saat (bu zaman həftəlik dərs yükü 3 stavkanı aşmamalıdır) müəyyən edilmişdi.
Yeni dəyişikliyə görə isə bütün tipdən olan ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində müəllimlərin 1 stavka dərs yükü – 18 saat (bu zaman həftəlik dərs yükü 2 stavkanı aşmamalıdır) olacaq. İdman və incəsənət məktəblərində müəllimlərin, məktəbdənkənar təhsil müəssisələrində dərnək rəhbərlərinin həftəlik 1 stavka dərs yükü – 12 saat (bu zaman həftəlik dərs yükü 3 stavkanı aşmamalıdır) müəyyən edilib.
Dəyişikliklərlə bağlı məsələyə münasibət bildirən Azad Müəllimlər Birliyinin sədri, təhsil üzrə ekspert Məlahət Mürşüdlünün fikrincə, müəllimlərin dərs yükünün artırılmasının müsbət tərəfələri kimi mənfi təsirləri də olacaq:
Ekspert qeyd edir ki, dərs yükünün artırılması əmək haqlarının artması üçün yaxşı haldır:
“Amma digər tərəfdən müəllimlərin dərsə hazırlaşma keyfiyyəti aşağı düşəcək. Çünki əvvəllər müəllimlər həftədə 18 saat dərsə hazırlaşırdılar, indi isə bu saatların artırılması keyfiyyəti aşağı salacaq. Bu, dərs yükünün çoxalmasının mənfi tərəfidir.
Düşünmürəm ki, şəhər məktəblərində kimsə 24 saatdan artıq dərs apara bilsin. Yəqin ki, bu dəyişiklik ancaq uzaq bölgələrdə, dağ məktəblərində, müxətlif fənlərdən müəllim çatışmazlığı olan yerlərdə keçərli olacaq.
Məsələn, məktəbdə bir nəfər kimya müəllimi varsa, o məcbur olub digər siniflərə də bu fənni tədris edəcək. Bu bölgə məktəblərində olan problemdir. Fikrimcə, dərs yükünün artırılması zaman-zaman bu problemin aradan qalxmasına səbəb olacaq”.