Ders

Dərslər bağlandı, şagirdlər nə etsin?

Baxış sayı: 1. 069

Koronavirus (COVİD – 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Elə bu məqsədlə bu günlərdə Nazirlər Kabinetinin yanında operativ qərargah bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul edib.

Yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 3-dən 9-dək (ilk tədris günü mart ayının 10-u müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunub. Bu müddət ərzində Təhsil Nazirliyinə və tabeliyində təhsil müəssisələri olan müvafiq icra hakimiyyəti orqanlarına bütün təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin davam etdirilməsi tapşırılıb.

Məktəblərdə, bağçalarda tətil elan olunsa da, iş yerləri bağlanmayıb. Bəs görəsən bu müddət ərzində uşaqların təlim-tərbiyə məsələsi necə tənzimlənəcək? Ümumiyyətlə bu müddətdə valideynlər işə gedərkən övladlarını kimə əmanət etməli, onların qayğısına necə qalmalıdırlar?

 

Təhsil eksperti Məlahət Mürşüdlü bildirdi ki, övladlarımızın sağlamlığı hər şeydən öndə gəlir: “Qarşıdan yaz tətili gəlir. Bu tətil təqribən iki həftə olacaq. Əgər virus səngiyərsə, bu tətildən müəyyən günləri kompensasiya etməklə qalan dərs proqramlarını keçmək olar. Yaxud da iyunun 15-dən sonra yay tətili başlayır. Bu on günü bir qədər irəli çəkməklə həmin müddəti əvəz etmək olar. Tədris planında müəyyən dəyişikliklər etmək imkanları genişdir. Əslində bu müddəti boş vaxt kimi qiymətləndirmək lazım deyil. Mən öz ətrafımda olan şagirdlərə də deyirəm ki, bu müddətdən yararlı istifadə etmək lazımdır. Yaxşı olar ki, şagirdlər özləri proqram üzrə dərslərini davam etdirsin. Çətinlik çəkdikləri məqamda öz müəllimlərindən kömək ala bilərlər. Texnologiya bunun üçün kifayət qədər geniş imkanlar yaradıb. İndi əvvəlki dövr deyil. Hər bir şagird istədiyi vaxt müəllimi ilə əlaqə saxlaya bilər. Həmçinin öz dostları, sinif yoldaşları ilə müzakirələr apara bilərlər. Bizdə onlayn tədris hələlik geniş yayılmayıb. Ona görə də şagirdlər kommunikasiya vasitəsi ilə tədris proqramını mənimsəyə bilərlər. Hər kəs öz müəllimindən fərdi məsləhət və tapşırıq ala bilər. Bir məqamı xüsusi qeyd etmək istəyirəm ki, müəllimlər fənlər üzrə ev tapşırıqları paketini hazırlayıb şagirdlərə verməlidirlər. Bu müddət ərzində uşaqlar sinifdənxaric oxu kimi bədii kitablar oxuyaraq mütaliələrini zənginləşdirə bilərlər. Düşünürəm ki, uşaqlar bu fövqəladə tətildən maksimum şəkildə yararlanmalıdırlar. Kitablar bağlı qalmamalıdır. Dərs tapşırıqları və əlavə məşğələlər öz axarı ilə davam etməlidir. İndi hər bir məktəbin, hər bir sinfin ayrıca vatsap qrupları var. Müəllimlər valideynlər və şagirdlərlə əlaqə saxlayaraq müəyyən məsələləri qruplarda müzakirə edə bilərlər”.

 

Psixoloq Aydan Talıbova deyir ki, bu, fövqəladə bir hal olduğu üçün valideynlər təşviş keçirirdi. Uşaqların sağlamlığının qorunması məqsədilə Təhsil Nazirliyi belə bir addım atdı: “Uşaqların immun sistemi böyüklərə nisbətən zəif olur. Onların virusa yoluxma təhlükəsi daha çoxdur. Böyüklər özlərini qoruya bilir. Amma uşaqlar bu məsələdə daha həssasdır. Virusun kütləvi şəkildə yayılmasının qarşısını almaq məqsədilə Təhsil nazirliyi belə qərar verdi. Əslində, bu çox vacib və düzgün bir qərardır. Çünki böyük kollektivlərdə virusun yayılma təhlükəsi daha da artır. Düzdür, valideynlər bu müddət ərzində işə gedir. Belə bir vaxtda  müəllimlər şagirdlərə müxtəlif ev tapşırıqları verərsə, daha yaxşı olar. Uşaqlar da boş qaldığı müddətdə dərsləri ilə məşğul ola bilər. Dərs proqramından geri qalmamaq və kompensasiya etmək məqsədilə müəllimlər şagirdlərinə müəyyən ev tapşırığı verir. Valideynlər də bu müddət ərzində yaxşı olar ki, uşaqlarına nəzarəti gücləndirsinlər. İşdə olan valideyn azyaşlı uşaqlarını kiməsə əmanət edə bilər. Belə bir məqamda etibarlı şəxslər nənə və babalardır. Bəzi valideynlər isə məcbur olub övladlarını dayələrə etibar edir. Amma bütün bunlara baxmayaraq, uşaqların təlim və tərbiyəsi, o cümlədən dərsləri tam şəkildə nəzarətdə saxlanılmalıdır. Müasir dövrdə kommunikasiya vasitələri xeyli inkişaf edib. Valideynlər öz uşaqları ilə videozənglə əlaqə saxlaya bilirlər. Təhsildən geri qalmaq kimi bir məsələ yoxdur. Dərsliklər də uşaqların özlərindədir. Əgər müəllim evə tapşırıq verməyibsə, valideyn özü öz övladının dərsləri ilə maraqlana bilər. Uşaqların dərsə motivasiyasını artırmaq üçün müxtəlif metodlardan istifadə edilə bilər. Bu müddət ərzində mümkün olduğu qədər övladlarımıza daha çox vaxt ayırmalıyıq. Əslində bu, uşaqlar üçün bir tətil kimi qəbul olunmalıdır. Yaxşı olar ki, valideynlər təşviş və panika keçirməsin. Tətil müddətində nələr edilirsə, indi də uşaqlarla o qaydada məşğul olmaq lazımdır. Verilən qərar övladlarınızın sağlamlığını qorumaq məqsədi daşıyır. Aidiyyəti qurumlar lazım olan bütün tədbirləri görür”.

 

Şəbnəm Mehdizadə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir