mektebli

Dərsliklər niyə ağırdır?

Baxış sayı: 708

Ağırlığı 4, 5, hətta 6 kiloqram olan bu çantalar təkcə şagirdlər üçün yox, elə valideynlər üçün də hər gün daşımalı olduqları bir yükə çevrilib. Müşahidə elədiyimiz zaman görürük ki, aşağı sinif şagirdlərinin çantalarını şagirdlərdən çox, elə valideynlər özləri daşımalı olurlar.

Şagirdlər də çantaların və dərsliklərin ağırlığından şikayətlənirlər. Bir fəndən 5-6 kitab gətirdiklərini deyən şagirdlər hətta əlavə çanta da gətirməli olurlar.

Medicina.az - Dr. Günay Rəsulova-Pediatr

Mövzu ilə bağlı açıqlama verən həkim pediatr Günay Rəsulova məktəbli çantalarının ağır olmasının birmənalı şəkildə təhlükəli olduğunu bildirir: “Mən də valideynəm, biz uşağın çantasını yığanda, çanta daşınılmaz hala gəlir. Çox ağır qaldıranda, bu uşaqlarda boy artımına birbaşa təsir göstərir. Eyni zamanda, onurğada əyriliklərə, bel ağrılarına, sinir ağrılarına gətirib çıxardır”.

 

Ekspert Elçin Əfəndinin sözlərinə görə, məktəbli çantalarının ağırlığı şagirdin çəkisinin 10%-dən çox olmalı deyil: “Məktəbli çantalarının həcmi böyükdür. Bununla yanaşı, dərs vəsaitlərinin də həcmi böyükdür. Əlavə test tapşırıqlarının, iş dəftərlərinin də çantaya yığılması gələcəkdə xəstəliklərlə müşahidə olunur. Həmçinin şagirdlərdə ümumi psixoloji gərginlik də olur. Bu qədər tapşırıqları hazırlamaq, bunlar hamısı şagirdlərə fəsad verir”.

Elçin Əfəndi: "Mən çox təəssüf hissi ilə qeyd edirəm ki..."

Ekspert bildirir ki, dərs vəsaitləri hazırlanarkən kitablara əlavə məlumatlar salınır ki, bu da onların qalın və ağır olmasına səbəb olur. Bundan başqa, dərsliklərdə istifadə edilən kağızların tərkibi də əvvəlkilərə nisbətən fərqlidir. Bütün bunlar isə dərs vəsaitlərinin ağır olmasına gətirib çıxarır: “Belə olduğu halda kitabın həcmi normativ ölçülərdən bir qədər kənara çıxır. Bu da məktəbli çantalarının ağır olmasına gətirib çıxardır, bunun da fəsadını əlbəttə, yenə də şagirdlər çəkir”.

Ekspert deyir ki, Təhsil Nazirliyi, təhsil müəssisələrinin rəhbərləri, eyni zamanda müəllimlər dərs vəsaitlərini azaldaraq bu problemin qarşısını ala bilərlər.

Mövzu ilə bağlı Təhsil nazirliyinin də mövqeyini öyrəndik. Bildirildi ki, hazırda ümumi təhsil pilləsində tətbiq olunan təhsil proqramları dünyanın aparıcı təhsil sistemlərinin müxtəlif fənlər üzrə kurikulumları ilə müqayisə edilib. Bu təhlil əsasında təhsil proqramlarının təkmilləşdirilməsi prosesinə başlanılıb. Eyni yanaşma yeni dərsliklərin hazırlanmasına da tətbiq olunub. Belə ki, şagirdlərin çanta yükü nəzərə alınaraq, dərsliklər 1-ci və 2-ci hissə olmaqla çap edilib. 1-ci hissə dərsliklərin istifadəsi I yarımil, 2-ci hissə dərsliklərin istifadəsi isə II yarımil üçün nəzərdə tutulub. Bu da öz növbəsində uşaqların dərsliklərinin və onların çantalarının yükünə təsir edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir