derslik

Dərsliklərdə islahat zəruridirmi? – EKSPERT YANAŞMASI

Baxış sayı: 917

Təhsil naziri Emin Əmrullayev şagirdlərin ev tapşırıqlarının çox olmasına münasibət bildirib. O çıxışında valideynlərin uşaqları lazımsız yerə repetitor məşğələlərinə göndərdiyini söyləyib. Uşaqların qədərindən artıq dərslə yükləndiyini xüsusi vurğulayan E.Əmrullayev öyrənmənin  başadüşmə  ilə əlaqəli olduğunu deyib:

“Bir şeyi çox tez və yaxud çox çətin, uzun yol ilə öyrətmək olar. Bu artıq müəllimlərin bacarığından asılıdır. Bizim tədrisin məzmunu ilə bağlı böyük müzakirələrə ehtiyacımız var. Məktəbi yükləməyimizdə əsas səbəb odur ki, çox hallarda uşaqlardan soruşmadan məzmun yazılır. Öyrənmə həm də əyləncə formasında olmalıdır. Xüsusilə də aşağı yaşlarda ki, motivasiya olsun. Bu formatlara keçmək daha çox müəllimlə bağlıdır”.

kamran esedov

Nazirin fikirlərini dəyərləndirən  təhsil ekpserti Kamran Əsədov repetitor məşğələlərinin mənfi tərəflərindən danışdı:

“Bu gün şagirdlər əlavə müəllim yanına getmədən bilik öyrənə bilmirlər. Buna  səbəb dərsliklərimizin kifayət qədər çətin hazırlanmasıdır. Ona görə də uşaqlar  günün böyük  hissəsini repetitor yanında, hazırlıq kurslarında keçirirlər. Onlar asudə vaxtlarından səmərəli istifadə edə bilmirlər. Bütün bu hallara ikinci səbəb isə  dərsliklərdə informasiya yükünün çoxluğu, tapşırıqların həddindən artıq verilməsidir. Bəzən müəllimlər uşaqlara əlavə iş dəftərlərindən çalışmalar tapşırırlar. Həm də dərs müddəti müəllimin iştirakçıların hamısı ilə maraqlanmasına  bəs etmir. Siniflərdə də şagird sıxlığı olur. Məsələn normal say  iyirmidir, lakin sinifdə 35-50-ə qədər uşaq var. 45 dəqiqə ərzində müəllim hər biri ilə maraqlanmağı bacarmır, müəyyən mövzuları izah etməyə vaxtı çatmır. Nəticədə uşaqlar repetitor hazırlığına gedir”.

Ekpert həmçinin şagirdlərin əlavə repetitor hazırlıqlarına üz tutmasının qəbul və buraxlış imtahanlarının çətinliyi ilə əlaqəli olduğunu söyləyir:

“Dərslikləri sadələşdirməli, şagird sıxlığını azaltmalı, imtahanlar müəyyən qədər asanlaşdırılmalıdır. Repetitor təhsili mənfi nəticələr doğurur. Həm də böyük həcmdə vəsaitin nəzarətdən kənarda qalmasına gətirib çıxarır.

Çünki qeydiyyatdan keçib, fəaliyyət göstərən repetitorlar azdır. Hesab edirəm ki, onların fəaliyyətinə lisenziya ilə icazə verilsə, bu sahədə şəffaflıq və təhlükəsizlik təmin olunacaq.

Bəzi hallarda isə repetitorlar dərs vaxtında məşğələ keçirlər. Məsələn günorta saat  3-dən sonra başlamalıdırsa, səhər saatlarında  uşaqlarla məşğul olurlar. Beləliklə dərsi bölürlər.

Onu da deyim ki, 15 il bundan əvvəl şagirdlər 10-11-ci siniflərdə məşğələyə gedirdilər. İndi ibtidai sinifdən məşğələyə üz tutmağa başlayırlar. Ona görə qeyd etdiyim islahatalar aparılmalıdır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir