Britaniyalı iqtisadçı John Maynard Keynes ötən əsirin əvvəllərində iqtisadiyyat sahəsində öz radikal düşüncələri ilə yeni bir nəzəriyyənin yaranmasına rəvac verdi.
O, iqtisadi durğunluqla mübarizə üçün özünəxas maliyyə siyasətini müdafiə edirdi. Bu siyasət iqtisadiyyatın gedişatına məqsədli müdaxilə edilməsi ilə bağlı idi. Bir qədər utopik olsa da, onun düşüncələri daha sonra “Keynes iqtisadiyyatı” nəzəriyyəsi adı ilə bu sahədə öz yerini tutdu. Keynesin irəli sürdüyü iqtisadiyyat modeli insanların təməl-ibtidai tələblərinə yönəldilmiş makroiqtisadi siyasət idi. O deyirdi ki, yaşadığı əsrin sonlarına doğru texnologiyanın inkişafı, inkişaf etmiş ölkələrdə həftəlik iş saatını azaldacaq. O, 20-ci əsrin sonlarında həftəlik iş vaxtının 15 saata enəcəyini proqnozlaşdırırdı.
Bu proqnoz dövrümüzün insanlarına bir qədər gülməli görünə bilər. Amma 1930-cu illərdə iqtisadiyyat sahəsindəki gedişat bunun real olacağına Keynesi inandırmışdı. Çünki o, yaşadığı dövrdə fabriklərdə avtomatlaşmanın çoxalması, kütləvi istehsalın artması, elektrik enerjisi, buxar və kömürün intensiv istifadəsi ilə 1919-1925-ci illər arasında ABŞ-da məhsuldarlığın 40 faizdən çox artdığına şahid olmuşdu. O vaxtlar bu məhsuldarlıq insanların həyat səviyyəsində yüksəlişə səbəb olmuş, iş həyatında köklü bir dəyişiklik meydana gətirmişdi. Texnologiyanın inkişafı sayəsində növbəti illərdə də məhsuldarlıq artmağa davam etdi.
Bütün bunları müşahidə edən iqtisadçının proqnozu əslində real görünürdü. Bu, 2013-cü ildə İngiltərənin “Centre for Economic and Business Research” və “O2 Business” təşkilatlarının yayımladığı “Individual Productivity” (Fərdi Məhsuldarlıq) hesabatında da öz əksini tapır. Həmin hesabatda 1972-2012-ci illər arasında mobil telefonlar, elektron poçt və iş proqramı kimi informasiya və kommunikasiya texnologiyalarının köməyi ilə bir saatda görüləcək işin beş qat daha asan və cəld yerinə yetirildiyi qeyd olunur. Yəni, 1970-ci illərdə bir gün ərzində görüləcək iş yükünü bu gün 1,5 saat ərzində tamamlamaq mümkündür. Yaxşı, bəs onda niyə hələ də Keynesin dediyi kimi, həftədə 15 saat yox, əksinə, daha çox işləməli oluruq?
Pandemiyada formalaşan yeni iş sistemi Keynes nəzəriyyəsini niyə reallaşdıra bilmədi?
Dünyada son iki əsrdə çox böyük dəyişikliklər baş versə də, iş həyatının standartları demək olar ki, olduğu kimi qalır. Buna baxmayaraq, günümüzdə insanların daha az işləməsi üçün müəyyən imkanlar mövcuddur. Xüsusilə COVİD-19 pandemiyası ilə mübarizə apardığımız bu dövrdə dövlətlər uzaqdan işləməyi vəziyyətə ən uyğun variant kimi qiymətləndirdi. Araşdırmalara görə, bu mərhələ ABŞ-da gündəlik iş vaxtına 3 saat, İngiltərə, Fransa, İspaniya və Kanadada 2 saat, Hollandiya, Danimarka, Belçika və Avstriyada 1 saatlıq artıma səbəb olub.
Beynəlxalq Əmək Təşkilatının (İLO) yayımladığı “Teleworking during the COVİD-19 pandemic and beyond” (COVİD-19 pandemiyası və ondan sonrakı dövrlərdə “Teleworking”) hesabatında, pandemiyadan əvvəl də uzaqdan və ya evdən işləyənlərin daha çox işləməyə məcbur qaldıqları qeyd olunur. Pandemiya zamanı təşkilatın apardığı sorğulara görə, uzaqdan iş sisteminə keçən hər 4 işçidən biri şirkətin tələbini ödəmək üçün boş vaxtlarında da işləməli olub. Bu hesabata görə, təxminən 38 faiz insan gündəlik rəsmi iş saatlarından əlavə, səhər və ya axşam saatlarını işləyərək keçirir.
Pandemiya vaxtı əksəriyyətin evdən işləməsinin peşə və şəxsi həyat arasındakı sərhədlərin ümumiyyətlə yavaş-yavaş aradan qalxmasına səbəb olacağı proqnozlaşdırılırdı. Statistikalar da artıq bunun reallaşdığını göstərir.
Keynes utopiyasına qarşı kapitalizm psixologiyası
Keynes nəzəriyyəsinə gəldikdə isə, görünür, iqtisadçı bu proqnozu verən zaman getdikcə azğınlaşmaqda olan kapitalist sistemi nəzərə almamışdı. Məhz bu ziddiyyətdən çox güclü bir dərs çıxartmağımız mümkündür. Antropoloq David Graeber, Keynes nəzəriyyəsinin dövrümüzün insanlarına niyə utopik göründüyünü izah edərkən, “Daha az işləməklə daha çox “oyuncaq” və həzz arasında seçim etmək imkanımızın olduğunu düşünəndə, biz insanlar ikincini seçdik” – deyir.
Bəlkə də Keynes, insanın yaxşı yaşaması üçün bəlli ehtiyaclarının və bəzi arzularının qarşılandığı halda saatlarla işləməyə ehtiyac qalmayacağını düşünmüşdü. Bu nöqteyi-nəzərdən günümüzün mənzərəsi çox fərqli və acınacaqlıdır. Çünki biz sosial-iqtisadi vəziyyətimizdən asılı olaraq daima yeni ehtiyaclar icad edirik. Bu ehtiyacları ödəmək üçün isə daha çox çalışmalı oluruq.
Digər tərəfdən, artıq dünyada, xüsusilə inkişaf etmiş ölkələrdə iş anlayışının radikal bir şəkildə dəyişdiyini müşahidə etmək mümkündür. Keçən əsrdən bu yana sənayedə və kənd təsərrüfatı sahəsində çalışan işçilərin sayı kəskin azalıb və xidmət sektorunda işçiyə ciddi tələb formalaşıb. Xidmət sektoru isə artıq mağazalar, restoranlar, gözəllik salonları kimi sahələrlə məhdudlaşmır. Bu sektora aid bir çox fərqli iş qolları yaranıb və işçi qüvvəsi də əsasən bu sahələrdə toplanıb. Məsləhət və çağrı mərkəzləri, mühasibatlıq, karqo və sair kimi xidmət sektoru sahələrində artan məşğulluq və işçilərin sayı digər sahələrə nəzərən daha çoxdur.
Təkcə ABŞ-ın statistikasına görə,1910-2000-ci illər arasında inzibati işlər, ofis, kargüzarlıq, satış və servis sahəsində çalışanların məşğulluqdakı payı dörddə birdən dörddə üçə yüksəlib. Buna baxmayaraq, dünyada insanlar hələ də işsizlikdən və az məvacibdən şikayətçidir.
Daha az işləməyi yox, daha çox istehlak etməyi seçdik
İş vaxtının niyə azalmadığı ilə bağlı sualın cavabının iqtisadi olduğu qədər siyasi tərəfləri də var. İllər ərzində artan məhsuldarlıq daha çox məhsuldarlıq artımı tələbinə çevrildi. Bu tələb isə işçilərə “daha çox iş – daha çox maaş” vədi kimi təqdim olundu. Keynesin irəli sürdüyü nəzəriyyə isə daha az iş, daha az iş saatı və bunlarla bağlı olaraq yüksək məvacib üzərinə qurulmuş iqtisadiyyat idi. Baş tutmadı. Çünki şirkətlər arasındakı rəqabət daha çox məhsuldar olmaq tələbatını formalaşdırdı. Bu tələbatın yükü də işçi qüvvəsinin boynundadır və bu insanlar da daha çox çalışıb, daha çox qazanmaq istəyirlər. Bunun əsas səbəblərindən biri reklam sektorunun insanlarda “sintetik ehtiyaclar psixologiyas”ını formalaşdırması oldu. İndi hansı təbəqədən olmasına baxmayaraq, insanların daha çox pal-paltara, fərqli yerləri gəzib görməyə, ən yaxşı ev əşyalarına, son model maşın və telefonlara, cins heyvan saxlamağa, cürbəcür aksessuarlara “ehtiyacları var”.
Beləcə, Keynesin proqnozu da insanlıq tarixi üçün utopik bir nəzəriyyə olaraq qalır.