menzil

Daha mənzil alarkən aldadılmayacağıq?

Baxış sayı: 492

Mənzil satışı zamanı fırıldaqçılıq hallarına son qoyula bilər. Belə ki, mənzillərin etibarlı satışının təşkili və mənzil əldə etmiş şəxslərin hüquqlarının qorunması məqsədilə Mənzil Məcəlləsində dəyişiklik edilməsi gözlənilir. Bu barədə qanun layihəsinin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi 1 iyul 2024-cü il tarixinə nəzərdə tutulub. Qanun layihəsi ilə bağlı icraçı qurumlar İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Ədliyyə Nazirliyidir.  Eyni zamanda daşınmaz əmlakla bağlı dövlət xidmətləri üzrə mobil tətbiqin istifadəyə verilməsi, daşınmaz əmlaka dair texniki sənədlərin (torpaq sahəsinin planı və ölçüsü, texniki pasport) tam elektronlaşdırılması nəzərdə tutulub.

Qeyd edək ki, daşınmaz əmlakın dövlət reyestrinin elektron aparılması qaydalarının yeni sistemə uyğun təkmilləşdirilməsi ilə bağlı normativ hüquqi akt layihələrinin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi, bələdiyyələr tərəfindən 01.12.2007-ci il tarixinədək fiziki və hüquqi şəxslərə ayrılmış torpaq sahələri ilə bağlı müvafiq torpaqayırma sənədlərinin yeni sistemdə yerləşdirilməsi məqsədilə onların məlumat bazasının “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sisteminə inteqrasiyanın təmin edilməsinə dair normativ hüquqi akt layihəsinin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi 1 iyul 2024-cü il tarixinə nəzərdə tutulub.

Xatırladaq ki, əmlakın qeydiyyatı və icarəsi işçi qrupuna rəhbərliyi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazov həyata keçirir.

Elnur Azdov

Məsələ ilə bağlı daşınmaz əmlak üzrə ekspert Elnur Azadov bildirir ki, əmlak müəsissələrinin dövlət xidməti tərəfdən sənədləşməsi, elektronlaşması son illər gündəmdədir: “Bir neçə il qabaq adi kağızda olan çıxarışlar elektronlaşdı. Yəni ki, istehlakçı sənədlərini dünyanın istənilən yerindən elektron qaydada çıxara bilir. Bu sahədə işlər təkmilləşir. Bu məsələ qiymətlərə təsir etmir, sadəcə proseslər asanlaşır və hüquqi təminat möhkəmlənir. Bu, həm də gələcəkdə dolayı yolla aparılan hər hansı bir əməliyyatın qarşısını alacaq. Eyni zamanda, əgər sistem yeni tikilən binalara da inteqrasiya olsa, vətəndaşların riskləri sıfıra enəcək”.

elnur ferzeliyev

Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev isə qeyd edir ki, belə bir qanun layihəsinin hazırlanmasına ciddi ehtiyac var: “Zamanında bəzi fırıldaqçı tikinti şirkətləri tərəfindən yüzlərlə zərər çəkmiş şəxs olub. Bir mənzil şirkət tərəfindən 2-3 nəfərə satılıb. Bu zaman isə MTK rəhbəri həbs olunub. Əksər hallarda da vətəndaşa dəymiş zərər ödənilə bilməyib. Yaxın vaxtlarda mediada yayılmışdı ki, saxta yol ilə xarici ölkələrdə etibarnamə əldə edərək kirayə götürdükləri mənzilləri başqa şəxslərə satıblar. Bəzən isə vətəndaşlar mənzil alır və daha sonra müəyyən olur ki, bu torpaqda sürüşmə var. Bunlara nəzərən daşınmaz əmlak sahəsində fırıldaqçılığın qarşısını almaq üçün mütləq şəkildə belə qaydanın əlavə olunması çox vacibdir. Hazırda bu problemlərin sayı yüzlərlədirsə, gələcəkdə daha da çox olacaq. Yeni qanun forması hazırlanmalı və yeni sənədlər tələb olunmalıdır. Çıxarışlı və çıxarışsız mənzillərlə bağlı hüququ baza olmalıdır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir