danismaq

Danışıq qabiliyyətimizi necə inkişaf etdirə bilərik?

Baxış sayı: 7. 699

Ekspertlər deyirlər ki, mütəxəssislə məşq etməklə gözəl danışığa daha tez sahib olmaq mümkündür, ancaq evdə də edə biləcəyimiz nələrsə var

Hər hansı məişət əşyasını götürün və onun haqqında 5 dəqiqə bədii üslubda danışmağa, əşyanı təsvir etməyə çalışın. Məsələn, bu, hansısa tava ola bilər. “5 dəqiqə tavadan nə danışmaq olar” kimi sual verənlər ola bilər. Bəs tava haqqında bir saat danışmaq? Məşqlə bunun da mümkün olduğu bildirilir.

Bu üsul internetdə qarşıma çıxdı, maraqlı və özünü test etmək üçün praktik gəldi. Ancaq gözəl danışıq qabiliyyəti ilə bağlı insanların yanaşması fərqlidir. Kimi deyir ki, gərək uşaq vaxtından dilli-dilavər olasan, bu, bir istedaddır. Ancaq Bayronun fikri bunun əksidir: “Gözəl danışıq qabiliyyəti Allah vergisi olmaqdan çox, çalışmaqla əldə edilən bir şeydir”. Mütəxəssis yanına gedib nəticə əldə edən şəxslər çoxdur. Bəs mütəxəssis yanına getmədən, elə evdə özümüz danışıq qabiliyyətimizi inkişaf etdirmək üçün hansı üsullardan istifadə edə bilərik?

Günay Həsənova hər vasitəni yoxladığını deyir: “Bədii kitablar oxuyuram. Bundan başqa, hər gün telefonun ön kamerasını açıb danışıram, sonra özümü dinləyirəm. Düzü, heç bəyənmirəm (Gülür). Bir də evdəkilərə tapşırmışam ki, danışığımda aaa, ııı, tipli səslər çıxaranda, mənə irad tutsunlar. Bununla problemin yarısını həll etmiş sayılıram”.

Turan Tağızadə diksiyası gözəl olan şəxsləri dinləməklə çox şey öyrəndiyini deyir: “Düzdür, kitab oxuyuruq, ancaq danışığı inkişaf etdirmək üçün tək bu üsul yetərli deyil. Mən danışa bilən, nitqi gözəl olan insanlara qulaq asıram. Maraqlı bloqlardan yazılar oxuyuram. Çalışıram ki, danışığımda eyni sözləri tez-tez istifadə etməyim. Sinonimlər və yeni dünya dilinə daxil olan sözləri nitqimizə daxil etmək bəyəniləndir. Bənzətmələr olmalıdır. Təkrarçılıq olanda, qarşı tərəfə yorucu gələ bilir. Ona görə, sözlərin sinonimlərini, tapıb işlədirəm. Bunun üçün daim axtarışdayam. Öyrənmək öz yerində, onu tətbiq də etmək vacibdir. Ona görə danışaraq danışıq qabiliyyətimi inkişaf etdirirəm”.

 

Mütəxəssissiz də olar

“Diksiya Akademiyası”nın direktoru, nitq təlimçisi Cəlalə Nəzəroğlu deyir ki, mütəxəssislə daha qısa vaxtda nəticə əldə etmək mümkündür, ancaq insan istəsə, evə də danışıq qabiliyyətini inkişaf etdirə bilər: “Bütün bacarıqlar kimi nitq qabiliyyətini də inkişaf etdirmək üçün mütləq bir rəhbərə ehtiyac var. Bu rəhbər “Youtube” videosu, hansısa kitab, mütəxəssis və s. ola bilər. Ancaq mütəxəssis nəzarəti olmadan edilən məşqlərin düzgünlüyü sual altındadır. Təlimatlara uyğun öz bildiyi kimi edəcək, ancaq düz, yoxsa səhv etdiyini müəyyənləşdirməsi çətindir. Mütəxəssis isə onu yönləndirə bilər. Digər tərəfdən, insanlar ödəniş edib, konkret gün götürüb hansısa mütəxəssisin yanına getməyəndə, bir qədər məsuliyyətsiz olurlar. Biz bilirik ki, hər şey vərdişdən, davamlılıqdan, səbirdən asılıdır. Əgər özümüzdə hansısa yeni bir vərdişi formalaşdırmaq istəyiriksə, mütləq ona aid hər gün nəsə etməliyik. Nitq də belədir. Mütəxəssislə işləyəndə, o, daim nəzarət altında olur, tapşırıqlar edir. Əgər qısa zamanda effektli nəticə istəyirlərsə, mütəxəssislə işləyə bilərlər. Ancaq kitab və “Youtube”dan istifadə edərək də, bu bacarıqlarını inkişaf etdirə bilərlər”.

Dili inkişaf etdirən kitablar

Gözəl danışıq deyəndə, çox adam kitab oxumaqdan başlayır. Bəs hansı kitabları oxuyaq? C.Nəzəroğlu bir neçə ədəbiyyat da məsləhət gördü: “Danışığı inkişaf etdirmək üçün tərcümə olunmuş kitablar da oxumaq olar, ancaq keyfiyyətli şəkildə olması önəmlidir. Çünki tərcümə hər nəşriyyatda uğurlu olmur. Mən iki-üç ay əvvəl “Səfillər” romanını almışdım. O qədər bərbad tərcümə ediblər ki… Uzun, qarmaqarışıq cümlələr var. Cümlənin nə başı var, nə ayağı. Oxuya bilmədim. Çünki fikrim süjet xəttində yox, səhvlərdə qalır. Cəfər Cabbarlının hekayələrini, Səməd Vurğunun poemalarını, İsmayıl Şıxlının, İlyas Əfəndiyevin bütün əsərləri məsləhət görə bilərəm. Əzizə Cəfərzadənin dili möhtəşəmdir. Fərman Kərimzadənin “Xudafərin körpüsü” də bu cəhətdən sizə kömək ola bilər. Bol-bol oxusunlar və gündəlik həyatlarında istifadə etməyə çalışsınlar”.

 

Səsli, yoxsa səssiz oxuyaq?

C.Nəzəroğlu necə oxumaq məsələsindən də danışdı: “Kitabı iki cür oxumaq mümkündür: səssiz və səsli. Birinci variantda zövq alaraq, hadisələrin axışına buraxan formada oxuyuruq. Sanki filmə baxırıq. İkincisi, tələffüzü düzəltmək, söz ehtiyatını artırmaq üçün effektli olar. Birinci halda da siz yeni söz öyrənəcəksiniz, diqqətinizi bəzi ifadələr, hətta bütöv cümlələr çəkə bilər. Onları ağzınıza alıb tələffüz etmirsinizsə, passiv lüğətinizdə qalır. Uzun müddət də səsli formada kitab oxumaq oxucu üçün yorucu ola bilir. Ancaq tələffüzdən ötrü oxuyurlarsa, ağızlarını geniş açaraq hər hecanı normal şəkildə ağızlarından çıxararaq oxumalıdırlar. Bundan başqa, oxuyarkən yeni tanış olduqları sözlərin, birləşmələrin, yaxud cümlələrin altından xətt çəkib sonra güzgü qarşısında özlərinə danışsınlar. Hətta yaxşı olardı ki, “Whatsapp”la kiməsə həmin ifadələr keçən səs göndərsinlər. Yaxud o sözlər olan cümlələr qurub ailə üzvləri ilə danışsınlar. Yəni bir şəkildə yeni ifadələr ağızdan çölə çıxmalıdır. Beləcə, aktiv yaddaşda qalır”.

 

Parazit sözləri nitqdən çıxarmağın yolu

Gözəl danışmağa mane olan parazit sözləri nitqdən çıxarmaq da çox adamın problemidir. C.Nəzəroğlu bildirdi ki, bu, söz ehtiyatının azlığının göstəricisidir: “Söz ehtiyatı az olduğu üçün bir çox insan fikrini doğru şəkildə ifadə edə bilmir. Aaa, ıııı, eee, mmm kimi səslər çıxarırlar, yaxud bu kimi sözləri həddindən artıq işlədirlər ki, bunlar da çox işləndikdə parazit sözlər hesab olunur. Telefonun ön kamerasını açıb qarşısında otursunlar və nədən gəldi danışsınlar. Xəyalları, tərcümeyi-hal və s. nə istəsələr. Sonra öz səslərinə qulaq assınlar və dəqiqədə neçə parazit səs çıxardıqlarını saysınlar. Bir neçə saat sonra, ya da növbəti gün yenidən kameranı açıb yenə o mövzunu danışsınlar. Növbəti dəfə bu səsləri çıxarmamağa çalışsınlar. Baxsınlar ki, parazit sözdən sonra hansı sözü deyiblər? Bax həmin sözün bol-bol sinonimlərini tapsınlar. Hətta sinonimlər lüğətini alıb özlərində saxlasınlar. Bir sözün bəzən 10-15 qarşılığı olur. Unutdunsa, o birini deyirsən. Nitq daha rəngarəng olur”.

 

Gözəl danışıqları dinlə

Gözəl danışıq qabiliyyəti olan şəxsləri dinləmək haqqında danışan C.Nəzəroğlu, bunu da effektli üsul adlandırdı: “Youtube”da “Canlı kitab” kanalında aktyor, rejissor Kamal Yaşarın səsləndirməsində çox gözəl kitablar var. Kamal, Azərbaycan dilinin orfoepiyasını yüz faiz bilən 2-3 nəfərdən biridir. Təklif edirəm ki, onun oxuduğu kitabı əldə etsinlər, həm kitabı oxusunlar, həm də eyni vaxtda səsli şəkildə dinləsinlər. Harasa uzaq yola gedəndə, bir işlə məşğul olanda, qulaqlarında davamlı olaraq yaxşı səsləndirilmiş audio kitab olduğu zaman səhv tələffüz etdikləri sözləri öyrənib düzəldə bilərlər”.

 

Xüsusi vaxt tələb etməyən məşqlər

Bir işə başlayanda, nəticə əldə edəcəyimiz müddəti də düşünürük. C.Nəzəroğlunun sözlərinə görə, 5-6 ay ərzində davamlı, ciddi məşğul olunsa, nəticə əldə etmək mümkündür: “Gündə 3 dəfə buna vaxt ayırmaq lazımdır. Hər dəfə oturanda 15 dəqiqə məşğul olsalar, yetərlidir. Biz adətən elə məşqləri tövsiyə edirik ki, onların vaxtını almasın. Misal üçün oxuduğunuz yeni ifadələri işlədib, səsinizi diktofona yazırsınız. Sonra yol gedərkən qulaqlıqla onu dinləməyiniz yetərlidir. Çox dinlədikcə beyində qalacaq. Bundan başqa, istirahət edərkən, yaxud ev işləri görərkən paralel reallaşdıra biləcəkləri məşqlər tövsiyə edirik. Televizor izləyərkən qarınlarının üstünə kitab qoyub nəfəs alsalar, diafraqma nəfəslərini genişləndirəcəklər və beləcə daha gur səsləri olacaq. Həm də toplum qarşısında çıxış edərkən az həyəcanlanacaqlar. Etmək istəyən adam üçün əngəl yoxdur”.

“KarnegiKlub”un rəhbəri, “Moskva Ritorika və Natiqlik Bacarığı Universiteti”nin aparıcı təlimçisi Nəcəf Allahverdiyev danışıq, natiqliklə bağlı evdə özünü istənilən səviyyədə inkişaf etdirməyin çox çətin olduğunu deyir: “Real insanlar olmalı və onların qarşısında məşq edə-edə öyrənməlisən. Güzgünün, kameranın, evdəki yaxınların qarşısında çıxış edəndə, həmin effekt alınmır. Çünki bir çox halda hamımız evdəkilərin yanında danışa bilirik. Komfort zonasındayıq və real tətbiqi təcrübə qazanılmır. Güzgünün qabağı, kamera qarşısı da effektli deyil. Ya özlərini həddindən artıq bəyənmirlər, ya da həddindən artıq bəyənirlər. Hər iki hal da öyrənmək üçün ziyanlıdır. Mən təlim mərkəzinin rəhbəriyəm və bu təlimləri aparıram deyə, belə çıxa bilər ki, insanları öz təlimlərimizə yönəldirəm. Heç də yox. San-Fransiskoda da biri sual versə, – hansı ki ingilis dilində danışır və natiqlik bacarığı təlimi üçün yanıma gəlməyəcək – onlara da eyni tövsiyəni verəcəm. O adamlarda nəticə yaxşı olur ki, fitri istedadı var və sadəcə olaraq bir az təkmilləşmə lazımdır. Amma heç nə etməməkdənsə, gündəlik evdə danışmaq, söz bazasını genişləndirmək, tapşırıqları evdə fərdi şəkildə etmək lazımdır”.

 

Yaxşı danışmaq üçün öncə yaxşı oxumalıyıq

Yazıda adı keçən aktyor, rejissor və nitq təlimçisi Kamal Yaşar deyir ki, danışığı inkişaf etdirmək məsələsinə kompleks yanaşmaq lazımdır: “Yaxşı danışmaq üçün öncə yaxşı oxumalıyıq. Bundan da öncə düz oxumaq lazımdır. Yəni biz eyni zamanda həm ağız və nəfəs aparatlarından doğru istifadə etməliyik. Ardınca isə orfoepiya qaydalarını bilməli, daim öyrənməliyik. Əksər adam elə bilir ki, mühüm olan səsdir. Mənsə eyni zamanda səsi də yetərincə yaxşı olan bir qiraətçi kimi deyirəm ki, elə deyil. Səs, ən sonuncu komponentlərdəndir. Hər bir adam mövcud səsiylə aydın və ifadəli danışa bilər. Sadəcə, davamlı zəhmət lazımdır. Ən yaxşı variant ciddi müəllimlə hazırlaşmaqdır. Çünki burda praktik məşğələlər, partnyorla işlər, davamlı fiziki çalışmalar var. Əgər pul xərcləmədən nəyəsə nail olmaq istəyirlərsə, bəlkə də bu da mümkündür. Amma gec nəticə verəcək”.

K.Yaşar praktik ev şəraiti üçün məsləhət də verdi: “İnsanlar danışığa öncə ağız aparatlarını və nəfəsi doğru idarə etməklə başlamalı (“Youtube”da bəzi çalışmalar tapa bilərlər) və bunu edəndən sonra ilk işləri səsli oxu olmalıdır. Oxu o vaxta qədər davam etməlidir ki, oxuduqları özlərinə xoş gəlsin. Bunun üçünsə özlərini duymalıdırlar. Oxuda məqsəd nəql etməkdir. Şirin və aydın nəql. Sanki bir adama macəra, yaxud bir uşağa nağıl danışırmışıq kimi. Bu, ölüncə davam etməlidir. Ən praktik yolu səsli oxudur. Amma təkrar edirəm, adamda nəfəs idarəetmədə problem varsa, alınmayacaq. Bəsit qayda budur ki, nəfəs qarınla, diafraqmayla alınmalıdır. Sinəylə alarkən ağciyərlərin az faizi havayla dolur və danışıq istər-istəməz qısa və qırıq olur. Dili düzəltməyin də maneəli məşğələləri var. Ağızda fındıqla, qələmlə məşğələlər. Dil, çənə və dodaqlar doğru idarə edilməlidir. Artikulyasiya çalışmaları vacibdir. Yəni ev şəraitində bunları əldə etmək olar. Kimsə köklü dəyişiklik istəyirsə, köklü addım atmalıdır. Yüngül ev şəraitində dəyişikliklər üçünsə yuxarıda yazdıqlarım yetərlidir”.

 

Aygün Asimqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir