Yaxın vaxtlarda mənzil bazarında qiymətlərin bir qədər də bahalaşacağı gözlənilir. Daşınmaz əmlak bazarı üzrə ekspertlər hesab edirlər ki, hər il ipoteka kreditləri verilən dövrdə bazarda qiymət artımı müşahidə olunduğu kimi, yaxın günlərdə vəsait ayrılandan sonra yenə eyni hal təkrarlanacaq.
2026-cı ildə ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə İpoteka və Kredit Zəmanət Fondu tərəfindən banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayrılıb. İpoteka krediti almaq istəyən vətəndaşlardan müraciətlərin qəbuluna adi ipoteka kreditləri üzrə bugündən, güzəştli ipoteka kreditləri üzrə isə martın 6-dan başlanacaq.
Fevralda açıqlanan rəsmi rəqəmlərə əsasən, ölkədə ipoteka kreditlərinin ümumi həcmi 4 milyard 605,3 milyon manata çatıb.

Daşınmaz əmlak məsələləri üzrə ekspert Rasim Hüseynov hesab edir ki, yaxın günlərdə daşınmaz əmlak bazarında qiymətlər bir qədər də artacaq. O, xüsusən Bakıda mənzillərin qiymətində daha çox bahalaşma olacağını düşünür. Bunu da ipoteka nəticəsində bazara böyük pul kütləsinin axını ilə izah edir: “Hər il ipoteka verilən dövrdə mənzil bazarında hərəkətlilik yaranır. Çünki insanların əlində pul olur, almağa mənzil axtarır. Qiymətləri həm də tələb-təklif faktoru tənzimləyir. Alıcının çox olduğunu görən satıcılar qiymətləri qaldırırlar. Bir var ki, şəxs mənzilini satmaq istəyir, bazarda alıcı az olur, bu səbəbdən uzun müddət sata bilmir, məcbur qalıb qiyməti endirir. Bir də var ki, bazarda alıcı çoxalır, alıcı da əmindir ki, dediyi qiymətə alıcı tapılacaq”.
Rasim Hüseynov xatırladıb ki, qiymətlərə ipoteka ilə yanaşı, başqa amillər də təsir göstərir. Bunların sırasında Bakının mərkəzində və paytaxtın digər ərazilərində davam edən söküntüləri qeyd edir: “Evləri sökülən adamlar onlara verilən kompensasiyaya ev almalı olurlar. Bu da mənzil bazarındakı qiymətlərə təsir göstərən faktorlardandır. Hazırda Bakıda söküntülər də kifayət qədər çoxdur – “Təzə Pir”in ətrafında, “Nizami” metrostansiyasının arxasında böyük söküntü gedir. Həmçinin Nərimanov rayonunda, “Keşlə” bazarı tərəfdə və başqa ərazilərdə də evlər sökülür, əvəzində vətəndaşlara kompensasiyalar verilir. Köçürülən vətəndaş özünə ev almağa məcburdur. Bu da mənzil bazarında tələbdir. Bundan başqa, Rusiya-Ukrayna müharibəsinə görə Azərbaycana birdəfəlik köçüb gələnlərin sayı da getdikcə artır. Əlində müəyyən vəsaiti olan adamlar ev alırlar”.
Ekspert əlavə edib ki, Bakıda bina tikintisi əvvəlki dövrlə müqayisədə kəskin azalıb. Onun sözlərinə görə, əvvəllər bina tikintisi ilə məşğul olan şirkətlərin əksəriyyəti bazardan çıxarılıb: “Bunun obyektiv və subyektiv səbəbləri var. Bir çoxları dələduzluqla məşğul oldu, vətəndaşları aldatdı, binanı vaxtında təhvil vermədi, eyni mənzili bir neçə vətəndaşa satdı. Bəziləri mövcud şərtlərə davam gətirə bilmədi. Ona görə yeni tikili binalarda təklif olunan birinci əl mənzillər də əvvəlki qədər çox deyil”.
Qeyd edək ki, hazırda Bakıda mənzillərin qiyməti kifayət qədər bahadır. Şəhərin mərkəzində – metronun “Nizami” stansiyasının yaxınlığında köhnə tikilidə iki otaqlı mənzil 200-250 min, yeni tikilidə isə təxminən 300-350 min manatdır.
Mərkəzdən nisbətən kənarda – metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında 5 mərtəbəli fransız layihəli binada cəmi 40-42 kvadrat metr sahəsi olan ikiotaqlı mənzil təmirindən asılı olaraq, təxminən 130-140 min manatdır. Sahəsi nisbətən böyük olan “Leninqrad” layihəli binada isə ikiotaqlı mənzilin qiyməti 170-180 min manata yaxınlaşır.
Aytən










































































































































































