Daşınmaz əmlak bazarında qiymətlərdə artım nəzərə çarpır. Ötən ilin cari dövrü ilə müqayisədə qiymətlərdə 15 faizədək artım müşahidə edilir.
Maraqlıdır ki, bu artımın real səbəbləri nələrdir?
Daşınmaz əmlak üzrə ekspert Elnur Azadov bildirir ki, qiymət artımında iki amilin əsas rolu var:
“Bu amillərdən biri 2020-ci ildə daşınmaz əmlak bazarında toplanan alıcıların sayıdır. Hər il daşınmaz əmlak bazarında yeni alıcı kütləsi yaranır. Eyni zamanda da cari ildə də daşınmaz əmlak bazarında yeni alıcı kütləsi yaranıb. Bununla belə, ötən il əmlak almaq, investisiya yatırmağı planlaşdıranların çoxu mənzil ala bilmədiyi üçün hazırda mənzil almaqda iddialıdırlar”.
Lakin ekspert qeyd edib ki, 2017-2018-ci ilərin cari dövrü ilə müqayisədə bu il yeni tikilməkdə olan tikililərin sayında azalmalar var. Yəni, bu il tikilməyə başlayan yeni tikililərin, inşaatın həcmi azdır.
“Bundan başqa, qiymət artımının digər səbəbi yeni başlayan layihələr, yeni normativlərlə bağlıdır. Əvvəllər 1 hektarlıq ərazidə 40 000 – 50 000 kvadratmetr inşa etmək mümkün idisə, indi yeni normativlərə görə, bu rəqəm 25 000 – 30 000 kvadratmetr arasındadır. Bu da inşaat şirkətlərinin fəaliyyətinə mənfi təsir edir. Tikintiyə görə rəsmi vergi və nəzarət mexanizmi də daşınmaz əmlakın baha başa gəlməsinə səbəb olur. Artıq yeni başlayan inşaat layihələrində 10-15 faizədək bahalaşma var. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, qiymət artımı gözləniləndir”, – deyə ekspert əlavə edir.
Daşınmaz əmlak üzrə digər ekspert, NBA Konsaltinq şirkətinin rəhbəri Nüsrət İbrahimli isə deyir ki, ilin əvvəli ilə müqayisədə daşınmaz əmlak bazarında müəyyən aktivlik var. Lakin bu aktivlik ötən ilin cari dövrü ilə müqayisədə aşağıdır:
“Vəziyyəti ümumi alqı-satqıların sayı, eləcə də tələb-təklif arasında tarazlıq səviyyəsinə uyğun qiymətləndirsək, deyə bilərik ki, ötən illə müqayisədə əhəmiyyətli dərəcədə azalmalar var”.
Ekspert də cari il ərzində daşınmaz əmlak bazarında orta qiymətin artımının qaçılmaz olacağını proqnozlaşdırır.
Hazırda daşınmaz əmlak bazarında qiymətlər necədir, bunu öyrənmək üçün bir neçə MTK-nın bazara çıxardığı mənzillər üzrə təyin olunan qiymətlərinə nəzər yetirdik:
Yasamal rayonunda başlayan, cari ilin ikinci rübündə təhvil verilməsi planlaşdırılan yeni layihəyə görə, 1 otaqlı 49.65 kv.m mənzilin nağd qiyməti 84 405 AZN təşkil edir.
Xırdalanda start verilən, ilin sonunda təhvil verilməsi gözlənilən yeni layihədə 2 otaqlı 63.8 kv.m mənzilin nağd qiyməti 68 904 AZN-ə təklif olunur. Bu mənzilin 5 illik daxili kreditlə ilkin ödənişi isə 24 850 AZN, aylıq ödənişi 1065 AZN təşkil edir.
Sumqayıtda start verilən yeni layihədə 3 otaqlı 97 kv.m mənzilin ilkin ödənişi 25 026 AZN, 20 illik aylıq ödənişi 966 AZN təşkil edir.
Müştərilər isə qiymətlərin çox yüksək, təmirin zəif, keyfiyyətsiz, eyni zamanda da daxili kommunal xərclərin yüksək olmasından şikayətçidir.
Göründüyü kimi, Bakıdan kənar ərazilərdə belə qiymət artımı var. Hansı ki, bir neçə il öncə bu qiymətlərə Bakıda ev almaq olurdu.