menzil

Daşınmaz əmlak bazarında vəziyyət necədir? – ARAŞDIRMA

Baxış sayı: 672

2021-ci ilin bitməsinə iki aydan daha az zaman qalıb. İlin sonuna doğru bəzi sahələrdə qiymət artımları müşahidə olunur. Qaz və neft bazarlarında qiymətlərin kəskin şəkildə bahalaşması diqqət mərkəzindədir. Bu artımlar kommunal xərclərin də qaldırılmasına şərait yaratdı. Bazar və supermarket, iri ticarət mərkəzləri, geyim sektorunda da qiymətlərin bahalaşdığını müşahidə edirik. Həmçinin əhalinin gəlirlərinin artırılması ilə bağlı tədbirlər həyata keçirilir. Bəs bu qiymət artımları fonunda daşınmaz əmlak bazarında vəziyyət necədir? Qarşıdakı dövr üçün qiymətlərlə bağlı hansı proqnozlar var?

 

Təklif portfelinin azalması

Əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimli deyir ki, daşınmaz əmlak bazarında 2020-ci ildə və 2021-ci ilin ötən doqquz ayında artım müşahidə edildi: “Bu, əsasən, tikinti sektorunda maya dəyərinin artımı və yaşayışın bahalaşması, yəni inflyasiya prosesləri ilə bağlıdır. Çünki bir tərəfdən tikinti materialları bazarında, digər tərəfdən də yanacaq sektorunda bahalaşma davam edir. Bu da həyat tərzinin bahalaşmasına gətirib çıxarır. İstehlak və istehsal sahələrində qiymətlərin artımı qaçılmaz olur. Bu artım maya dəyərinin də qiymətinin yüksəlməsinə gətirib çıxarır və satış qiymətinə də öz təsirini göstərir. Digər tərəfdən də, mənzil sektorunda görülən işlərdə azalma var. Bu da nəticədə təklif portfelinin azalmasına gətirib çıxarır və tələb təsiri yaradır və qiymətlərin artımına təsir göstərir”.

Nusret Ibrahimov

4-6 faiz bahalaşma proqnozlaşdırılır 

Nüsrət İbrahimli bildirir ki, qiymətlərin artım dinamikasının gələn il də müşahidə edilməsi gözlənilir: “Amma artımın nə qədər olacağını demək çətindir. Ehtimal etmək olar ki, inflyasiya səviyyəsində qiymət artımı qaçılmaz olacaq. Gələn il daşınmaz əmlak bazarında haradasa 4-6 faiz qiymət artımı olacaq. Daha çox qiymət artımı mənzil sektorunda gözlənilir”.

 

Nisbi artım

“Əmlak” Ekspert Mərkəzinin direktoru Ramil Osmanlının sözlərinə görə, hazırda qiymətlərdə dinamik artım müşahidə olunmasa da, nisbi artımlar var: “Daşınmaz əmlak bazarındakı durum daha çox qeyri-aktiv tendensiya ilə müşahidə olunur. Qiymətlərdə böyük dəyişiklik yoxdur. Müəyyən istiqamətlər üzrə nisbi artımlar gözə dəyir”.

 

Təmir-bərpa işlərinin təsiri

Ramil Osmanlı deyir ki, qiymət artımını şərtləndirən səbəblərdən biri də işğaldan azad edilmiş torpaqlarda gedən quruculuq işlərdir: “Son dövrlər baş verən proseslər daşınmaz əmlak bazarında da qiymət artımını əsaslandırır. İşğaldan azad olunmuş ərazilərdə təmir-bərpa işləri, infrastruktur layihələri həyata keçirilir. Bu da ölkədə tikinti sahəsinə ayrılan vəsaitlərin həcminin artımına təsir göstərir. Həmin vəsaitlərin müəyyən hissəsi bu və ya digər formada daşınmaz əmlak bazarına yenidən geri qayıdır. Bunun nəticəsində də daha çox qiymət artımı müşahidə olunur”.

ramil osmanli

Dəyişən tələblər

Ramil Osmanlı bildirir ki, tikintiyə icazə şərtlərinin dəyişdirilməsi də qiymətlərə təsir göstərir: “Tikinti sektorunda qaydaların qismən sərtləşdirilməsi, prosesə nəzarətin gücləndirilməsi də əmlak bazarında qiymətə təsir göstərir. Əvvəllər çox kiçik ərazilərdə çoxmənzilli bina inşa etmək mümkün olurdusa, indi bunun üçün torpaq sahəsinin mülkiyyətdə olması və müəyyən tələblərə cavab verməsi şərtdir”.

 

Əvvəl və indi

Ramil Osmanlı qiymətlərə təsir edən dəyişiklikdən də danışdı: “Əvvəl 2 bloklu 16-17-18 mərtəbəli binanı inşa etmək üçün investora təqribən 20-25 sot torpaq kifayət edirdi. Bu torpağın mülkiyyətdə olması da şərt deyildi. İndi, təqribən eyni ölçüdə olan binaları inşa etmək üçün minimum 60-70 sot torpaq sahəsi tələb olunur. Həmin torpaq sahəsinin mülkiyyətdə olması əsas tələblərdən biridir. Bu payın artımı, nəticə etibarilə, maya dəyərinə ciddi təsir göstərir və qiymət artımına gətirib çıxarır”.   Ramil Osmanlı sonda bildirdi ki, növbəti il üçün proqnozlar qiymət artımını şərtləndirir: “Hesab edirəm ki, növbəti ilin əvvəlində daşınmaz əmlak, xüsusən də, mənzil bazarında daha çox qiymət artımı müşahidə edəcəyik”.

 

Zərif Salmanlı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir