əsəb

Daxildə qalan əsəb orqanları dağıdır

Baxış sayı: 1. 495

Hər birimiz gündəlik həyatımızda nəyəsə əsəbiləşərək həm özümüzün, həm də ətrafdakıların qanını qaraldırıq. Bəzən əsəblərimiz sakitliklə soyusa da, bəzən bu əsəb günlər, yaxud həftələrlə davam edir. Daxildə əsəb zamanla kinə çevrilir. Əksər vaxtlar əsəbdən sonra sakitləşən insan bunun ani hiss olduğunu hesab edir, elə də əhəmiyyət vermir. Çox vaxt isə əsəb insanda elə ani reflekslər yaradır ki, müxtəlif sakitləşdirici dərmanları qəbul etmək vacib olur.

Ümumiyyətlə, çox az insan əsəbin insan orqanizminə dağıdıcı təsir göstərməsindən xəbərsizdir. Hiss etdiyimiz bütün duyğular insan orqanizmində iz buraxır və əsəb bu izlər arasında ən qorxulusu və ən təhlükəlisidir. Zaman-zaman ətrafda qışqıran, aqressiyasını ətrafdakılara büruzə verənləri gördükdə istər-istəməz belələrini tərbiyəsiz, hövsələsiz kimi qəbul edirik. Halbuki aparılan araşdırmalar göstərir ki, həyatın müəyyən dönəmlərində məhz o cür olmaq insan orqanizmi üçün olduqca xeyirlidir. Kanadada 6 illik araşdırma və müşahidələrin sonunda bəlli olub ki, əsəbiləşərək hirsini boşaldan, ağlayan insanlar gündəlik həyatda daha sakit, rahatlaşmış olurlar. Məhz belə insanlar həyatın bütün çətinliklərindən daha üzüağ çıxır, çünki analiz etmək qabiliyyətlərini daha yaxşı işə salırlar. Hirsini boğaraq özünü təmkinli aparan, daxilən əsəb keçirənlər isə daha fərqli olurlar. Məsələn, bu cür insanlarda yığılıb qalan əsəb bir müddət sonra kinə çevrilir. Belə insanlarda hadisələri analiz etmək qabiliyyəti zəifləyir. Onlar nə qədər sakit davransalar belə, daxili sinir imkan vermir ki, məntiqli davranış sərgilənsin.

Nevroloq Sara Süleymanovanın sözlərinə görə, insan əsəb keçirən zaman daxili orqanlarına vurulan zərbələri başqa heç bir xəstəlik vura bilməz. Əsəb və hirsin daxildə boğulması gizli xəstəliklərin yaranması üçün şərait yaradır. İlk baxışda əsəb ürəyə təsir edirmiş kimi görüntüsü yaratsa da, əslində bütün orqanlar bu hissdən payını almış olur: “Əsəb elə bir haldır ki, o, konkret bir xəstəlik ortaya qoymur. Hər insanda fərqli əsəbdən yaranan xəstəliklər mütləq var. Sadəcə, bizlər həmin xəstəliklərin əsəbdən yarandığının fərqində olmuruq. Əsəb başdan-ayağa kimi insanı zədələyə bilər. Səs qısılması, yaxud tamamilə yox olması, səs tellərini idarə edən sinirlərin zədələnməsi, qırtlaq nevrozu, damar sərtliyi, əsəbiləşən zaman qolların və ayaqların keyiməsi, halsızlaşması, qarışqa gəzirmiş kimi hissiyat verməsi, həddindən artıq tərləmək, üşütmə, üz əzələlərinin iflici, ürəyin ritmsiz döyünməsi, əllərin, ayaqların buzlaması, baş ağrıları, bulantı, qusma, mədə ağrıları və s. kimi simptomlar əsəbin müxtəlif formalarda göstəriciləridir. Daxili əsəb boğazda boğulmalar yaradırsa, artıq vəziyyət daha da gərginləşib. Bu cür əsəb büruzə verilməyən əsəbdir. El arasında bəzən deyirlər ki, əsəbin vurub harandansa çıxacaq”.

Nevroloqa görə, daxildən əsəbi çıxarmaq o demək deyil ki, insanlar arasında səs-küy salmaq, kimlərisə narahat etmək s. kimi hərəkətlər sərgilənməlidir. Düzgün yolla əsəb sakitləşdirmək, o travmadan bədəni ən az zədə ilə qurtarmaq vacibdir. Əks halda yığılan əsəb və kin bərpası çətin olan əsəb xəstəliklərinin yaranmasına zəmin yaradar: “Daxildə yığılan əsəb vəzi xəstəliklərin yaranmasına, eyni zamanda qətiyyən dil qüsuru olmayan insanın kəkələməsinə səbəb ola bilir. Bu cür halların müalicəsi olduqca çox zaman tələb edir”.

Əsəblə yanaşı bütün hisslərin, sevincin, kədərin, təəccübün insan orqanizminə müxtəlif təsirləri var. Əsəb yeganə hissdir ki, konkret olaraq bir orqana deyil, bütün bədənə təsir edərək onu sıradan çıxara bilir. Bu cür yüksək əsəb isə bir günün içində yaranmır. Gün keçdikcə ən kiçik problemlər belə insanı yükləyir. Bu da zamanla əsəbin qalaqlanmasına, bir müddət sonra isə insanın “partlamasına” gətirib çıxarır. Odur ki, mümkün qədər əsəbləri qorumaq, əsəbiləşdiyiniz an mütləq o əsəbi bədəndən çıxarmaq lazımdır. Əks halda o əsəbin hansısa orqana zərbə vurması ehtimalı böyükdür.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir