ehali

“Demoqrafik fəlakət yaxınlaşır” - Əhali artımında 10 ilin ən kəskin geriləməsi

Baxış sayı: 455

2025-ci ildə Azərbaycan əhalisi yalnız 0,3 % artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar‑oktyabr aylarında əhalinin sayı 32 109 nəfər artaraq 0,3 % artım göstərib. Ümumilikdə, 2025-ci il noyabrın 1-i vəziyyətinə əhalinin sayı 10 256 998 nəfərə çatıb. Statistik göstəricilərdən də görünür ki, əvvəlki illərlə müqayisədə əhali artımında azalma müşahidə olunur. Belə ki, 2024-cü ilin yanvar‑noyabr aylarında əhali 37 766 nəfər, yəni 0,4 % artmışdı, 2023-cü ildə isə artım 53 625 nəfər, yəni 0,5 % təşkil etmişdi. Nəticə onu göstərir ki, Azərbaycan əhalisi mütəmadi olaraq artmaqdadır, lakin illik artım tempi getdikcə aşağı düşür.

Sosioloq qeyd edir ki, əhali artımında azalma uzunmüddətli perspektivdə əmək qüvvəsinin azalması və yaşlanma məsələlərinə səbəb ola bilər.

1725542017_uzeyir-sefiyev-sosioloq.jpg (76 KB)

Mövzu ilə bağlı danışan sosioloq Üzeyir Şəfiyev qeyd edir ki, ölkədə artıq bir neçə ildir müşahidə olunan demoqrafik ləngimə prosesi davam edir və hətta müəyyən qədər dərinləşir:

“Bu tendensiya ailə qurma və nikah bağlama göstəricilərinin azalması, boşanmaların isə artması ilə müşayiət olunur. Eyni zamanda bu o deməkdir ki, yeni doğulan uşaqların sayı azalır, əvəzində yaşlı əhali qrupunun payı artır. Bütövlükdə təbii artımdakı ləngimə təkcə Azərbaycanda deyil, bütün dünyada müşahidə olunan qlobal problemdir. Bu səbəbdən də bir çox ölkələr demoqrafik təşviq siyasəti həyata keçirir.

Məsələn, 2025-ci ildə Türkiyədə elan olunmuş “Ailə ili” çərçivəsində gənclərin ailə qurmasına dəstək məqsədilə müxtəlif təşviq proqramları təqdim edilib – yeni ailə quranlara faizsiz kreditlər, mənzil almaq üçün güzəştlər, bələdiyyə və dövlət qurumları tərəfindən toy xərclərinin qarşılanması və sair. Oxşar layihələr bir sıra digər ölkələrdə də reallaşdırılır.

Azərbaycanda isə demoqrafik ləngimə artıq bir neçə ildir ki, aydın şəkildə görünür. Son 5 ildə ümumi əhali artımında 39 min nəfərlik azalmanın müşahidə olunması, son 10 ildə isə doğum dinamikasında təxminən 60 faizədək geriləmə baş verməsi bu problemin dərinliyini göstərir. 2023-cü ildə təbii artım təqribən 15 faiz azalmışdısa, 2024-cü ildə də oxşar proses davam edib. Yəni, mənzərə ardıcıl olaraq eyni istiqamətdə dəyişir və bu, gələcək üçün ciddi xəbərdarlıq siqnalıdır.

Bu tendensiyalar o deməkdir ki, yaxın və uzaq perspektivdə bizi demoqrafik baxımdan təhdid edən risklərə ciddi yanaşmaq lazımdır. Hazırkı mərhələdə demoqrafik təşviq siyasətinin gücləndirilməsi vacibdir ki, gələcəkdə əhalinin qocalması prosesi Avropa ölkələrindəki kimi sürətlə baş verməsin. Bunun üçün isə yeni ailə quranlara mütləq dövlət dəstəyi göstərilməli, onların mənzil, məşğulluq və sosial təminat istiqamətində yükü azaldılmalıdır”.

Sosioloq onu da vurğulayıb ki, son illər gənclər arasında ailə qurmaq istəyənlərin sayı azalır:

“Bir tərəfdən boşanma statistikasının yüksəkliyi onları nikahdan çəkindirir, digər tərəfdən müasir gənclər daha çox kariyera və şəxsi inkişafı üstün tutduğundan ailə və uşaq məsuliyyətini üzərlərinə götürmək istəmirlər. Bundan əlavə, son illərdə gənclərin xaricə miqrasiya meyli də artıb ki, bu da ölkənin demoqrafik dinamikasına mənfi təsir edir.

Digər bir amil isə regionlardan paytaxta axınla bağlıdır. Məlumdur ki, təbii artım ənənəvi olaraq regionlarda daha yüksək olur. Gənclərin rayonlardan Bakı və böyük şəhərlərə köçməsi isə bölgələrdə doğum səviyyəsinin kəskin şəkildə azalmasına səbəb olur. Bu, həm regional inkişaf, həm də ölkənin ümumi demoqrafik balansı üçün uzunmüddətli risk yaradır.

Buna görə də regionlarda gənclərin qalmasını stimullaşdırmaq lazımdır: onlara torpaq sahələrinin ayrılması, mənzil şəraiti ilə təminat, güzəştli ipoteka proqramları, iş yerlərinin yaradılması, həmçinin ali təhsil müəssisələrinin bir hissəsinin regionlara köçürülməsi kimi addımlar demoqrafik balansın bərpasına ciddi töhfə verə bilər”.

 

Xalidə Gəray




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir