depressiya

Depressiyada olduğunuzu göstərən 5 əlamət

Baxış sayı: 1. 621

Britaniya mətbuatından “Metro” qəzeti yazır ki, dərin depressiya və stresdə olduğunuzu uçurumun kənarında hıçqıraraq tullanıb-tullanmamaq barədə düşünənə qədər də bilə bilərsiniz.

Doğrudur, adam öz ruhi xəstəliyini dərhal hiss edə bilmir. Bu xəstəliyin bir çox simptomları gözəgörünməzdir. Amma gözə görünən simptomlar da var.

Məqalədə təhlükədən xəbər verən bir neçə “qırmızı bayraqdan” söhbət açılır.

 

Aybaşıların nizamsızlığı

Stress bədəndə bir çox proseslərə təkan verə bilər. Stress qadınlarda aybaşı müddətini uzada, qısalda və onları hətta dayandıra bilər. Tam dayanma depressiya və stresin kifayət qədər sərt və dərin olduğu vaxtlarda baş verir.

 

 Saçın tökülməsi

Kədərli əhval-ruhiyyə, ovqatsızlıq və özünü tam tükənmiş kimi hiss etmək depressiyanın əlamətidir. Belə hallarda saçlar normal vaxtlarda olduğundan daha çox tökülür. Stresslə bağlı saç tökülməsinə elmi dildə telogen effluvium deyirlər. Bu, daimi hal deyil. Yəni saçın tökülməsi dayana, hətta saçlarda gurlaşma gedə bilər. Amma hər halda saç dəyişikliyi həkimlə məsləhətləşmənin vaxtının çatdığını göstərir.

 

Həzm problemləri

Ruhi xəstəliklər həzm proseslərinə ona görə təsir edir ki, bu pozuntular ilk növbədə iştahı dəyişdirir. Ürək bulanması, ishal və qəbz kimi vəziyyətlər baş verir. Əgər həyatın çətin dövrünü yaşayırsınızsa, bu, dərhal mədə-bağırsaq sistemini təsirləndirir.

 

Baş ağrıları

Baş ağrıları hamıda olur, lakin tez-tez baş verən və daha sərt olan baş ağrıları diqqət yetiriləsi haldır. Depressiya zamanı baş ağrıları daha kəskin olur. Həkiminiz baş ağrılarınızın səbəblərini müəyyən edə bilər. Adi baş ağrıları dava-dərmanla sovuşub getməlidir.

 

Çəki artımı

Belə bir hal geniş müşahidə olunur ki, depressiya çəki artımına səbəb ola bilir. Belə hallarda kökəlmə gözlənilmədən baş verir. 2010-cu ildə Amerikada aparılmış bir təcrübə göstərib ki, depressiyada olanlar, olmayanlardan daha sürətlə çəki yığırlar. Araşdırmaya rəhbərlik etmiş doktor Belinda Needham deyir ki, bunun səbəbi depressiyalı adamların daha yağlı yeməklərə meyillənməsi və daha az hərəkət etməsi ola bilər. Nə olursa, olsun, bu görünən və hiss olunan simptomalara diqqət yetirməyinə dəyər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir