aile

Deputatdan və komitə sədrindən ailə siyasəti ilə bağlı SOS!

Baxış sayı: 619

Uzun zamandır Azərbaycanda dövlətin ailə siyasəti ilə bağlı məsələ gündəmdədir. Bura selektiv abortun qadağan edilməsi, gender məsələləri, uşaqpulu verilməsi, qız övladların təhsil haqqından tam azad edilməsi, hətta ali məktəbələrə sadələşdirilmiş qaydada qəbulu və sair məsələlər daxildir.

Məsələ artıq parlament səviyyəsində müzakirəyə çıxarılıb. “Dövlətin ailə siyasətinə yeni baxışı gərəkdir”.

Bunu Milli Məclisin dekabrın 20-də keçirilən iclasında “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının illik məlumatı”nın müzakirəsi zamanı parlamentin İnsan hüquqları komitəsinin və Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc bildirib.

Zahid Oruc deyib ki, 2025-2050-ci illər üçün Ailə strategiyası hazırlanması gündəmdə duran ilk vəzifələrdəndir: “Oğlan uşaqlarının sayının çoxalması, demoqrafik natarazlığın qarşısının alınması üçün doğulan qızlara görə sosial müavinətin verilməsi gərəkdir. Hazırda dövlət siyasətini həyata keçirən rəsmi dövlət qurumunun – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin səlahiyyətlərini yeni vəzifələrə və tələbələrə uyğunlaşdırmaq, bu sahədə dönüş yaratmaq üçün Ailə Məsələləri Nazirliyinin yaradılması vacibdir”.

O, ölkədə “Ailə psixoloqu” mütəxəssislərinin hazırlanmasının vacib məsələyə çevrildiyini də bildirib: “İntihar hallarının qarşısının alınması, uşaqların psixi sağlamlığı, ailələrdə stressin idarə olunması, zorakılığın azaldılması ilə məşğul olan sosial işçilər, psixoloqlar korpusunun formalaşdırılması da ilk addımlar sırasında olmalıdır”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova isə deyib ki, 2021-ci ildə cins seçimi məsələsi yenə də fokusda qalıb: “Hətta 2020-ci ilə nisbətən cüzi artım müşahidə olunur. Cins nisbəti hər 100 qıza 115 oğlan təşkil edir ki, bu göstəricinin bioloji normadan yüksək olması ölkədə hələ də uşaqların doğulanadək cins seçiminə məruz qaldığını göstərir”.

Bu cür problemlərin aradan qalxmaq əvəzinə getdikcə dərinləşməsi təbii ki, narahatlıq doğurur. Cəmiyyətdə balansı qorumaq, ailə siyasətini təkmilləşdirmək üçün hansı addımlar atılmalıdır?

Azərbaycanda qadınların sayı ciddi şəkildə azalıb" - Elgün Səfərov

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov mövzu ilə bağlı dedi ki, bu məsələ ailə çərçivəsində tənzimlənmir: “Ümumiyyətlə, cinsi nisbətin dəyişməsi, süni dəyişməsi, selektiv abortların olması, onunla mübarizə əsasən gender əsaslı zorakılıq problemidir. Cinsi əsaslı ayrı-seçkilik növlərindən biridir. Hansı ki, bu bütün sahələrə təsir edir. Təəssüflər olsun ki, uşaq doğuluşunda süni abortlara əsasən Azərbaycan dünyada birinci yerdədir. Bu, böyük problemlərdən biridir. Bu, dəfələrlə Dövlət Komitəsi tərəfindən qaldırılıb. Dövlətin prioritet istiqamətlərindən biridir ki, burada preventiv tədbirlər keçirilsin. Buna baxmayaraq, bu istiqamətdə yenə problemlər var. 2018-ci ildə qəbul edilmiş “Milli fəaliyyət planı”na əsasən Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi,  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, DİN, Təhsil Nazirliyi və digər dövlət qurumları iştirakçıdırlar. Həyata keçirilən bu dövlət proqramı qız və oğlan nisbətinin aradan qaldırılmasına yönəlmiş proqramdır. Bununla bağlı bəzi təbliğat işləri, qanunvericilikdə dəyişikliklər nəzərdə tutulur. Bunlar davamlı şəkildə aparılır. Buna baxmayaraq, biz nəticəni görmürük, əldə edə bilmirik. Bu da bəzi ailələrdə qız uşaqlarının aborta yönləndirilməsi ilə bağlıdır. Ümumiyyətlə, ailədə  cinsi ayrı-seçkiliyin aradan qaldırılması və onunla mübarizə işləri aparılmalıdır. Ailə strategiyasının qəbul edilməsinə ehtiyac var. Ailə strategiyasının yaradılması ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən strategiya hazırlanıb. Bununla bağlı işlər aparılır. 2020-ci ildə uşaq məsələləri üzrə strategiya qəbul edilib. Uşaq məsələləri üzrə milli fəaliyyət planı da qəbul edilib. Bununla yanaşı, digər sənədlərin də qəbul edilməsi gözlənilir. Bu da gender bərabərliyi və qadın hüquqlarının təmin edilməsini istiqamətləndirən milli fəaliyyət planıdır. Bu sahədə hazırlanan sənədlər çoxdur. Dövlət qurumlarının bu sahədə operativliyi və diqqətinin artırılması gözlənilir”.

Səfərov əlavə edib ki, yalnız qanunvericilikdə qəbul edilmiş sənədlərlə bağlı yox, eyni zamanda onların həyata keçirilməsi, medianın, ictimai təşkilatların cəlb edilməsinə də önəm verilməlidir: “Cəmiyyətin cinsi stereotiplərinin aradan qaldırılmasına, düşüncələrin dəyişdirilməsinə yönəlik işlər görülməlidir. Bu cür düşüncələr nəsildən-nəslə keçir. Təəssüflər olsun ki, indiki nəsil də bunu davam etdirir. Ona görə də məktəblərdə, ali təhsil ocaqlarında, sosial şəbəkələrdə maarifləndirmə işlərini davam etdiririk. Amma bu gün bu tədbirlər bəs eləmir. Baxmayaraq ki, 2012-ci illə müqayisədə uşaq nikahları 10 dəfə aşağı düşüb, buna baxmayaraq, yenə də biz cəmiyyətdə cinsi ayrı-seçkilik problemlərini görürük. Bununla mübarizə bir neçə istiqamətdə aparılmalıdır. Qanunvericilikdə dəyişikliklərin davam etdirilməsi vacibdir, hansı ki burada məsuliyyət növünün artırılması nəzərdə tutulmalıdır. Bunu törədən şəxslərdən söhbət gedir, o şəxslər ki, məcburi şəkildə qadın hüququnu pozaraq, onu abort etməyə məcbur edir. Eyni zamanda burada maarifləndirici işlərin gücləndirilməsi, üçüncü isə araşdırma təhlillərin gücləndirilməsinə ehtiyac var. Selektiv abortların terminologiyası, tərifi, anlayışı qanunvericiliyə salınmalıdır. Selektiv abortlarla bağlı nəinki yalnız CM-in maddəsinin qəbul edilməsi, selektiv abortlara təhrik etmə ilə bağlı, eyni zamanda “Reproduktiv sağlamlıq haqqında” xüsusi qanun qəbul edilməsi vacibdir. Bununla da qadınların və kişilərin bərabər şəkildə sağlamlıqları və reproduktiv hüquqları tənzimlənə bilər”.

Uşaqların cinsi təcavüzü: “Hər 13 kişidən biri…” - 20 il həbs çıxış yoludur?

Qeyd edək ki, ekspert Aynur Veysəlova isə mediaya açıqlamasına bildirib ki, 2021-ci ilin statistikasına əsasən Azərbaycanda 100 qıza 115 oğlan düşür: “Əvvəl selektiv aborta görə siyahıda liderlik Çinə məxsus idi və Azərbaycan ikinci yerdə idi. İndi vəziyyət əksinədir. Belə ki, hazırda Çində bu göstərici 100-110,3 təşkil edir. Nəzərə almaq lazımdır ki, dünyaya gələn uşaqların cins nisbəti bioloji normaya uyğun olaraq 102-106-dır. Belə ki, heç bir xarici müdaxilə olmadığı təqdirdə doğulan hər 100 nəfər qız uşağına 102-106 oğlan uşağı düşür. 1990-cı illərin əvvəllərindən Azərbaycanda bu nisbətin pozulması müşahidə edilir”.

Ekspert bildirib ki, ötən 55 il ərzində Azərbaycanda nəsilvermə əmsalı xeyli azalıb: “Azərbaycanda son onilliklər ərzində nəsilvermədə baş vermiş tənəzzül və dölün cinsinin müəyyən edilməsinə imkan yaradan ultrasəs müayinəsindən geniş istifadə nəticəsində ölkədə oğlan uşaqlarına verilən üstünlük selektiv abortlar vasitəsilə reallaşdırılır. Bu isə doğulan uşaqlar arasında cins nisbətinin ciddi şəkildə pozulmasına səbəb olur.

BMT-nin Əhali Fondunun hesablamalarına görə, Azərbaycanda doğulan uşaqlar arasında cinsə görə nisbətin ciddi şəkildə pozulması davam etsə, 2050-ci ilə qədər hər il doğulan oğlan uşaqlarının sayı qız uşaqlarının sayından 12 000-15 000 nəfər çox olacaq. Cəmiyyətdə kişilərin sayının bu artımla davam etməsi ölkənin acınacaqlı nəticələrlə üz-üzə qalması halına gətirib çıxara bilər. Bura gender bərabərsizliyi, zorakılıq, erkən nikah, insan alveri və kriminal səviyyənin artması aiddir. Bu vəziyyətlə qarşılaşmaq istəmiriksə, qızlara dəyər vermək lazımdır. Ədalətli cəmiyyət naminə qızlar üçün bərabər imkanlar yaradılmalıdır”.

 

Afaq MİRAYİQ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir