Xəbər verdiyimiz kimi, Azərbaycanda bir ay müddətində 7 gündən çox dərs buraxan şagirdin valideyni 100 manat cərimə olunacaq. Bu barədə İnzibati Xətalar Məcəlləsinə dəyişiklik ediləcək. Dəyişiklik parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında müzakirə olunaraq Milli Məclisin dekabrın 4-də keçiriləcək plenar iclasına tövsiyə edilib.
Dərsə gedilməyən hər gün üçün 15 tl – Türkiyə qaydaları…
“Yeni Müsavat” dünya məktəblərində də davamiyyət məsələsinin ciddi problem olduğunu və bununla bağlı maraqlı çıxış yollarının olduğunu araşdırıb. Məlum olub ki, uşaqları dərsə gəlməyən valideynlərə qarşı dünyanın bir çox ölkələrində cəza tədbirləri nəzərdə tutulub.
Qonşu Türkiyədə bu cəza sistemi çoxdan tətbiq olunur. Məsələn, Şanlıurfada hər hansı səbəb olmadığı halda məktəbə gəlmədiyi müəyyənləşən, böyük əksəriyyəti qız olan məktəblilərin valideynlərinə 2 milyon 462 min 790 TL pul cəzası verilib. Məktəbə gəlinməyən hər gün üçün 15 lira (7 AZN) məbləğində pul cəzası müəyyənləşdiyi üçün toplam cəza məbləği bu qədər yüksək olub. Sözügedən şəhərdə uşaqların məktəbə göndərilməməsi halları çox geniş yayılıb və bu səbəbdən də valideynləri bu formada cəzalandırma mexanizmi tapılıb. Orada 3 min 541 şagirdin heç bir səbəb olmadan 1 ilə 3 ay arasında dərslərə girmədiyi müəyyənləşib.
Pul cəzası, həbs… bunlar fayda verməsə, uşaq ailəsindən alınacaq
Təhsil naziri Nimet Çubukcu isə bu istiqamətdə daha sərt tədbirlərin görüləcəyinin anonsunu verib. Belə ki, uşağını məktəbə göndərməyən valideynə öncə xəbərdarlıq ediləcək, ardınca isə pul və həbs cəzası veriləcək. Amma bunlar nəticə verilməsə, uşağın ailəsindən alınması da mümkündür. Nazir bununla bağlı ölkənin bir çox bölgə valilərinə yazılı bildiriş göndərib.
Amma Türkiyədə təhsillə bağlı daha bir pul cəzası da uşağını liseyə yazdırmayanlar üçün tətbiq olunur. 4+4+4 sistemi ilə məcburi hala gələn lisey təhsilindən imtina edən valideyn də günlük 15 TL (7 AZN) məbləğində cərimə ödəməlidir. İsrar edən və bundan nəticə çıxarmayan valideyni isə 500 TL (250 AZN) məbləğində cəza gözləyir.
İngiltərədə… 2 həftə dərsə getməmək olar
Ingiltərədə isə vəziyyət nisbətən fərqlidir. İngilis qanunlarına görə, şagirdlər ailələrinin icazəsi ilə məktəbə ən çoxu 2 həftə ərzində getməyə bilər. Amma vacib dərsləri və imtahanları olduğu zamanı dərsdən yayınma yolverilməzdir. Xüsusən də GCSE imtahanını ötürmək kimi bir səhvə əsla düşmək olmaz. GCSE imtahanın ödənişi daha öncədən edildiyi üçün imtahana girməyən şagirdin ödədiyi məbləğ də avtomatik olaraq yanır. Və növbəti il GCSE imtahanına girə bilmək üçün də yenidən müvafiq məbləğ ödənməlidir. GCSE imtahanı may ayının sonu, iyunun əvvəlində baş tutur.
Almaniya da valideynlərin hüququnu sıfırlayır
Fransa liseylərində icazəsiz 10 gün dərsə getməyən şagirdin qiyməti neçə olursa-olsun, uğur qazanmamış sayılır. 1 və ya 2 gün müddətində dərsə gəlməyən şagirdin valideyni tərəfindən yazılan ərizə vacib sənəddir. Amma bu müddət 1 həftə və ondan artıqdırsa, bu zaman həkim arayışı tələb olunur.
2012-ci ildən Almaniyada da dərsə gəlməyən şagirdin valideyninin cəzalandırılması qüvvəyə minib. Cəzanı kifayət qədər sərt adlandırmaq olar. Belə ki, 20 dəfə ardıcıl əsassız səbəbdən dərs buraxan şagirdin valideyni daha uşağının təhsilinə müdaxilə və ya nəzarət edə bilməz. Yeni qanun onları sadəcə bu hüquqdan məhrum edir. Qanunun işləməsinə birbaşa yeniyetmələrlə iş üzrə məhkəmənin hakimləri nəzarət edir. Əgər şagird 20 gün dalbadal dərs buraxırsa, hakim dərhal həmin uşağın valideynlərini uşağın təhsili ilə bağlı bütün hüquqlardan məhrum edir. Bundan sonra uşağın davamiyyəti, təhsili yalnız təhsil ocağının nəzarətində olur. Məktəb hətta səbəbsiz dərs buraxan şagirdi ilkin olaraq cəzalandırmaq məqsədilə onu məcburi əməyə cəlb edə və ya ailəni cərimə ödəməyə məcbur edə bilər. Bu yalnız xəbərdarlıq məqsədli ilk cəzadır. İkincidə isə məktəb məhkəmənin dəstəyi ilə şagird üzərində nəzarəti tam əlinə alır və valideyn avtomatik olaraq hər hansı təsir edə bilmək imkanını itirir.
Statistikaya görə, hazırda Almaniyada şagirdlərin 8 faizi təhsilini başa vurmadan məktəbi atır. 8 faiz isə rəqəmlə yarım milyondan çox yeniyetmə deməkdir. İndi dövlət yeni qanunun köməyi ilə bu rəqəmi 2015-ci ilə qədər yarıbayarı azaltmağı planlaşdırır.
İlginc araşdırma – dərsə getməyən uşaqlar daha savadlıymış…
Bu arada heç bir səbəb olmadan dərsə getməyən məktəblilərin savad göstəriciləri də maraqlı araşdırma mövzusu olub. Türkiyədə ən azı bir dərsi ötürən şagirdin riyaziyyatdan aldığı qiymət digər həmyaşıdlarından 9 bal yüksəkdir. Yəni davamiyyət çox vaxt savad göstəriciləri ilə tərs mütənasiblik təşkil edir. Ya da şagirdlər digər ölkələrlə müqayisədə məktəb xaricindəki qaynaqlar tərəfindən daha çox savad alırsa – bu, Azərbaycanda da belədir – bu halda savad-davamiyyət arasındakı balans pozulmuş olur.
İsrail və Meksikada da eyni vəziyyətdir. Orda da tam bir gün məktəbə getməyən şagirdlərin riyaziyyatdan aldığı qiymət digər həmyaşıdlarından 7 bal daha yüksəkdir. Orda da özəl dərslər, hazırlıq kursları çox populyardır.