qetl

“Deyir ki, oğlumu yenidən evləndirəcək” – QADINLARIN QƏTLİNDƏ GÜNAHKAR KİMDİR?

Baxış sayı: 965

Son zamanlar ölkəmizdə ailə-məişət münaqişəsi zəminində baş verən qətllərin sayı çoxalıb. Təəssüf  ki, çox tez-tez mətbu orqanlarda bu tipli xəbərlərə rast gəlirik. Əvvələr paytaxt Bakıda və ölkəmizin böyük şəhərlərində belə hallarla rastlaşırdıqsa,  indi bölgələrdə də bu cür hallar adi hal kimi qəbul olunur. Bəs, ailədə baş verən bu cür münaqişələrin qarşısı vaxtında necə alınmalıdır? Valideynlərin bu prosesdə iştirakı necə təmin olunmalıdır?

Psixoloq Elnur Rüstəmov qeyd edir ki, bu gün valideynlər tərəfindən müdaxilə hallarının sayı çoxalıb:

“Bunun səbəbi də ailələrdə uşaq sayının az olmasındadır. Belə olan halda valideyn-övlad arasında simbioz münasibət çoxalır. Bir tərəfdən valideyn himayəsi yoxdursa, digər tərəfdən himayə mütləq olur. Bu gün valideynlər aşırı dərəcədə ailə məsələlərinə müdaxilə edir. Hazırda ailə quran cütlüklərin əksəriyyəti 1980-cillərin axırında 90-ci illərin əvvəllərində doğulanlardır. O dönəmdə artıq ailədə uşaq sayının az olması, keçid dövrü və mühitə uyğunlaşma kimi yeni period başladı. Həmin illərdə böyüyən uşaqların özlərinin də psixologiyasında müəyyən qədər həyata, ailə dəyərlərinə fərqli bir istiqamətdən yanaşma baş verdi. Bundan qabaqkı dövrdə evlənən ailələrə baxsaq görərik ki, ailə daxilində davalar da, şiddət də olub, ancaq ailə dağılmayıb. Əksinə, illərin sınağından çıxaraq ailə olaraq formalaşıb. Bu gün isə ailələr xırda bir konflikt olan kimi deyirlər ki, qızımdan bezməmişəm, gətirib yanımda saxlayaram. Oğlumdan bezməmişəm, ona gələnmi yoxdur, yenidən evləndirərəm. Ailəyə fərdi istiqamətdən, özünə sərf edən tərzdən yanaşma var. Ailəyə dəyər kimi yox, subyektiv yanaşma kimi baxırlar. Ancaq dünənə qədər isə ailə dəyər idi. O dəyərlər bu gün itib”.

Elnur Rustemov

Psixoloqun sözlərinə görə, ailə-məişət münaqişələrin son illər daha çox qabarması problemi həll etmir, onu daha da dərinləşdirir:

“Çünki həll prosesinə daha çox gender bərabərliyindən deyil, feministik istiqamətdən yanaşılır. Bu da əks tərəfdə qıcıq oyadır. Bir var ki münaqişə var, onun həlli yolları axtarılır, biri də var ki problemi kişilərin qadınlara zorakılığı istiqamətində qoyurlar. Məsələni bu cür qoymazlar. Bu gün statistikaya baxsaq görərik ki, işləyən qadınlarla kişilər demək olar ki bərabərlik təşkil edir. Ailə məsələsi sosial şəbəkədə status mövzusu deyil. Kim ağzına nə gəldi onu müzakirəyə çıxarır. Bu çox həssas məsələdir. Qaş düzəldən yerdə vurub gözü çıxardırıq. Qəbələdəki hadisə də yaxşı deyil. Əgər bu geniş bir şəkildə sadəcə işıqlandırılarsa, qətl hadisələrinin sayı azalmayacaq. Sabah başqa rayonlarda da baş verəcək. Yox, əgər niyə baş verdiyi, nələr etmək lazım olduğu deyilərsə, onda məsələ düzələcək.

Birincisi, maariflənmə işini aparmaq lazımdır. Ailə, Qadın və uşaq problemləri üzrə Dövlət Komitəsinin rayonlarda şöbələri var. Ailələrlə treninqlər, seminarlar keçirmə, broşuralar buraxmaq lazımdır. Bunun üzərindən verilişlər, sosial çarxlar hazırlanmalıdır. Ailə quran ərəfələrdə natamam ailədə hansı problemlər olur, tam ailədə hansı problemlər olur, adaptasiya prosesində nələr baş verir, evdə xəstə uşaq olarsa bu ailənin psixologiyasına necə təsir göstərir, qayınana və oğul arasında simbioz bağlılıq olarsa bu situasiyada necə davranmaq lazımdır, ata ilə övlad arasında bağlılıq olarsa, necə davranmaq lazımdır, ailədə konflikt varsa hara müraciət olunmalıdır. Bütün bunlar bənd-bənd verilməlidir. Məcbur etmək lazımdır ki, ailələr bu məqamlarla tanış olsunlar. Boşanma ilə bağlı məhkəməyə müraciət edirlər. Həmin şəxslərə psixoloji dəstək verilməlidir. Əgər doğrudan da yola getmirlərsə, psixoloqlar, Ədliyyə Nazirliyindən müvafiq şəxslər öz fikirlərini bildirməlidir. Bu problemlərlə bağlı kadrlar hazırlamaq lazımdır. Bunlar olduğu təqdirdə, zorakılıqların da, qətllərin də, boşanmaların da sayı azalacaq. Boşanandan sonra da sivil formada ayrılacaqlar. Dünyanın inkişaf etmiş ölkələri bu mərhələni keçiblər. Sadəcə, onlar bu mərhələni az itki ilə keçiblər. Nə vaxt ki, belə məsələlər mətbuatda daha çox işıqlandırılır, bir həftə ərzində bu cür hadisələr hər gün baş verir. Bu tip xəbərlərə son qoyulsa, o zaman belə qətllərin sayı da azalar”.

 

Günel Türksoy




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir