usaq

“Deyirdi, məni mələklər izləyir…” – ALLAH QORXUSU VƏ UŞAQ İNTİHARLARI

Baxış sayı: 1. 779

Molla yanına Quran öyrənməyə gedən 12 yaşlı uşağın məktub yazaraq intihar etməsi sözün əsl mənasında gündəmi alt-üst etdi. O, həmin məktubda bunları yazmışdı: “Mama, siz bunları oxuyanda mən sevimli peyğəmbərimizin yanında olacam… Mənə görə toyu təxirə salmayın… Bacı, səndən bir şey xahiş edəcəm, oğlun olsa adını İsmayıl qoy”.

Bu faciəvi hadisə azyaşlı uşaqların dini təhsil alıb-almamaları məsələsini yenidən müzakirə mövzusuna çevirdi. Ümumiyyətlə, azyaşlı uşaqlara dini təhsil verilməlidirmi? Din onların psixologiyasında hansı dəyişikliklərə səbəb olur? Bu yazıda bu və digər suallara aydınlıq gətirməyə çalışmışıq.

 

“Molla bunu yalnız pul üçün edir”

Dini mütəxəssis Elşad Miri deyir ki, dinin kimlərinsə yanında, fərdi qaydada öyrənilməsi doğru deyil, çünki bu, gələcəkdə fəsadlar yarada bilir: “Elə dünənki hadisə də bunu göstərdi. Din öyrənmək üçün uşaqları xüsusi müəllimlərin yanına göndərməli oluruq. Çünki faktiki olaraq bu məsələ ilə bağlı elə bir xüsusi qayda yoxdur. Mən özüm də bir zamanlar din öyrənmək üçün molla yanına gedirdim. Amma müəyyən müddət sonra gördük ki, bu öyrənmə çox uzun çəkir. Daha sonra məlum oldu ki, molla bunu yalnız pul üçün edir. Yaxud biri gedir Səudiyyə Ərəbistanında təhsil alıb gəlir, bir başqası gedib Türkiyədə oxuyur. Oradakı müxtəlif qrupların təsiri altına düşür və gəlib o əqidəni burda tətbiq etməyə çalışır. Buna görə biz ekspertlərlə, mütəxəssislərlə Quranın tərcüməsini etməliyik, Qurana əsaslanan dinlə bağlı məqsədləri onlara gözəl şəkildə çatdırmalıyıq. İslam dinində din öyrənmək və elm heç zaman bir-birindən ayrılmayıb. Həmişə məsələyə bir aspektdən yanaşılıb. Ona görə də bu gün gedib haradasa, kiminsə yanında din öyrənməkdənsə, bu məsələ ilə bağlı konkret olaraq Təhsil Nazirliyi tərəfindən xüsusi fakültativ də olsa, fənnin tədris edilməsi üçün bir şərait yaradılmalı və yaxud da tədris olunmalıdır”.

Allahın adını çəkdim, buna görə cəzalandırılacam

Mövzunun psixoloji məqamlarına aydınlıq gətirən klinik psixoloq Narınc Rüstəmovanın sözlərinə görə, bu hallara daha çox yetkinlik yaşına çatmayan uşaqlarda rast gəlinir: “Bu yaşlarda uşaqlar xüsusilə həssasdır. Məsələn, görürsən ki, kimisi melanxolik, depressiv mahnılara qulaq asır və intihar edir, kimisi hansısa dini əqidələrin təsirinə düşərək intihar edir və sair. Bu hadisə də mollanın verdiyi informasiya ilə bağlı yox, daha çox uşağın psixikası ilə bağlı bir şeydir. Yəni bu, nevrozun bir formasıdır. Valideyn diqqət etməlidir ki, uşaqda birdən-birə həddindən artıq dinə qarşı meyl yaranıb. Elə uşaqlar var ki, onlarda təmizkarlıq, vasvasılıq kimi problemlər var. Məsələn, ətrafımızda elə insanlar var hər şeydən iyrənirlər, yəni ifrata varırlar. Bunun kimi həddindən çox dinə yönələn uşaqlar da olur. Hətta Allahın onları cəzalandıracağını deyir, “tualetə getdim mənim ağzıma dini bir söz gəldi, Allahın adını çəkdim, buna görə cəzalandırılacam” – söyləyir. “Mən belə etmək istəmirdim, şeytan məni yoldan çıxardı” – kimi ifadələr işlədir. Valideyn isə bundan çox məmnun olur. Deyir ki, uşaq var 12 yaşındadır, siqaretə meyl göstərir, mənim uşağım isə dinə maraq göstərir. Amma xeyr, bu, doğru deyil”.

Deyirdi ki, məni mələklər izləyir

Psixoloq söyləyir ki, özünə qapalı, ünsiyyətsiz, sosial sferası dar olan uşaqlarda bu hal özünü daha çox göstərir: “Özgüvənsiz uşaqlar daha çox təsir altına düşürlər. Belə suallar verirlər ki, Allah məni cəzalandırarmı? Özümdə pis şey hiss edirəm. Bax bu kimi  şikayətlər varsa, valideyn mütləq barmağını dişləməlidir ki, bu, nevrozun başlanğıcı ola bilər. Psixoloqa, psixoterapevtə, nevroloqa müraciət edərək uşağa vaxtında müdaxilə edilməlidir. Hətta bizə bir uşaq gəlmişdi. Deyirdi ki, məni mələklər izləyir. Evdə cərəyana qızdırıcı taxmışdılar. Gözünə həmin qızdırıcının dəmir ilməyini soxmuşdu. Uşağın bir gözü tələf oldu. Bax o da bu şəkildə dinə həddindən çox meyllə başlamışdı. Valideynlər isə demişdi ki, nə gözəl, dindar uşaqdır. Amma getdikcə uşağın şəxsiyyətində pozulmalar oldu, uşaqda nevroza çevrildi və artıq uşağın qulağına qeybdən səslər gəlirdi, hallüsinasiyalar yaşayırdı”.

 

Uşaq bu həyatda yaşamağa səbəb görmür

N.Rüstəmova vurğulayır ki, bu hallarda əsas məsuliyyət valideynin üzərinə düşür. Valideyn övladında birdən-birə dinə böyük maraq yarandığına diqqət etməlidir: “Xüsusi qruplaşmalar var ki, o yaşda uşaqları öz təsirlərinə salırlar. Yəni həmin uşaqlar pis insanların əlinə də düşə bilir və onlardan istifadə edərlər. Diqqət etsəniz görərsiniz ki, hətta Suriyada dini inanclarından istifadə edilərək, mənfi istiqamətlərə yönləndirilən əksər gənclər yetkinlik yaşına çatmayanlardır. Dünənki hadisədə də uşaq vurğulayır ki, mən gedirəm peyğəmbərin yanına. Bu, onun göstəricisidir ki, uşaq bu həyatda yaşamağa artıq heç bir səbəb görmür. Öz dünyasında fikirləşir ki, yəni bu dünyada qaldıqca mən daha çox günah etmiş olacam. Cəhənnəmə haqq qazandıracam. Ona görə gedirəm peyğəmbərimin yanına. Əslində bunun özü bir cinayətdir və günahdır. Burada dinə maraq nevroz səviyyəsinə yüksəlib. Valideyn övladına diqqət etməlidir və uşaqda bu kimi hallar yarandıqda bunu xəstəlik kimi dəyərləndirməlidir. Əksinə, daha da yönləndirməməlidir həmin istiqamətə. Uşaq bu zaman özünə qapanar, təhsildən uzaqlaşar, mənbəyi məlum olmayan informasiyalar alar. Çünki o, uşaqlıq dövrünü başa vurmayıb və hər bir kənar təsirə açıqdır. Qəribədir ki, uşaq məsələn, roka qulaq asırsa, valideyn narahat olur, amma uşağının dinə yönəldiyini görəndə narahat olmur. Təbii ki, hər birimiz müsəlmanıq, amma bu, müsəlmançılıqla bağlı bir şey deyil. Bu, uşağın nevrozu ilə bağlıdır ki, çox zaman 9-14 yaş ərəfəsində meydana çıxır. Ona görə bu mərhələdə valideynlər çox diqqət etməlidir. Çünki bu cür maraqların sonu intiharla nəticələnə bilər”. (Lent.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir