HEKIM

Deyirlər seç, bəs necə seçək? – ARAŞDIRMA

Baxış sayı: 721

Əvvəlki qaydalara görə, vətəndaş icbari tibbi sığorta xidmətindən yararlanmaq üçün yalnız qeydiyyatda olduğu ərazi üzrə dövlət tibb müəssisəsinə müraciət etməli idi. Qeydiyyatda olduğu tibb müəssisəsində xidmətlər zərfi çərçivəsində ona lazım olan tibbi xidmətin göstərilməsi mümkün olmadıqda müqaviləli tibb müəssisəsinə göndəriş verilirdi. Lakin son dəyişikliyə əsasən, vətəndaşlar ixtisaslaşdırılmış ambulator yardım üçün ölkə daxilində yerləşən istənilən dövlət tibb müəssisəsinə göndərişsiz müraciət edə biləcəklər.

Bildirək ki, ambulator yardım odur ki, xəstə klinikada qalmır. Müayinə olunub, ev şəraitində müalicəsini davam etdirir. Eyni zamanda, vətəndaş həkimi də özü seçə bilər. Yəni həm tibb müəssisəni seçə bilirik, həm də həkimləri. Bəs seçimi necə edək?

Özəl tibb müəssisələrinin xidmətləri, mütəxəssisləri ilə bağlı məlumat almaq üçün saytlarına daxil oluruq. Orda göstərilən xidmətlər, mütəxəssislərin təhsili, təcrübələri və s. haqqında məlumatlar yerləşdirilir.

 

Bəlkə sosial şəbəkə səhifələri var?

Dövlət tibb müəssisələrində də bu cür etmək istədik. Bakı şəhəri tibbi ərazi bölməsinə daxil olan 160-dan çox tibb müəssisəsinin saytlarının olub-olmadığını bir-bir yoxladım. Cəmi 3-ünün saytı var: Mərkəzi Neftçilər Xəstəxanası, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi və Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu.

İlk ikisinin saytlarında mütəxəssislər haqqında məlumat yerləşdirilib. Üçüncüdə isə sayt olsa da, mütəxəssislərlə bağlı məlumat yoxdur.

“Sayt olmadı, bəlkə sosial şəbəkə səhifələri var” düşünüb, axtarış etdim, barmaqla sayılacaq dərəcədə az müəssisənin sosial şəbəkə səhifəsi var. O səhifələrin də çoxunda aktiv paylaşımlar edilmir. Xidmətlər, mütəxəssislərlə bağlı məlumatlar isə paylaşılmayıb. Bakı şəhərindəki klinikalar belədirsə, regionlardakılara baxmağa dəyməzdi.

İcbari sığorta vətəndaşa həkimi seçmək hüququ verirsə, amma vətəndaşın seçim edəcək bir mənbəyi yoxdursa, bu, icbari sığortanın tətbiqinə nə kimi təsir edəcək?

 

“Azərbaycanda həkimə şübhə var”

Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli deyir ki, inkişaf etmiş ölkələrin təcrübəsində icbari tibbi sığorta sistemində xəstələrə həkim seçmək imkanı verilmir. Çünki səhiyyə sisteminə insanların inamsızlıq problemi yoxdur: “Dünyanın bütün inkişaf etmiş ölkələrində həkimlər bəlli bir mərhələni keçdikdən sonra klinikalarda fəaliyyətə başlayırlar. Onların bilik və bacarıq səviyyəsi elə olur ki, o mərhələni keçirlər. Artıq hər hansı şübhəli məqam qalmır. Məsələn, vətəndaş düşünmür ki, məni müayinə edəcək kardioloq savadsız olacaq. Ancaq Azərbaycanda bu şübhə var. Digər tərəfdən, adamların məşhur, reklamı çox olan həkimlərə meyli, daha çox inanması praktikası geniş yayılıb. Əslində, xəstə klinikaya yaxınlaşarkən növbədə olan həkim kimdirsə, onun da müayinəsindən keçməlidir. “Mən filan həkimi istəyirəm” məsələsi ölkəmizdə səhiyyə xidmətinin təşkilində çox ciddi baryerə, maneəyə çevrilib”.

 

“Seçim hüququ verilirsə…”

İ.Hüseynli deyir ki, xəstələrə klinika və həkimi seçmək imkanı verilirsə, bunun üçün lazımi şərait yaradılmalıdır: “Elektron baza yaradılmalı, orda dövlət tibb müəssisələri, həkimləri barəsində geniş informasiya yerləşdirilməlidir. Xəstə bazaya daxil olub orda dövlətin tibb müəssisəsində çalışan həkimlərin bilik səviyyəsi, təcrübəsi ilə tanış olmalıdır. Bu sistem özəl klinikalarda var. Onlar saytlarında göstərdikləri xidmət, həkimləri ilə bağlı geniş informasiyalar verirlər. Dövlət klinikalarında bu cəhətdən acınacaqlı vəziyyət var”.

 

“Büdcə ayrılmalıdır”

İ.Hüseynli qeyd etdi ki, bu sistemin qurulması üçün dövlət büdcəsindən pul ayrılmalıdır: “Saytın, sosial şəbəkə səhifələrinin qurulması, saxlanması xərcləri də az deyil. Dövlət büdcəsi tərəfindən maliyyələşən klinikalarda büdcə planlaşdırılması aparılarkən bu məsələ də ora daxil olmalıdır ki, xəstəxanalar da bunu yarada bilsinlər. Düşünürəm ki, səhiyyə büdcəsi planlaşdırılarkən bu məsələlərə önəm verilməlidir”.

 

Zaman lazımdır

Tibbi ekspert Aydın Əliyev deyir ki, sistem yeni qurulduğu üçün bu işlərin də həll olunması zaman ala bilər: “Vətəndaşlara həkimi və klinikanı seçmək imkanının verilməsi yaxşı haldır. Əgər vətəndaşların seçim imkanı varsa, yaxşı olar ki bütün klinikalarda çalışan həkimlər, onların təhsil və təcrübələri, gördükləri işlər və s. haqqında məlumatlar icbari tibbi sığortanın portalında yerləşdirilsin. Bu, lazımlıdır. Ancaq nəzərə almalıyıq ki, bu sistem yeni qurulur. Birdən-birə hər şeyin ideal olması da real görünmür. Əminəm ki, tədricən qurulacaq”.

 

Gələcəkdə onlayn platforma yaradıla bilər

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) mətbuat xidmətinin rəhbəri Elnarə Baxış bildirdi ki, vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması istiqamətində mütəmadi addımlar atılır. Ötən dövrdə bu istiqamətdə, xüsusilə xəstəxanaların maddi-texniki bazasının, kadr potensialının inkişafına yönəlik mühüm işlər görülüb. Bu proses davamlı olaraq həyata keçirilir. Gələcəkdə qeyd edilən onlayn platformaların hazırlanması da mümkün ola bilər.

 

Ailə həkimləri kömək edir

Hazırda onlayn platforma yoxdur. Bəs indi seçimi necə edək? İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən bildirildi ki, əgər vətəndaşın hər hansı tibb müəssisəsinin seçimi və ya ixtisaslı həkimlə bağlı məlumata ehtiyacı varsa, bununla bağlı yaşadığı ərazi üzrə dövlət tibb müəssisəsindəki (poliklinika, Ailə Sağlamlıq Mərkəzi, kənd həkim məntəqəsi) ailə həkiminə müraciət edə bilər. Ailə həkimi vətəndaşı müayinə etdikdən sonra onun xəstəliyinə – diaqnozuna uyğun olaraq tibb müəssisəsi, Xidmətlər Zərfi ilə təminata alınan tibbi xidmətlər və müvafiq ixtisas üzrə həkim haqqında məlumat verir. Buna əsasən, vətəndaş ona lazım olan tibbi xidmətin və ya ixtisas həkiminin hansı tibb müəssisələrində olması barədə ətraflı məlumata malik olur.

Səhiyyə sisteminə inam da o səviyyədə deyil ki, vətəndaşlar araşdırmadan hansısa mütəxəssisin qəbuluna getsinlər. Ona görə verilən seçim hüququndan istifadə etmək üçün mənbə axtarışındadırlar. Ümid edirik ki, yaxın gələcəkdə bu platformalar yaradılacaq.

 

Aygün Asimqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir