Aysel Ismayilova

Dilaltı qədəh anomaliyasının nitq inkişafına təsiri

Baxış sayı: 385

Ankiloqlossiya (qısaca: dilaltı qədəh), digər adı ilə Hipertrofik Linqual Frenulum, dilaltı pərdənin qısalığı ilə xarakterizə edilən, özlüyündə dil qədəhinin normadan qısa və ya qalın olması ilə özünü göstərən, geniş yayılmış və müxtəlif sferalarda bir sıra problemlər doğuran oral anomaliyadır. Bu anomaliya, əsasən, körpə dünyaya gəldikdən sonra həkim müayinəsi zamanı ortaya çıxır. Ankiloqlossiya ilə doğulan körpələrin 25-80 %-i əmmə, çeynəmə aktı, disfagiya ilə bağlı problemlərlə üzləşirlər. Buna səbəb dilin hərəkət qabiliyyətində maneənin olmasıdır ki, bunun nəticəsində də körpələrdə dil diş əti xətti üzərinə uzana bilmir, ana südü ilə qidalanmaq üçün çənələrindən istifadə edə bilmirlər. Nəticə etibarilə isə körpədə döşdən imtina, inkişafla bağlı bir sıra pozuntular meydana gəlir. Ankiloqlossiya eyni zamanda qidalanma, çeynəmə aktı, oral-motor koordinasiyası, disfagiya (udma aktı pozuntusu), ağız suyunun axması (hipersalivasiya) halları ilə də özünü göstərməsi ilə yanaşı, nitqdə səs tələffüz pozuntularına da gətirib çıxarır. Bu, inkişafın növbəti mərhələlərində özünəinam hissinin aşağı enməsi, eyni zamanda bir sıra psixoloji problemlərə yol aça bilər.

Dr. Kotlov tərəfindən dilaltı pərdə qruplaşdırılması təsnif edilmişdir. Klinik olaraq qəbul edilmiş normal dilaltı pərdə məsafəsi 16 mm-dən böyükdür. Bu qruplaşdırmaya əsasən qədəh anomaliyalarının 4 sinfi vardır:

I sinif – yüngül ankiloqlossiya ölçüləri: 12-16 mm (şəkil A).

II sinif – orta ankiloqlossiya ölçüləri: 8-11 mm (şəkil B).

III sinif – ağır ankiloqlossiya ölçüləri: 3-7 mm (şəkil C).

IV sinif – tam ankiloqlossiya (submukozal lingual frenulum), arxa dil qədəhi ölçüsü: 3 mm-dən kiçik.

d7b812c5-a37c-4ab1-a07b-e4aafc6b17af

Qısa və gərgin dil qədəhi olan şəxslərdə bu əlamətlər görülür: ağızın tam açılması və dilin yuxarı doğru qaldırılmasında məhdudiyyət, sürətli nitq və bəzi səslərin tələffüzü zamanı pozuntunun qeydə alınması, uca səslə danışdıqda nitqin rəvanlığının pozulması, ağız açılıb-bağlanarkən çənədən “klik” (clicky jaws) səsinin gəlməsi, çənə ağrıları, miqren, proqnatiya (üst çənənin önə doğru çıxması- dişləm anomaliyası), stomatoloji problemlər (əksər hallarda diş əti iltihabı xəstəlikləri), sosial-kommunikativ sferalarda problemlər (loqofobiya, naqislik hissi və s), yaşlılarda dil qədəhi anomaliyası bir çox hallarda protez dişləri saxlaya bilməmə kimi problemlərə yol açır. Ümumiyyətlə, dilin funksiyalarını 2 qrupa bölmək olar: sensor və motor (mexaniki). Dilin sensor funksiyaları dedikdə buraya dad, temperatur, toxunma, ağrı kimi hisslər daxildir. Dilin frenulumunun patologiyası sensor funksiyalara təsir göstərmir.

Dilin motor funksiyaları isə onun hərəkətliliyini təmin edir, bu da öz növbəsində nitq inkişafını tənzimləyir. Dil qədəhi anomaliyası zamanı dilin motor funksiyalarının icrasında ankiloqlossiyanın mənfi təsirləri özünü göstərir. Dil həzm sisteminin bir orqanı kimi qida funksiyalarının təmin edilməsində- çeynəmə, udma, əmmə, yalama, tüpürmə prosesində iştirak edir. İnsanlar üçün ilkin qida funksiyaları hesab olunan yalama və əmmə mexaniki prosesləri ankiloqlossiya zamanı məhdudlaşır. Dilaltı qədəh anomaliyası nitqin ümumi inkişafına təsir etməsə də, bir sıra tələffüz səslərinin pozuntusuna gətirib çıxarır.

Dilaltı qədəh anomaliyasının korreksion işinin təşkili cərrahi və ya loqopedik müdaxilə ilə həyata keçirilir və yalnız bundan sonra reabilitasiya işi uğurla tamamlanmış hesab olunur. Aparılan müşahidələrə əsasən ağırlıq dərəcəsindən asılı olaraq ankiloqlossiyanın korreksiya müddəti və planı fərdi şəkildə hazırlanmalı və tətbiq edilməlidir. Bu anomaliyanın cərrahi reabilitasiyası frenuloplastika, frenektomiya, frenotomiya və lazer terapiyası ilə, loqopedik korreksiyası isə uyğun loqopedik masaj zondları, individual loqopedik fırça dəstlərinin köməyi ilə tətbiq edilən loqopedik masaj və manual masaj, artikulyasiya aparatının gimnastikaları və pedaqoji işlə aparılır. Təhrif edilmiş səslərin nitqdə bərpası üzrə aparılan iş səs qoyuluşu üçün istifadə olunan loqopedik zondların köməyi ilə müxtəlif texnikalarla həyata keçirilir.

qedeh

Məlum olmuşdur ki, kompleks yanaşma metodu ilə tətbiq edilən reabilitasiyon iş nəticəsində dilaltı qədəh anomaliyası uğurla korreksiya edilir. Korreksion işin tətbiqindən sonra nitq tam şəkildə bərpa olunur və qüsurlu tələffüz səsləri islah edilir. Bu prosesin tətbiqindən sonra anomaliyanın yaratdığı bütün digər fəsadlar da aradan qaldırılaraq həyati funksiyaların icrası tipik olaraq davam edir.

 

Aysel İsmayılova

Defektoloq-loqoped




9 şərh “Dilaltı qədəh anomaliyasının nitq inkişafına təsiri

  1. Asim

    Dilaltı pərdənin qısalığının təsirlərini və müalicə metodlarını çox yaxşı izah etmisiniz. Xüsusilə uşaqların inkişafında bu pozuntuların əhəmiyyəti böyükdür. Həkim olaraq deyə bilərəm ki, bu cür problemlərin erkən diaqnozu çox önəmlidir.

    Cavabla
  2. Səidə Sultanzadə

    Bu yazı yalnız tibbi cəhətdən deyil, həm də psixoloji tərəfdən çox əhəmiyyətlidir. Dilaltı pərdənin qısalığının uşaq və ya yetkinlik dövründə insanın özünəinamına və sosial bacarıqlarına təsiri ola bilər. Yazıda qeyd etdiyiniz sosial-kommunikativ problemlər əhəmiyyətli bir mövzudur

    Cavabla
  3. Mehriban Nəsibava

    Yazını çox bəyəndim. Dilaltı qədəh anomaliyasının əlamətləri və mümkün fəsadları haqqında məlumatların daha geniş şəkildə yayımlanması çox vacibdir. Bu cür yazılar insanları bu problemin ciddiliyi haqqında məlumatlandırır və erkən müdaxilənin vacibliyini göstərir.

    Cavabla
  4. Cəmilə

    Əgər uşaqda ankiloqlossiya diaqnozu qoyulursa, hansı müalicə üsulları daha təsirli olur? Müalicəyə nə zaman başlanmalıdır və proses nə qədər davam edir?

    Cavabla
  5. Zakir

    Uşağımda dil qədəhinin qısalığına görə nitq inkişafında gerilik müşahidə olunursa, bu vəziyyət onun məktəbə getdikdən sonra akademik performansına necə təsir edə bilər?

    Cavabla
  6. Ceyran Əhmədova

    Uşaqda bu cür pozuntu varsa, evdə valideynlər nə kimi tədbirlər görməlidir? Loqopedik müalicəyə əlavə olaraq, hansı məşqləri və ya gündəlik vərdişləri tövsiyə edirsiniz?

    Cavabla
  7. Tərana Məmmədova

    Uşağımda dilaltı pərdə qısalığı olduğunu düşündüm, amma əmin deyiləm. Həkimə müraciət etməzdən əvvəl hansı əlamətlərə diqqət etməliyəm? Uşağımın əmmə və ya çeynəmə zamanı çətinlik çəkməsi normaldırmı?

    Cavabla
  8. Vəfa Qasımova

    Uşağımda bu problem varsa, sosial həyatda və məktəbdə digər uşaqlarla münasibətlərinə necə təsir edər? Onun özünə inamını artırmaq üçün hansı məsləhətləri verə bilərsiniz?

    Cavabla
  9. Sevil İsrafilova

    Ev şəraitində uşağımın dil altı pərdəsini rahatladacaq və ya nitq inkişafını dəstəkləyəcək hansı məşqlər və ya üsullar tətbiq edə bilərəm? Loqopedə getmək vacibdirmi?

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir