Dilare Eliyeva

Dilarə Əliyeva: “Həkim dedi ki, siz tamamilə sağlamsınız, yalnız o vaxt əsəbiləşə bilərsiniz ki…”

Baxış sayı: 2. 271
“Eybəcər qadın yoxdur” deyirlər, özünə baxmayan qadın var. İndi elə bir dövrdə yaşayırıq ki, baxımlı və gözəl olmaq hər bir xanımın özündən asılıdır. Günün çox hissəsini ekran qarşısında keçirməyə meylli olan xanımlar efirdən gördükləri və sevdikləri sənət adamlarına bənzəmək üçün sözün əsil mənasında, dəridən-qabıqdan çıxırlar. Bəzən bunun üçün estetik əməliyyatlar etdirir və çox zaman da xoşagəlməz hallarla rastlaşırlar. Biz də sevilən və hər zaman forumda qalan xanım sənətçilərimizin gözəllik sirlərindən  sizləri agah etmək üçün “Məşhurların gözəllik sirləri” rubrikasını yaratdıq. Bu rubrikanın növbəti qonağı sevilən aparıcı, aktrisa Dilarə Əliyevadır. O, bizimlə söhbətində gözəlliyinin keşiyində necə dayanmağından danışdı.  Deyir ki, qadının ilk növbədə daxili gözəl olmalıdır. Qalanları isə düzələn işlərdir.
– Dilarə xanım, illər keçsə də siz hər zaman eyni formada və gözəllikdə qalırsınız. Ötən illərə meydan oxumağı necə bacarırsınız? 
– Diqqətinizə görə təşəkkür edirəm. Sağlam şəkildə formada qalmaq mənim əsas meyarımdır. Artıq 2 ildir ki, hər axşam saat 7-dən 10-un yarısına qədər bulvar 12 km. gəzirəm. İnsan yeriyəndə kalori yandırır, burada təmiz havanın da rolu böyükdür. Yerimək ən gözəl arıqlamaq üsuludur, bu üsulla həm də əzələlər bərkiyir. Xanımlarımıza da sürətli yeriməyi məsləhət görürəm. Həftədə iki dəfə fitnesə gedirəm. Formamı saxlamaq üçün əməllicə çalışıram (gülürük). İştaham çox yaxşıdır, yeməkdən imtina etmək mənim üçün çətin olur. Əgər öz üzərimdə nəzarəti itirsəm, kökələrəm. O ki, qaldı dərimin baxımına, mənim çox gözəl kosmetoloqum var. Ancaq təəssüflər olsun ki, bir ilə yaxındır onun yanına gedə bilmirəm. Açığı, buna vaxt tapa bilmirəm. Dərimin təravətli qalması üçün evdə maskalardan, vitaminlərdən istifadə edirəm. Çalışıram ki, öz auramı qoruyub saxlayım. Belə ki, çox zaman mənə xoş olmayacaq hansısa bir tədbirə dəvət alıram. Əgər ora getmək istəmirəmsə, orada özümü rahatsız hiss edəcəyəmsə, auramı korlamamaq üçün getmirəm. Mənə ailə üzvlərimlə, dostlarımla zaman keçirmək daha xoşdur. Gündəlik əhvalıma neqativlik gətirəcək çox şeylərdən qaçmağa çalışıram. Bəzən həyatımızda elə hadisələr baş verir ki, insan onları eşidəndə məyus olur. Təbii ki, adam öz ailəsini elə pis hadisələrdən qoruya bilmir. O şey ki, mənim əlimdədir, mən onu idarə edə bilirəmsə niyə də etməyim?
– Biz sizi hər zaman şən, pozitiv, enerjili görmüşük. Sizi belə müsbət auralı edən nədir?
– Özüm çox yüklənməyi sevmirəm, eləcə də qarşı tərəfdə olan insanların yüklənməyinin tərəfdarı deyiləm. İnsanlara öz problemlərimdən danışıb, onları yormağı xoşlamıram. Düşünürəm ki, burda bir az da genetik faktor rol oynayır. Mənim qardaşım, bacım da elədir. Biz bir yerə yığışanda, ancaq danışıb-gülürük. Qayğılarımız, problemlərimiz olanda, onu elə şəkildə təqdim edirik ki, qarşı tərəf o qədər də yüklənmir.  Bir-birimizi yükləmədən, əhvalımızı korlamadan hər şeyi yola veririk (gülürük). Bizim ailədə hamı belədir. Deyib-gülmək, pozitiv olmaq canımızda, qanımızda var. İnsan özünü mənfi enerji ilə yükləməməlidir. Bu, təkcə özümüzə deyil, ətrafdakı insanlara da təsir edir. Mən neqativ enerji ilə nə yüklənməyi, nə də yükləməyi sevirəm.  Yüklənməkdənsə, yaranmış problemi dərhal həll edib, rahat yaşamağa üstünlük verirəm. Son vaxtlar idmana getdiyim üçün tərləyirəm, kürəyimə, başıma soyuq olur. Nədənsə son vaxtlar baş ağrılarım var idi. Bunun üçün nevropatoloqa müraciət etdim. Həkim dedi ki, siz tamamilə sağlamsınız. Yalnız o vaxt əsəbiləşə bilərsiniz ki, bunun üçün çox ciddi bir səbəbiniz olsun. Bu da normaldır. Mən çox aktiv insanam. Xoşuma gəlməyən hadisə baş verəndə, özümə təskinlik verirəm. İzah etməyə çalışıram ki, bu, dünyanın gərdişidir, belə olmalıdır, bundan sığortalanmaq mümkün deyil. Mənim bir devizim var, dünyada nə baş verməsindən asılı olmayaraq, hər bir şey yaxşılığa doğrudur. Ən pis hadisədə belə nəsə yaxşı bir şey axtarıram. İnsan özünü başqa cür necə sakitləşdirə bilər? Hər bir insan özü-özünün həkimi olmalıdır.
– Bilirik ki, iki övladınız var. Onların bütün işləri ilə siz məşğul olursunuz. Ailə də bir dövlətdir. Bu dövləti idarə etmək də biz xanımların üzərinə düşür. Bu qədər işin içində özünüzə bir xanım olaraq zaman ayıra bilirsinizmi?
– Bəli. Özümə hər zaman vaxt ayırıram. Həmişə xanımlara da deyirəm ki, özünüzə baxın ki, sizə də yaxşı baxsınlar (gülürük). Həyat davam edir. Biz də illər ötdükcə yaşlanırıq. İndi bizə sağlamlıq əvvəlki illərdən daha çox lazımdır. Daha çox ayaqda qala bilmək, heç kimə möhtac olmamaq üçün özümüzə zaman ayırmalıyıq. Gün gələcək əvvəlki sağlamlığımız yerində olmayacaq. Nə qədər ki, canımızda can var, bu ömrü sağlam başa vurmaq üçün sağlamlığımıza, qidamıza  fikir verməliyik. Elə hesab edirəm ki, qadının ruhu təmiz olanda, gülməyi bacaranda ətrafı da xoşbəxt olur. Əgər qadın qaşqabaqlı, əsəbi, deyingən, qanqaraldan biri olsa, nə o, nə də onun ailəsi xoşbəxt ola bilməz. Mənim elə bir xarakterim var ki, çalışıram özüm özümün əhvalımı yaxşı edim. Bacardığım qədər özümə də, həyat yoldaşıma da yaxşı qulluq etməyə çalışıram. Hərdən elə anlar olur ki, insanın gücü çatmır, amma yenə də əlimdən gələni edirəm. Bəzən bir təbəssüm hər şeyi xilas etmə gücünə malik olur.
– Dilarə xanım,  estetik əməliyyatlarla aranız necədir?
– Estetik əməliyyat etdirən xanımlara normal baxıram. Əgər kiminsə ehtiyacı varsa, niyə də etməsin? Heç kimi də buna görə mühakimə etmirəm. İndi elə bir zamandır ki, təbabət durmadan inkişaf edir. İndi gözəlləşmək üçün o qədər müasir vasitələr var ki, hər şey etmək mümkündür. Estetik əməliyyatlar etdirən insanlara münasibətim pis deyil, amma bəzən görürsən ki, xanımlarımız dodaqlarını çox şişirdiblər, burunlarını həddindən artıq  çox balaca ediblər. Bu, kənardan çox pis görünür. Hər bir şey öz həddində gözəldir. Əgər o hədd aşılıbsa, bu, həm gözə girir, həm də ətrafındakılara xoş təsir bağışlamır. Estetik əməliyyat edəndə də elə edəsən ki, əməliyyat olunmuş kimi görünməsin.
 
– Dilarə xanım, “gözəllik ondursa, doqquzu dondur” deyirlər. Siz geyimlərinizi özünüz seçirsiniz, yoxsa stilistlərə etibar edirsiniz?
– Geyimlərimi öz zövqümə görə seçirəm, ancaq ətrafımdakı insanlardan da məsləhət alıram. Geyim seçərkən yaşımı, xarakterimi, cəmiyyətdəki insanların mənə münasibətini nəzərə alıb seçirəm. Bu, mənim üçün çox önəmlidir.  Uzun müddətdir ki, dizdən yuxarı geyimlər geyinmirəm. Nə olsun ki, mənim bədən ölçülərim yerindədir və o geyimləri geyinmək üçün heç bir problemim yoxdur. Hər halda, az yaşım yoxdur, 44 yaşındayam. Bu yaşın da öz geyimi var. Bilirsiniz ki, hər bir yaşın öz geyimi var. İndi seçim edərkən, daha çox çalışıram ki, geyimimin uzun-qısalığına diqqət yetirim.
– Adətən məşhurlar öz yaşlarını gizlədirlər. Siz isə öz yaşınızı açıq şəkildə etiraf edirsiniz.
– Oktyabrın 25-də 45 yaşım tamam olacaq. Yaşla bağlı heç bir problemim yoxdur. Müşahidə etmişəm ki, yaşı çox olan xanımlar yaşlarını gizlətməyə çalışırlar. Belə ki, əgər bir qadın yaxşı formadadırsa, yaşından cavan görünürsə  onun yaşını soruşanda “siz mənə neçə yaş verərsiniz” sualını verirsə, deməli, onun yaşı çoxdur.  Qadına o sualı vermək lazım deyil. Əgər 23 yaşındakı qızdan soruşsanız, o, çəkinmədən öz yaşını deyəcək. Bu yaşda olan qız ömür boyu “siz mənə neçə yaş verərsiniz” sualını verməz (gülürük).  Ona görə də, məndən yaşımı soruşanda dərhal deyirəm ki, 45-dir.
– Geyimdən söz düşmüşkən, hər dəfə  moda mütəxəssisləri ilə söhbət edəndə deyirlər ki, biri var dəblə geyinməyə çalışanlar, bir də var ki, özünə yaraşanı  geyinənlər. Siz bunlardan hansısınız?
– Hər ikisindənəm. Mən dəbin yaraşanını geyinənlərdənəm.
– Həyat yoldaşınız Oqtay Əliyev geyimlərinizə müdaxilə edirmi?
– Oqtayla artıq 25 ildir evliyik. Bu 25 ildə o, mənim xarakterimi o qədər mükəmməl mənimsəyib ki, ona görə də mənə heç nə demir. Mən həddində geyinməyi bacarıram. Diqqətçəkici geyinməyi sevmirəm. Olub ki, bir-iki dəfə başqa cür geyinmişəm və düşünmüşəm ki, bu geyim məni olduğum kimi göstərmir. Ümumilikdə geyim seçərkən Oqtay mənə heç vaxt deməyib ki, bunu yox, o birini geyin. O bilir ki, mən geyim baxımından çox diqqətliyəm. Geyinməsi lazım olmayan paltarları heç vaxt geyinmərəm. (Kaspi.az)



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir