Martın 12-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumtəhsil müəssisələrinin məzunları üçün keçirilən buraxılış imtahanları abituriyentlər və repetitorlar tərəfindən böyük narazılıqla qarşılanıb. Həmin abituriyentlər və repetitorlar imtahan suallarının həddindən artıq qəliz olmasından şikayətləniblər.
Problem nədən qaynaqlanır, ekspert və DİM nə deyir?
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçısı Elmin Nurizadə bildirir ki, bu məsələdə abituriyent və repetitorlar haqlıdırlar:
“Abituriyentləri haqlı saymaq olar. Qeyd edim ki, son səkkiz ildə heç vaxt builki kimi imtahanlardan narazılıq müşahidə olunmayıb. Sualların hazırlanma mexanizmi tamamilə dəyişdirilib və qəlizləşdirilib. Xüsusən də Azərbaycan dili və Riyaziyyatla bağlı daha çox narazılıqlar müşahidə edilir”.
O bildirir ki, suallar çox çətin, dolaşıq olmaqla yanaşı buna görə zaman limiti də nəzərə alınmayıb:
“Azərbaycan dili üzrə mətnin strukturu üzrə verilən suallar həddindən artıq qəliz olub. DİM abituriyent psixologiyasını nəzərə almalı idi. Qurum bir tərəfdən xüsusi pisxoloji konsultasiyalardan danışır, digər tərəfdən isə belə suallarla birbaşa olaraq şagirdlərin psixologiyasına zərbə vurmuş olur. Nəticədə də şagirdlər ona verilən zamanda işləyə bilməyiblər. Çünki orada elə suallar vardı ki, onun həlli 7 dəqiqə zaman apardı. Belə olan halda şagird digər suallara zaman ayıra bilmir”.
“Riyaziyyatdan düzbucaqlı paralelepipedlə bağlı verilən sualın həlli də çox zaman aparıb. Nöqsanlı sual olduğu üçün, nə etmək laızmdır, abituriyent bunu bilməyib”, – deyə həmsöhbətimiz əlavə edib.
Ekspert bildirir ki, əslində DİM tədris proqramı əsasında sualları tərtib etməli idi:
“Əsas meyar bu olmalı olduğu halda, qeyd edim ki, həmin nüans nəzərə alınmayıb. Bu meyar nəzərə alınsaydı, belə ciddi narazılıq olmazdı. Həm də təsəvvür edin ki, DİM bu sualları verərək qısa zamanda çevik düşünmə və həll tələb edir. DİM belə tez “çevik düşün, çevik həll et” prinsipinə keçməməli idi. Çünki hazırkı təhsil səviyyəsinə buna yol vermir. Biz hələ analitik həll tələb edən sualları həll etməyə yenicə başlamışıq. Lakin qeyd edim ki, buraxılış imtahanlarındakı suallar SAT tipli idi”.
E.Nurizadə həmçinin qeyd edir ki, digər məsələ sualların səhv qoyulması ilə bağlıdır:
“Artıq ikinci dəfədir ki, suallar səhv qoyulub. Bunkerlər özləri bu sualların hazırlanmasında təcrübəli deyillər. Təsəvvür edin, 18 yaşı tamam olmayan abituriyentlərdən həll yolu istəyirik, ancaq özümüz bu sualların hazırlanmasını dəqiq bilmirik. DİM ilə Elm və Təhsil Nazirliyi arasında əlaqəli iş prinsipi çox inkişaf etməli idi. Suallar Elm və Təhsil Nazirliyi tərəfindən yaradılacaq xüsusi komisssiya üzvləri tərəfindən müzakirə olunmalı idi. Çünki tədris proqramı Elm və Təhsil Nazirliyi tərəfindən hazırlanır. Təəssüf ki, yenə də sualları DİM öz bunkerləri vasitəsilə hazırladı”.
Ekspert bundan sonrakı buraxılış imtahanlarında da narazılıqların olacağını istisna etmir.
Digər ekspert Kamran Əsədov isə bildirir ki, Elm və Təhsil Nazirliyi hər imtahan sonrası mütəxəssislərini yığıb onun keçirmədiyi, amma ona tabe yüz minlərlə şagirdin həyatı, gələcəyi üçün əhəmiyyət kəsb edən imtahanı, imtahan suallarını təhlil etməli, mövqe nümayiş etdirməlidir.
DİM-dən məsələyə münasibət – Sputnik Azərbaycan-ın soğrusuna cavab kimi bildirilib ki, tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanına daxil olan fənlərin proqramı 5-11-ci siniflərdə tədris olunan mövzuları əhatə edir (11-ci sinifdə fevral ayından sonra keçilən mövzular imtahanda istifadə olunmur):
“Bu qaydaya uyğun olaraq 11-ci siniflər üçün buraxılış imtahanı artıq 5-ci ildir ki, keçirilir və bu imtahanlar layihələndirilərkən həm orta məktəblərdə keçirilən monitorinq imtahanlarının, həm də son dörd ildə keçirilən buraxılış imtahanlarının elmi-statistik göstəricilərinə aid təhlillərdən istifadə edilir. Bu təhlillər isə onu göstərir ki, imtahanla bağlı göstəricilər müxtəlif hazırlıq səviyyəsinə malik şagirdlərdən gözlənilən nəticələrə uyğundur və bu baxımdan son beş ilin göstəriciləri bir-birinə çox yaxındır”.
Qurumdan bildirilib ki, tapşırıqların sinif və mürəkkəblik səviyyəsi dəyişdikcə bunların cavablandırılması zamanı da şagirdlərin hazırlıq səviyyəsinə uyğun şəkildə dəyişildiyi müşahidə edilir:
“Buna görə də imtahanda müəyyən tapşırıqları zəif cavablandırmış bir qrup şagirdin imtahanla bağlı rəylərinə əsaslanaraq imtahanın ümumi çətinlik səviyyəsi haqqında fikir bildirmək tamamilə əsassızdır”.
O da qeyd olunub ki, buraxılış imtahanlarında istifadə edilən bütün test tapşırıqları istisnasız olaraq yalnız və yalnız müvafiq fənlər üzrə təhsil proqramında yer alan bilik və bacarıqları yoxlamağa xidmət edir:
“Bu imtahanlarda istifadə edilən bütün tapşırıqların hazırda qüvvədə olan təhsil proqramına uyğun olaraq aid olduğu sinif, mövzu, məzmun xətti, əsas və alt standartlara aid məlumatlar Dövlət İmtahan Mərkəzində mövcuddur və imtahan nəticələri elan edildikdən sonra müraciət edən hər bir şagirdə bununla bağlı ətraflı izah veriləcək”.
Qeyd edək ki, respublikanın 32 şəhər və rayonunda təşkil olunan imtahanda 50823 şagirdin iştirakı nəzərdə tutulmuşdu.
Nigar İsgəndərova