Media işçilərinin ilk dəfə olaraq Dövlət İmtahan Mərkəzində (DİM) abituriyentlərin qəbul imtahanlarının cavablarının emal olunduğu “qapalı zonaya” dəvəti sözün həqiqi mənasında sürpriz oldu. Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadənin təşəbbüsü milyonlarla gəncin taleyinin asılı olduğu otaqlardakı iş prosesi ilə tanışlığa imkan yaratdı.

“Nə yazıblarsa odur…”
“Görən nə vaxt açıqlanacaq?”, “Ballar aşağı düşəcəkmi?”, “Topladığımız bal seçmək istədiyimiz ixtisasa uyğun gələcəkmi?” və s. suallar məngənəsində sıxılan abituriyentlərin gələcək taleləri məhz bu zonada həll olunur. Bu otaqlarda qəbul imtahanlarının cavablarının emalının ilkin mərhələsi həyata keçirilir. “Demək, gənclərin həyatında məhz bu otaqların rolu var…”, – fikirlərimə DİM-in Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə “nə yazıblarsa odur…”, – deyə cavab verdi: “Məqsəd nədir? Şəffaf, sürətli yoxlama prosesi həyata keçirilsin. İnsan amili qarışmasın. Qapalı tipli tapşırıqları biz 2-3 günə yoxlayıb qurtarırıq. Yazılı cavab tələb edən tapşırıqlar artıq marker-müəllimlər tərəfindən yoxlanıldığı üçün iki həftə vaxtımızı alır. Təsəvvür edin, marker-müəllimlər on min və ya yüz minlərlə tapşırığı yoxlayırlar. Ona görə bu proses vaxt aparır”.

Emal otağında
DİM əməkdaşlarının çalışdığı iki otağın birində cavab vərəqlərinin və kartlarının çeşidlənməsi, sayılması, digər otaqda elektron üzünün köçürülməsi, qrafik təsvirlərinin alınması həyata keçirilir.

Hazırda otaqlarda 13 iyulda keçirilən I-IV qrup imtahanlarının cavabları çeşidlənir. İmtahanda 34 mindən çox məzun iştirak edib. “Burada imtahana aid faylların yaradılması, oxuma prosesi həyata keçirilir. Hazırda 34 min material açılıb. Bu proses bitəndən sonra kağızlar arxiv otağına yığılır. Bu fayllar heç kimə verilmir”, – deyə DİM sədri Məleykə Abbaszadə proses haqda məlumat verdi: “Fayllar çeşidlənəndən sonra yoxlama zamanı artıq insan iştirak etmir. Elektron fayllar yaradılır və faktiki olaraq müvafiq skanerlə yazısı olan hər bir cavab kartının şəkli çəkilir. Hər bir abituriyentin nəticəsi elan olunanda bu qrafik təsvir də ona təqdim olunacaq. Skanerlər qapalı tipli tapşırıqları avtomatik yoxlayır. Marker-müəllim yoxlama prosesini aparanda şəxsin kimliyini bilməmək üçün kompüterin qabağında ad-soyadı kəsilmiş formada görür və avtomatik onu qiymətləndirir”.

Abituriyentin bir sualını ən azı iki marker-müəllim yoxlayır
M.Abbaszadə qeyd etdi ki, bir abituriyentin bir sualını ən azı iki marker-müəllim yoxlayır, uyğun gəlməyəndə 3-cü markerə göndərilir: “Bu proses tam avtomatlaşdırılıb. Markerlər həmin nəticələri sistemdə yoxlayırlar. Onlar bu prosesə öz kompüterləri ilə evlərindən qoşulurlar. Hər bir fənn üzrə kifayət qədər iş var. Təxminən iki həftə ərzində iş bitəcək. Bizim yoxlama prosesimiz tam alqoritm əsasında baş verir. İnsanın bu prosesə təsiri yalnız həmin qaydalara riayət edib meyarlara uyğun qiymətləndirməni aparmasıdır. Bu, bizim xüsusi platformamızdır və kütləvi olaraq istifadə olunur. Belə bir sistemin olması bizim mütəxəssislərimizin əməyinin nəticəsidir”.

Marker-müəllim çatışmazlığı
DİM sədrinin sözlərinə görə, marker-müəllimlərin işini də sistem özü yoxlayır: “Süni intellektə aid alqoritmlər işləyir. Hansısa marker tez-tez səhv edirsə və onun nəticəsi o biri markerin nəticəsi ilə üst-üstə düşmürsə, ona şablon cavablar göndərilir ki, yoxlasın. İşinə məsuliyyətli yanaşmayan markerləri prosesdən uzaqlaşdırırıq. Nə qədər çox müəllim bizlə əməkdaşlıq etsə, proses daha tez başa çatacaq”. DİM sədri müəyyən fənlərdən marker-müəllim çatışmazlığının olduğunu bildirdi: “İnformatika üzrə markerlərin sayı çox azdır”.

Keçid balları aşağı düşəcəkmi?
DİM sədri imtahan verən abituriyentlərin ən çox marağında olan “Keçid ballarında hər hansı dəyişiklik gözlənilirmi?” sualını da cavablandırdı: “Bu gün müsabiqəyə buraxılan şəxslərin sayı yalnız birinci cəhdin nəticəsinə görə məlumdur. İkinci cəhdin nəticəsinə görə bu şəxslərin sayı arta da bilər. Ona görə prosesə aid fikir söyləmək çətindir. Biz bunu müəyyən ixtisaslarda gözləyirik. Amma onu deyə bilərəm ki, keçid balları aşağı düşməyəcək”.

Plan yerləri necə, artacaqmı?
“Balların kəskin şəkildə artmasını gözləmirəm”, – deyə sədr cavab verdi: “Plan yerləri artır – bizdə abituriyentlərin sayı da çoxdur. Keçən illə müqayisədə biz 150-200 və ya 250 baldan yuxarı nəticə göstərən şəxslərin sayına baxmalıyıq. Keçən illə eyni səviyyədə olsa, onda ola bilsin ki, heç ballar da qalxmasın. Həmişə müsabiqə vəziyyəti yüksək olan müəyyən ixtisaslarda keçən ildəkindən daha yüksək rəqəmlər görsək, orada qalxmanı gözləyirik”.

Elektron sistemə keçid
DİM sədri imtahan prosesində süni intellektin nə dərəcədə rol oynadığından danışaraq “prosesdə yalnız süni intellektin roludur demək olmaz. Kifayət qədər mexaniki işlər var – onları robot görmür, işçi qrupu həyata keçirir”, – deyə bildirdi: “Düşünürəm ki, imtahanların bir qismi elektron imtahanlara keçəndən sonra prosesdə süni intellektin rolu kifayət qədər artacaq”. İmtahan prosesində elektron sistemə keçid isə qapıdadır. DİM sədri imtahanların mərhələli şəkildə elektron formata keçəcəyini bildirdi: “Buraxılış və qəbul imtahanlarını elektron formata keçirmək üçün biz gərək Elm və Təhsil Nazirliyi ilə birgə işləyək”.

İctimai etimad məsələsinə gəlincə, DİM sədri bildirdi ki, düzgün addımlar atılsa, etimad pozulmayacaq: “Əvvəllər insanların kompüterlərə inamı yox idi. İndi insanlar bu sahədə maarifləndirilir. Gənclər isə bu sahəni çox yaxşı bilir”.
Təranə Məhərrəmova