qizqacirtma 1

Dinimizdə “qızqaçırma” əməlinə münasibət necədir?

Baxış sayı: 649
 “Ailə quruluşu, islam dininin nəzərində elə böyük məqama və müqəddəsliyə malikdir ki, başqa heç bir şeylə müqayisə edilə bilməz. Allahın-elçisi (s) hədislərin birində buyurur: “İslamda heç bir bina (quruluş), evlənmək qədər Allah-taala yanında sevimli deyildir.” (“Mən la yəhzərühül-fəqih”, 3\383)

Ailə haqda bundan daha möhtəşəm bir kəlam söyləmək mümkün ola bilməz. Bu kəlamdan belə başa düşülür ki, ailə quruluşu, islam dinində mövcud olam bütün dəyər verilən təməl quruluşların əsası və köküdür. Çünki bu quruluş, əslində fizioloji deyil, ruhi birlikdəlikdən yaranır. İslam dininin ailə həyatına verdiyi dəyər, onun ərsəyə gəlməsində mühüm rol oynamaqla birgə, dağılmasının da, qarşısını alır. Evliliklərin uğursuzluğu və boşanmalar, evlilik davam etsə belə onun sağlam ailə mühitindən uzaq olması və ailə bağlarının möhkəm olmamasının bir səbəbi də məhz, qarşı tərəfin razılığı olmadan, zorla qurulan nikahlardır”

Bu barədə a İlahiyyat üzrə Fəlsəfə doktoru, Professional Ailə müşaviri, Həyat koçu, PhD. Əfzələddin Rəhimli danışdı. O, qeyd edir ki, buna misal olaraq zorla qaçırılaraq ailə qurmağa məcbur edilmiş qızlardır. Belə ki, razılığı olmadan qız qaçırmaq dinimizdə kəskin pislənmiş və haram buyurulmuşdur. Bunun üçün hətta özünəməxsus cəzalar da nəzərdə tutulmuşdur.

İlahiyyat üzrə Fəlsəfə doktoru, Professional Ailə müşaviri, həyat koçu Əfzələddin Rəhimli

İslam şəriətində, qadın və yaxud kişi ailə qurmaqda müstəqil və iradə sahibləridir. Kimsənin onlardan birini, yaxud hər ikisini nikaha məcbur etməməsi şərtilə, öz azad iradə və ixtiyarları ilə nikah bağlanmalıdır. Nikahın səhih olması üçün hər iki tərəfin razılığı zəruridir. Buna əsasən, istər oğlan tərəfindən zorla qaçırılmış, istərsə də valideyn tərəfindən məcbur evləndirilmiş şəxsin evliliyi batil və qeyri-qanunidir. Bu, şəriətin hökmüdür.

“Həmçinin, “qız qaçırma”da əlavə olaraq naməhrəm şəxsə haram olan müddəalar da mövcuddur ki, burada o barədə söhbət açmırıq. Burada bir amili də, unutmaq lazım deyildir ki, bəzi mentalitetlərdə hətta zorla qaçırılmış qızın zorakılıq edən şəxslə evlənməyə razı olmadığı halda, yenə də “ayıb olmasın”, “camaat nə deyər?” kimi sosial təzyiqlər nəzərdə alınaraq, onu həmin şəxslə evləndirirlər. Burada artıq qız övladları üçqat travma almış olur.

Əvvəlcə, yad bir şəxs tərəfindən fiziki və mənəvi zorakılığa məruz qalır, ikinci məqamda isə onu qorumalı olan, himayə etməli olan doğmaları tərəfindən “el-aləm nə deyər” -deyə, razı olmadığı şəxslə evlənməyə məcbur edilmiş olurlar.

Xatırladım ki, bu travmanın dəhşəti birinci travmadan daha ağırdır. Çünki birincidə qızın ona kömək edəcək doğmalarına qarşı ümidi var idi. İkinci də artıq ona kimsənin, hətta doğmalarının belə kömək edə bilməyəcəyini müşahidə edir” – deyən ilahiyyatçı bildirib ki, burada qızda cəmiyyətə qarşı da ümidsizlik və hətta nifrət oyanır. Çünki ona qarşı edilən zorakılığa cəmiyyət nəinki susur, hətta onu “qurban edir”.

– Sizcə, belə bir qızın gələcəkdə xoşbəxt ailə həyatına sahib olması nə dərəcədə mümkündür?

“Hz. Peyğəmbər (s) ailədaxili ixtilafların təməlində dayanan amillərdən birinin də, məcburi evlilik olduğuna təkid edərək buyurur: “Ruhlar, sanki hazırlanmış (təlim keçmiş) qoşunlar kimidir. Onların hansı digəri ilə (öncədən) tanış olmuş olsa, ünsiyyət tutar. Olmasa isə ünsiyyət tutmaz və aralarında ixtilaf yaranar.” (“Əl-Kafi”, 5\331) Burada evlənən şəxslərin razılığı və aralarındakı mənəvi bağın yaranmasının zəruriliyinə işarə edilir.

Başqa bir məsələ isə, valideynləri razı olmadığı üçün qızın öz istəyi ilə oğlan tərəfindən əvvəlcədən planlanmış dırnaqarası qaçırılmasıdır. Əslində bu “qaçırılma” deyil, “qaçmaq”dır. Bu məsələyə şəriət fərqli aspektdən yanaşır: İlk növbədə, diqqəti valideynin nə üçün qızın sevdiyi şəxslə evlənməsinə mane olduğunu çəkir. Dinimizə əsasən, valideyn qızın seçiminə hörmətlə yanaşmalıdır. Ona uyğun şəxslə evlənməsinə süni maneələr yaratmamalıdır. Burada islam əsas dəyər olaraq şəxsin mənəvi keyfiyyətlərini, o cümlədən; sevgi, doğruluq, sədaqət, əxlaq, qayğıkeşlik, mərhəmət, empatia və sair xüsusiyyətləri önə çəkir. Şöhrət, sərvət, məqam, zahiri gözəllik, şəhvət və sair kimi amillərin həyat yoldaşı seçimindəki əhəmiyyətsizliyini vurğulayır. Valideynlərin qızın seçimində ona yol göstərməsini, onun xeyirxahı olmasını tövsiyə edir.

Cabir ibn Abdullah Ənsarinin nəql etdiyi başqa bir rəvayətdə oxuyuruq ki; bir kişi Hz. Peyğənbərin (s) yanına gəlib, dedi: Ey Allahın rəsulu! Mənim himayəmdə bir yetim qız var. Ona iki nəfər elçi gəlib. Biri varlı, o biri isə kasıbdır. Bir qızın varılya ərə vermək niyyətindəyik. Amma o, kasıbla evlənmək istəyir. Nə edim?

Allahın elçisi (s) buyurdu: “Qızın üçün gələn elçinin var-dövlətinə əhəmiyyət vermə, bir-birilərinə könül vermiş iki aşıqın dərmanı, yalnız onların birlikdə ailə qurmasıdır.” (“Kənzül-ümmal”, 16\459)

Bu rəvayətdə, Allahın elçisi (s) hər iki tərəfin (qız-oğlanın) xoşbəxtliyi üçün gələcək həyat yoldaşlarını seçməkdə azad olduqlarını açıq-aşkar bəyan edir. Həmçinin, var-dövlətin, iki şəxsin arasında mövcud olan həqiqi məhəbbəti, sevgini və bağlılığı əvəz etmədiyini vurğulayır” – deyən professor bildirib ki, ikinci məqamda isə, dinimiz diqqəti valideynin razılığının və xeyir-duasının əhəmiyyətinə yönəldir. Burada atanın razılığı “bakirə qızın” kəbinin səhihliyində əsas amillərdən biridir. Belə olan halda, atanın razılığını almaq zəruridir.

“Əlbəttə, bəzi hallarda, ata mütləq şəkildə öz qızına şəri və ürfi baxımdan həmtay və uyğun olan şəxslərlə evlənməsinə icazə vermir, elçilərə rədd cavabı verir. Burada ata qızın evlilik məsələlərində haqqını tapdamış sayılır. Bir növ günah amilinə çevirilir. Buna görə də, artıq şəriət baxımından onun razılığı vacib sayılmır.

Dini mənbələrimizin belə şəraitdə evlənmək istəyən şəxslərə buyruğu budur: “Ata-ananın istədiyi şəxslə deyil, sevdiyin şəxslə evlən.” (“Əl-Kafi”, 5\401; “Təhzibül-əhkam”, 7\392; “Məkarimül-əxlaq”, 1\506;)

Belə olan hallarda artıq, qız razı olsa belə, bayağı formada “qız qaçırma” şəklində deyil, məsələyə istər dini, istərsə də dövlət qanunvericiliyi baxımından mədəni həll yollarından istifadə etmək tövsiyə edilir. Əlaqədar idarələrə müraciət edərək, kəbin kəsdirmək və nikah (zaks) qeydiyyatına düşməklə iki şəxs mədəni formada ailə qura bilər.

Burada sözümün sonunda, valideynlərə Hz. Peyğəmbərin (s) bir hədisini xatırlatmaq istərdim: “Dinindən, (xalq arasındakı) rəftarından razı qaldığınız şəxs sizin qızınıza elçiliyə gəldikdə, bu evliliyə razı olun. Əgər belə etməsəniz (bu evliliyin qarşısını alsanız), dünyada böyük bir fitnə-fəsada səbəb olacaqsınız”. (“Əl-Kafi”, 5\347; Təhzibül-əhkam”, 7\395; “Məkarimül-əxlaq”, 1\447)” – deyə ilahiyyatçı əlavə edir.

 

İlahin Zaman




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir