Xəbər verdiyimiz kimi, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) güzəştli mənzillərin onlayn satışı ilə bağlı DEMO-nu yenidən işə salıb.
Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz bildirir ki, bu dəfə ilk olaraq tətbiq olunan gözləmə qaydasında mənzil seçiminin də sınaq versiyası istifadəyə verilib, demo resurslar real alış və seçim proseslərinə tam olaraq uyğunlaşdırılıb:
”Ötən dəfəki satışın təcrübəsi göstərir ki, artıq bir-iki saniyə müddəti də onlayn satışda ciddi əhəmiyyət kəsb edir. Tövsiyə ondan ibarət ola bilər ki, iddiaçılar bu demo versiyalardan mümkün qədər çox istifadə etsinlər. Bundan başqa uduş sansını yüksəltmək üçün normal kompüter, yüksək keyfiyyətli internet və kompüterdə işləmək vərdişləri yetərli olan mütəxəssis köməyi lazımdır”.
O.Gündüz əlavə edir ki, sosial ev almaq istəyənlər sınaq versiyasında qısa zaman kəsiyində seçim edə bilənlərin videolarına da baxmaq lazımdır:
”Yaxşı olar ki, demo versiyasında seçim edənlər öz seçim proseslərinin videosu çəkib digərləri ilə müqayisə etsinlər. Ümid edirəm ki, MİDA bu dəfə TV-də və sosial mediada canlı yayım edəcək”.
Xatırladaq ki, satış modulunun və gözləmə qaydasında mənzil seçiminin sınaq versiyası 10 iyul 2019-cu il tarixi saat 00:00-dək aktiv olacaq. Sistem vasitəsilə aparılan əməliyyatlar hər gün saat 00:00, 02:00, 04:00, 06:00, 08:00, 10:00, 12:00, 14:00, 16:00, 18:00, 20:00, 22:00-da yenilənərək sıfırlanacaq və mənzillər seçim üçün təkrarən aktivləşdiriləcək.
Bundan başqa sınaq versiyası vasitəsilə həyata keçirilən mənzillərin seçimi təlim xarakteri daşıyır və heç bir nəticə yaratmır. Həmçinin vətəndaşlar “108” Çağrı mərkəzinə zəng edərək xidmətlə bağlı bütün suallarına cavab tapa bilərlər.
Əlavə edək ki, “Güzəştli mənzillər”in növbəti satışı 12 iyul 2019-cu il tarixində başlanacaq.