Bugünkü məqaləm disleksiya haqqında olacaq. Hansı ki, disleksiya – uşaqlarda və böyüklərdə oxuma, yazma və sözləri qavrama prosesində çətinliklərlə müşahidə olunan neyrobioloji xüsusiyyətdir. Bu, bir xəstəlik deyil; sadəcə beynin informasiyanı fərqli şəkildə emal etməsidir. Təəssüf ki, çox zaman disleksiyalı uşaqları “tənbəl” və ya “oxumağı sevmir” kimi qiymətləndirirlər. Halbuki bu, tamamilə yanlış yanaşmadır.
Disleksiyalı uşaqlar adətən ağıllı, yaradıcı və müşahidə qabiliyyəti yüksək olan fərdlərdir. Onlarda oxuma zamanı hərflərin yerini dəyişmək, səsləri səhv tələffüz etmək və ya yazıda istiqamət səhvlərinə yol vermək müşahidə olunur.
Məsələn, “b” hərfini “d” ilə, “m” hərfini “n” ilə qarışdıra bilirlər. Belə uşaqlar eşidərək və ya görərək daha rahat öyrənirlər.
Disleksiyanın yaranma səbəbləri müxtəlif ola bilər: genetik amillər, erkən uşaq dövründə nitqin gec inkişafı və ya beynin sol yarımkürəsində fəaliyyət fərqləri. Bu səbəbdən disleksiyalı uşaqlarla fərdi yanaşma çox vacibdir. Müəllimlər və psixoloqlar onların öyrənmə tərzini nəzərə almalı, vizual və audio materiallardan daha çox istifadə etməlidirlər.
Unutmayaq ki, disleksiya uşağın gələcək uğuruna mane olmur. Sadəcə olaraq ona uyğun dəstək və düzgün tədris üsulları lazımdır. Belə uşaqlar çox vaxt yaradıcı sahələrdə, elmdə və sənətdə böyük nailiyyətlər əldə edirlər.
Beləliklə, disleksiya bir problem deyil, fərqli düşünmə tərzidir. Əgər biz bu fərqliliyi qəbul edib uşaqlara anlayışla yanaşsaq, onlar da öz potensiallarını tam şəkildə göstərə bilərlər.

Disleksiyada istifadə olunan əsas texnikalar:
1) Vizual dəstək
Disleksiyalı uşaqlar vizual yaddaşla daha yaxşı öyrənirlər:
* Rəngli kartlar, şəkillər və qrafiklərdən istifadə
* Hərflərin fərqli rənglərlə yazılması (məsələn, saitlər qırmızı, samitlər mavi)
* Oxuma zamanı barmaqla və ya xəttlə izləmək
2) Qısa və mərhələli öyrənmə
Uzun və ağır tapşırıqlar uşağı tez yorur.
* Tapşırıqları kiçik hissələrə bölmək
* Hər mərhələdə kiçik nailiyyətləri tərifləmək
* “Əvvəlcə 3 söz oxuyaq, sonra oyun oynayaq” kimi motivasiyaedici yanaşmalardan istifadə
3) Oyun əsaslı öyrənmə
Oyun vasitəsilə öyrənmə uşağın diqqətini və marağını artırır:
* Hərf tapmaca oyunları (“sözün içində gizlənən hərfi tap”)
* Kart oyunları (“hansı hərflə söz başlayır?”)
* “Hərf ovçusu” – otaqda müəyyən hərfi tapmaq
Jalə Şamilova
20 nömrəli məktəb-liseyin psixoloqu












































































































































































Mənim öz uşağım da disleksiya ilə mübarizə aparır və bu cür yanaşmalar ona çox kömək edir. Hər zaman düşündüm ki, o, sadəcə “tənbəldi” amma indi başa düşdüm ki, bu, sadəcə fərqli bir öyrənmə tərzidir. Məktəbdə müəllimlər onunla daha çox vizual və audio yanaşmalarla işləyərsə, çox irəliləyə bilər. Oxumaqdan çox çətinlik çəkir, amma digər sahələrdə çox bacarıqlıdır.
Mənim oğlum da hərf və sözləri qarışdırır, amma başqa cəhətlərdə çox yaradıcıdır. Oyun əsaslı öyrənmənin də çox yaxşı nəticə verdiyini müşahidə etmişəm. Düşünürəm ki, bu cür yanaşmalarla daha çox uşağa kömək olunar.
Mən bu məqaləni oxuduqca həqiqətən də disleksiya haqqında düşüncələrim dəyişdi. Əvvəlcə sadəcə “tənbəl” kimi qəbul edirdim, amma indi bilirəm ki, bunun bir xəstəlik olmadığını başa düşmək lazımdır. Özüm də bir neçə dəfə disleksiyalı uşaqlarla işləyərək onların necə unikal düşünə bildiklərini görmüşəm. Bu tip məlumatların daha çox yayılması çox vacibdir.