onlayn ders

Distant təhsil nəyi dəyişəcək? Yoluxanlar azalsa da, təhsilin keyfiyyəti…

Baxış sayı: 807

Təhsil müəssisələrində koronavirusa yoluxma halları əhali arasında ənənəvi tədrisin yenidən distant təhsillə əvəzlənəcəyi barədə məlumatların yayılmasına səbəb olub. Təhsil Nazirliyi bunu rəsmi şəkildə təsdiqləməsə də, təhsilin iki həftə, hətta bir ay müddətinə distant formaya keçirələcəyi barədə xəbərlər yayılır. Nazirlikdən məsələ ilə bağlı müvafiq qurumlar tərəfindən qərar olduğu halda ictimaiyyətə açıqlama veriləcəyi bildirilib.

 

Bəs, görəsən ənənəvi təhsilin bir müddətlik distant təhsillə əvəzlənməsi tədrisin keyfiyyətinə necə təsir edəcək? Bu, təhsil müəssisələrində yoluxma zəncirini qıra biləcəkmi?

Təhsil üzrə ekspert Kamran Əsədov bildirir ki, hazırda Azərbaycanda fəaliyyət göstərən 4435 məktəbdə 85626 sinif var. Sentyabrın 22-də ənənəvi tədris bərpa olunandan sonra 280-ə yaxın sinif və 4 məktəb COVID-19-a yoluxma faktına görə distant təhsilə keçib:

“Görürük ki, distant təhsilə keçən siniflərin sayı 0,4% ətrafındadır. Artıq ali və orta ixtisas təhsili müəssisələrində də 14 günlük distant təhsilə keçən qruplar var. Hal-hazırda payız fəslidir və mövsümi xəstəliklər var. Amma bütün temperaturu olanlar, öskürənlər koronavirus infeksiyasına yoluxub demək olmaz. 2019-cu ilin eyni dövrünün rəsmi rəqəmlərinə baxaq. Eyni dövrdə 33897 azyaşlı uşaq qrip, yuxarı nəfəs yollarının infeksiyası, angina, sətəlcəm, bakterial dizenteriya və s. xəstəliyə yoluxub. Çox təəssüflər olsun ki, 2019-cu ildə bu və ya digər xəstəliklərdən vəfat etmiş məktəblilər də olub. Bəli, hər kəs haqlı olaraq narahatdır. Hər kəs təşviş içindədir. Hər kəs arqumentində haqlıdır. Amma mövcud vəziyyətdən valideynlərin, şagirdlərin və tələbələrin sui-istifadə etmək cəhdləri daha çoxdur”.

Magistratura imtahanlarının vaxtı uzadılacaqmı ?” – Ekspert Kamran Əsədov

K.Əsədov deyir ki, xüsusilə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri buna cəhd edir. Ekspert bildirir ki, sentyabrın 22-ə qədər mütləq əksəriyyət ənənəvi qaydada dərslərin bərpa edilməsinin tərəfdarı idi. İndi isə tam əksi baş verir. Onun sözlərinə görə, təhsil alanların böyük əksəriyyəti tədrisin onlayn rejimdə davam etməsi ilə bağlı müraciətlər edirlər:

“Hər birimiz gündəlik həyatda görürük ki, pandemiya dövrünün qaydalarına riayət olunmur. Nə ictimai nəqliyyatda, nə restoran və əyləncə mərkəzlərində, nə küçə və parklarda ara məsafə, dezinfeksiya tədbirləri görülmür. Amma bu qaydalara yeganə riayət edən təhsil müəssisələrini problem olaraq görürük. Deməli, zoopark açılandan sonra bura günlük onlayn bilet satışı min ədəd nəzərdə tutulub. Zooparkın qarşısındakı sıxlığı yəqin ki, fotolardan gördünüz. Təkcə şənbə və bazar günləri zooparka gedənlərin sayı 5 min nəfərə çatıb. “iPhone 13” mobil telefonu satışa çıxarılıb, bir dükanda olan sıxlıq ən azı bir məktəbdəki toplaşmaya bərabər idi. Həmin dükanlara giriş edənlərin sayı 1200-nəfərdən çox olub. Hər gün “mall”larda, digər istirahət və əyləncə mərkəzlərində sıxlıq yaşanır. Həftə sonları uşaq-əyləncə mərkəzlərinə gedən məktəb yaşlı uşaqların sayı 12 min nəfərdən çox olub. Bu arqument doğru deyil ki, həmən yerlərə gediş könüllü, məktəbə məcburidir. Həmin istirahət və əyləncə mərkəzlərinə övladlarını aparan və heç bir sosial məsafə qaydalarına riayət etməyən valideynlər, məktəblə bağlı narahatlıqlarını bildirirlər”.

 

Onlayn dərslər yenə problem yaradacaq…

K.Əsədovun fikrincə, əgər təhsil müəssisələrində dərslər dayandırılıb onlayn – distant tədrisə keçirilsə, 2 milyon insan hər hansı bir yoxlanılmaya cəlb edilmədən rahatlıqla ictimai nəqliyyatda, restoranda, parkda, əyləncə mərkəzlərində gəzəcək ki, bu, daha təhlükəlidir. Onun sözlərinə görə, təhsil müəssisələri fəaliyyət göstərəndə 1,6 milyon şagird, 250 min tələbə, 180 min müəllim və digər texniki işçilər hər gün yoxlanılmaya cəlb edilir, əlamət müşahidə olunan şəxslər cəmiyyətdən təcrid olunur.

Ekspertin fikrincə dərslərin bir müddətlik distant formaya keçirilməsi onlayn dərslərə qoşulmaq üçün alətləri olmayan 500 mindən çox şagird və tələbənin tədrisdən kənarda qalmasına səbəb olacaq:

“Onlayn – distant dərsləri tələb edənlərin böyük əksəriyyəti subyektiv olaraq bunu istəyir. Ya işləyirlər, ya da mövcud vəziyyətdən sui-istifadə cəhdini edirlər. Ümumilikdə isə, bu, bizim üçün virusdan daha təhlükəlidir”.

 

Çıxış yolu var…

Ekspert bildirir ki, çıxış yolu kimi aşağıdakı tədris formalarından istifadə oluna bilər:

1) Hal-hazırda olan vəziyyət qalsın. Dərslər davam etsin.

2) Kim istəyirsə, ənənəvi qaydada dərslərdə iştirak etməsin, onlar üçün onlayn – distant dərslər təşkil edilsin. Amma daha “Microsoft Teams” platformasında, kamera və mikrafonun söndürülməsi yolu ilə yox! Daha sərt nəzarət, ciddi şəkildə tədris, heç bir güzəşt olmadan. Ən azı Bakı Dövlət Universitetinin tətbiq etdiyi “BLACKBOARD” proqramı ilə. Belə ki, kamera və mikrafon bağlı olan kimi, avtomatik olaraq iştirakçıya qayıb yazılır. Müəllim də dərsdən 45 dəqiqə orta məktəbdə, 80 dəqiqə universitetdə tez çıxdıqda dərs keçirilməmiş hesab edilir, ona əməkhaqqı yazılmır. Bizim üçün tədrisin keyfiyyətinin yüksəldilməsi vacibdir.

3) İştirakçı nə ənənəvi, nə də onlayn – distant dərslərdə iştirak etmir. Özü öyrənmə yolunu seçir, amma 4 həftədən bir keçirilən dərslərdən ciddi şəkildə yoxlanılır. Əlbəttə ki, bu rüşvətxorluq hallarına yol açmamalıdır. Yoxlamanı anonim şəkildə başqa bir təşkilat həyata keçirməlidir.

Ekspert deyir ki, təhsil müəssisəsində kütləvi yoluxma varsa, uşaqlar məktəbdən valideynlərini, yaşlı insanları yoluxdurursa, həmin məktəbdə distant, onlayn təhsilə keçmək daha effektlidir:

“Amma bunun tam şəkildə bütün təhsil müəssisələrində yox, yalnız yoluxma halları baş vermiş təhsil müəssisələrində həyata keçirilməsi lazımdır. Yəni hansı məktəbdə, kollecdə, universitetdə yoluxma halları varsa, yalnız o məktəblərdə tədrisi onlayn qaydada həyata keçirmək lazımdır”.

Mütəxəssis onu da bildirir ki, onlayn dərslər şagirdlərə fiziki, psixoloji problemlər yaradır. Yenidən tədrisdə qapanmaya getmək isə ciddi fəsadlar yaradacaq. Onun sözlərinə görə, şagirdlərin sonradan məktəblərə cəlb edilməsində problem olacaq. Bundan başqa, onların qrafikləri ciddi şəkildə pozulacaq.

Həmsöhbətimiz bildirir ki, məktəb direktoru şagirdlərin təhlükəsizliyini, sağlamlığını ön planda saxlamalıdır. Çünki təhsil müəssisələrinin bağlanması şagirdlərə həm mənəvi, həm də psixoloji təsir edir.

Xəstəliyi yüngül formada keçirənlər 10, ağır keçirənlər isə 20 gündən sonra praktiki olaraq başqalarını yoluxdurmurlar - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Məktəblərdə yoluxma olsa da, bu, təhlükə yaratmır…

İnfeksionist Fərrux Sədirov isə bildirir ki, şagird və tələbələr, eləcə də təhsil işçiləri arasında yoluxma zəncirini qırmaq üçün təhsilin məsafədən təşkili effekt verə bilər. Amma bunun üçün əvvəlcə araşdırma aparılmalıdır:

“Əvvəlcə araşdırma aparılmalıdır ki, yoluxma daha çox harada yayılır? Təhsil müəssisələrində yoluxmanın statistikası hazırlanmalıdır. Əgər doğrudan da təhsil müəssisələrində toplaşma virusun yayılmasına səbəb olursa, bu zaman təhsilin bir neçə həftəlik distant formaya keçirilməsi yoluxmanı azalda bilər”.

F.Sədirov bildirir ki, təhsil işçiləri, eləcə də tələbələrin vaksin olunması onlar arasında COVID-19-a yoluxma olsa belə, ciddi təhlükə yaratmır:

“Çünki, iki doza vaksin 70% yoluxmadan qoruyur. Ölüm riskini isə kəskin azaldır. Bu baxımdan təhsil müəssisələrində yoluxma o qədər də ciddi narahatlıq yaratmır”.

Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası

İki həftə fasilə kifayət edəcək?

Azərbaycan Tibb Universitetinin (ATU) Uşaq Xəstəlikləri kafedrasının müdiri Nəsib Quliyev bildirir ki, təhsil müəssisələrində virusa yoluxma uşaqlar arasında da qeydə alınır. Bəzən isə uşaqlar virusu gizli keçirdiklərindən onlar xəstəliyi elə gizli formada da yayırlar:

“Uşaqlar arasında koronavirusa yoluxmanı aşkarlamaq çətin olur. Məktəb yaşlı uşaqlar xəstəliyi bəzən heç bir əlamət olmadan keçirirlər. Ona görə də, tədrisin ən azı iki həftəlik distant formada təşkili imkan verə bilər ki, virusa yoluxub bunu heç bir əlamət olmadan keçirənlər COVID-19-u ətrafa yaymasınlar. İki həftə virusun yayılmasının qarşısını almaq üçün effektli müddətdir. Bununla təhsil müəssisələrində yoluxma sayını azaltmaq və artmasının qarşısını almaq mümkündür”.

Qeyd edək ki, artıq bir neçə gündür ki, orta və ali təhsil müəssisələrində koronavirusa yoluxma ilə bağlı məlumatlar yayılır. Hətta son günlər ali təhsil müəssisələrində yoluxma qeydə alınan qruplar bağlanır. Ümumtəhsil müəssisələrinin isə bir neçəsi tam distant təhsilə keçib. Bu gün paytaxtda daha bir məktəb, 245 nömrəli tam orta məktəb distant təhsil formasına keçib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, 245 nömrəli tam orta məktəbin 12 müəllimi və 5 şagirdinin COVİD-19 infeksiyasına yoluxması təsdiq olunub. Həmçinin COVID-19 testi pozitiv çıxan şagirdlərlə digər şagirdlərin təmasda olması qeydə alınıb. Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 245 nömrəli məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.

Azərbaycan Dövlət Pedaqoji Universitetində 14 qrup distant təhsilə keçib. Bu barədə Universitetin mətbuat xidmətinin rəhbəri Cavid Hüseynov bildirib. Onun sözlərinə görə, Universitetdə 8 fakültənin hər birində tələbələr arasında koronavirus infeksiyasına yoluxma var:

“14 qrupun hər birində 1 tələbə yoluxduğu üçün həmin qruplar distant təhsilə keçib”.

Bakı Mühəndislik Universitetində (BMU) təhsil alan tələbələrin 3 nəfərində koronavirus əlamətləri aşkarlanıb. BMU-dan bildirilib ki, həmin tələbələr dərhal nəzarətə götürülüb, müvafiq tibb mərkəzinə müraciət olunub və analizlər götürülüb:

“Hər 3 tələbədə yoluxma aşkarlanıb və 14 gün müddətinə onların dərslərdən kənarlaşdırılması qərarı verilib. Hazırda koronavirus aşkarlanan tələbələrin təhsil aldıqları qruplar nəzarətdə saxlanılır və əlavə hər hansı yoluxma qeydə alınmayıb”.

Qeyd edək ki, Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti və Azərbaycan Texniki Universitetində yoluxma səbəbindən bir neçə qrup distant təhsilə keçib.

 

Zülfiyyə Quliyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir