imtahan

Doğru universiteti necə seçmək olar? – EKSPERT MƏSLƏHƏTİ

Baxış sayı: 354

Avqustun ilk ongünlüyündə Azərbaycanda abituriyentlər öz ixtisas qrupları üzrə universitet və fakültə seçməli olacaqlar. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul olmaq üçün 99 403 abituriyent sənəd verib ki, bu da ötən illə müqayisədə xeyli çoxdur.

Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, bu seçim bir çox amillərdən və şəxsi prioritetlərdən asılıdır. Amma ümumilikdə yaxşı universitet seçərkən bəzi kriteriyaları nəzərə almaq lazımdır:

kamran esedov

“İlk növbədə, təhsil müəssisəsinin hansı akademik proqramları təklif etdiyini öyrənməlisiniz. Məsələn, orada hansı ixtisaslar tədris olunur, təlim nə dərəcədə keyfiyyətlidir? Bu baxımdan dünya liderləri Harvard və Oksford kimi universitetlərdir”.

Ekspert bildirir ki, universitetdə tələbələrin tədqiqat aparması üçün imkanların və infrastrukturun olması mühüm amildir. Güclü tədqiqat imkanlarına malik universitetlər tələbələrə innovativ layihələrdə iştirak etmək imkanı verirlər.

“Professor-müəllim heyətinə də diqqət yetirmək lazımdır. Tədrisin keyfiyyəti universitetdə hansı səviyyədə təcrübəli və tanınmış müəllimlərin işləməsindən asılıdır. Təbii ki, konkret universitetin məzunlarının məşğulluq göstəricilərini də nəzərdən qaçırmamaq lazımdır. Məhz bu amil bir növ göstəricidir”, – mütəxəssis bildirib.

Ekspert bildirir ki, universitetdə tələbələr üçün yaradılan imkanlara da diqqət yetirilməlidir. Bura akademik məsləhətlər, karyera inkişafı xidmətləri, kitabxana, tələbə klubları aiddir.

ixtisas secimi

Universitetin beynəlxalq reytinqi

“Bəlkə də nəzərə alınmalı ən vacib məqamlardan biri universitetin beynəlxalq reytinqlərə (QS World University Rankings, Times Higher Education) daxil olmasıdır”, – Əsədov bildirib.

Mütəxəssis Bakı Dövlət Universiteti, ADA Universiteti, Azərbaycan Pedaqoji Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetini Azərbaycanda ən rəqabətədavamlı olanları hesab edir.

Dövlət İmtahan Mərkəzindən “Sputnik Azərbaycan”a verilən məlumata görə, ötən il Azərbaycan və rus bölmələrinin abituriyentləri arasında ən çox tələb olunan ixtisaslar aşağıdakılar olub: neft-qaz mühəndisliyi (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti); maliyyə (Azərbaycan Dövlət İqtisad Universiteti); xarici dil müəllimi (İngilis dili, Azərbaycan Dillər Universiteti); tibb (Azərbaycan Tibb Universiteti); dizayn (Azərbaycan Dövlət İqtisad Universiteti).

Üstəlik, ötən il qəbul imtahanlarında yüksək bal toplamış Neftçala, Salyan, Qusar, Qax, Siyəzən, Qazax rayonları və Bakı şəhərinin oğlan abituriyentləri daha çox texniki ixtisaslar qrupunu seçiblər.

Amma Quba, Xaçmaz, Şamaxı, Abşeron, Şuşa, Masallı, Lənkəran, Lerik rayonlarından, eləcə də Bakının Nizami və Suraxanı rayonlarından olan qızlar daha çox humanitar ixtisaslara üstünlük veriblər.

 

Zarina Orucəliyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir